Əsas Səhifə > Partiya, Güney Press > "Rəsul Quliyevin müxalifət barədə işlətdiyi sözlər onun yaşına-başına yaraşmayan bir ədəbsizlik idi"
"Rəsul Quliyevin müxalifət barədə işlətdiyi sözlər onun yaşına-başına yaraşmayan bir ədəbsizlik idi"18-01-2023, 09:06 |
Parlamentin eks-spikeri Rəsul Quliyev Musavat.TV-yə müsahibəsində Azərbaycan müxalifətinə, siyasi partiyalara qarşı ağır ittihamlar səsləndirib və onları xəstə adlandırıb: “İstəyərdim ki, onlar sağalsın. Əgər belə getsə, onlar xəstə də öləcək”. Məlumdur ki, sabiq parlament sədri haqqında ötən əsrin 90-cı illərində açılmış cinayət işi istintaqdan yayınması ilə əlaqədar dayandırılıb, barəsindəki axtarış və həbs qərarı isə dəyişdirilməyib. O, həm də uzun müddətdir ki, müxaliflik etmək fikrindən daşınıb, çoxsaylı açıqlamalarında hakimiyyətə reveranslar edib. Rəsul Quliyev Azərbaycan Prezidenti haqqında “İlham Əliyev Azərbaycan xalqının qəhrəmanıdır” ifadəsini işlətməklə keçmişdəki bütün umu-küsülərinin üstündən xətt çəkdiyini göstərir. İlin sonunda belə ehtimallar da var idi ki, sabiq spiker də digər keçmiş hakimiyyət kolleqaları kimi bağışlana, 2023-cü ildə onun ölkəyə dönüşünə şərait yaradıla bilər. Rəsul Quliyevin müxalifətlə münasibətləri son illər həmişə gərgin olub və bu cür münasibət yeni deyil. R.Quliyevin budəfəki hücumunu nə ilə izah etmək olar? Sabiq spiker ölkəyə qayıdacağı təqdirdə müxalifət düşərgəyə qoşulmayacağı mesajınımı vermək istəyir? AĞ Partiya başqanı Tural Abbaslı sərt cavab verdi: “Rəsul Quliyevin müxalifət barədə işlətdiyi sözlər onun yaşına-başına yaraşmayan bir ədəbsizlik idi. Bu qədər dövlət strukturlarında işləmiş, dövlət ədəbinı bilən adamın, heç bir fərq qoymadan müxalifətə xəstə deməsi onun ədəbsizliyindən irəli gəlir. Azından fikirlərinin ya köhnələrə, ya da yenilərə aid olması barədə nələrsə deyə bilərdi. Görünür, hələ də 90-cı illərdə qalıb. Yaş artdıqca insanda beyin hüceryələrinin sıradan çıxması halları yaşanır. Rəsul Quliyevdə bunun təsiri ola bilər. Mən də onun tərəfdarıyam ki, Rəsul müəllim hakimiyyətlə barışsın və gəlib yaşlı vaxtlarını öz vətənində yaşasın, öz qohum-əqrəbaları ilə birlikdə olsun. Heç kəsin sürgündə yaşamasının tərəfdarı deyiləm. Əvvəlki kolleqaları kimi bəlkə də iqtisadi əfvə də məruz qaldı, buradakı mülkləri geri qaytarıldı. Zatən gələndən sonra müxalifətçilik etməyəcəyini dəqiq bilirik. Çünki gəlsə belə, razılaşıb gələcək, razılaşmış insan da müxalifətçilik etməz. Açığı, düşünmürəm ki, müxalifətin Rəsul Quliyevin bilik və bacarıqlarına ehtiyacı olsun. Ölkəmizdə hazırda kifayət qədər bilik və bacarıqları olan, təşkilati işləri bilən müxalifətçilər var”. ALDP rəhbəri Fuad Əliyev R.Quliyevə haqq verir: “Müxalifətə "xəstə" deyən Rəsul Quliyevin kimi nəzərdə tutduğu hamıya aydındır. 90-cı illərdən qalan, nə təfəkkürü, nə də ki, davranışları dəyişməyən bəzi və məlum partiya sədrləri nəzərdə tutulur. Rəsul Quliyev praqmatik insandır. Nəyi düz deməyib? “İlham Əliyev Azərbaycan xalqın qəhrəmanıdır” deyib. Bəli, İlham Əliyevin Ali Baş Komandan kimi “irəli” əmrini verməsi ilə tarixi qələbə qazandıq. Mənim fikrimcə, Rəsul Quliyev onlara hücum etmir. Onları yaxından tanıdığına görə öz bildiyini deyir. Bir də ki, müxalifət bəyəm səhvsiz ola bilməz? Əlbəttə ki, müxalifətin bu illər boyu N qədər səhvi olub. Səhvi başa düşmək və düzəltmək üçün ağıl lazımdır. O da ki, bunlarda yoxdur. Rəsul Quliyev 2013-cü ildən çəkilib qırağa və kənardan Azərbaycanda gedən proseslərə bir ağsaqqal kimi açıq və səmimi şəkildə fikirlər bildirir. Bəzi partiya sədrləri kimi emosiya, populist fikirlər söyləməyib. Düşünüb, situasiyanı analiz edəndən sonra fikir söyləyib. İnanmıram ki, Rəsul Quliyev Vətənə qayıdandan sonra yuxarıda qeyd etdiyim müxalifətə qoşulacaq. Rəsul Quliyev siyasətdə gənclərə üstünlük verməyin tərəfdarı olub. Və öz hərəkəti ilə də bunu nümayiş edib". Sabiq spikerin Azərbaycandakı nümayəndəsi sayılan Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu R.Quliyevin fikirlərindən sonra yaranan gərginliklə bağlı geniş danışdı: “İlk öncə qeyd edim ki, siz sualda ciddi yanlışlığa yol vermisiniz. Rəsul Quliyevə açılmış saxta cinayət işi sualda bəhs etdiyiniz kimi "istintaqdan yayınması səbəbindən" dayandırılmayıb. Bu A-dan Z-yə yanlış yanaşmadır. Rəsul Quliyevə açılmış qondarma cinayət işi onun icra müddəti bitməsi səbəbindən dayandırılıb. Məsələnin digər tərəfinə gəldikdə, mahiyyət etibarı ilə qurama cinayət işi olduğundan onun heç bir perspektivi də yox idi. Məhz mahiyyət etibarı ilə saxta cinayət işi olması səbəbindən də 2005-ci ildə Ukraynada Rəsul Quliyev saxlanılan zaman Azərbaycana ekstradisiya edilmədi. Eyni zamanda beynəlxalq polis (“İnterpol”un) baş ofisi 2016-cı ildə Rəsul Quliyevə zamanında açılmış cinayət işini mahiyyətsiz hesab edərək onun adını məlum sistemdən çıxartdı. Rəsul Quliyev 1993-cü ilin dövlət çevrilişinin qarşısının alınmasında, prezident Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsində, 1994-cü ilin oktyabr çevrilişinin qarşısının alınmasında, eyni zamanda 1995-ci ilin mart qiyamının yatırılaraq dövlətçiliyimizin oturuşmasında, müstəqilliyimizin qorunmasında müstəsna xidmətləri olan şəxsdir. Rəsul Quliyev o şəxsdir ki, ümummilli lider Heydər Əliyevlə birgə Azərbaycan Konstitusiyasının yazılmasını həyata keçirib. Bunları xatırlatmam əbəs deyil. Ümid edirəm ki, fikirlərim aydın oldu. Sualınızın ikinci hissəsinə gəldikdə isə onu deyə bilərəm ki, burada da hesab edirəm ki, qərəz var. “Rəsul Quliyev uzun müddətdir ki, müxaliflik etmək fikrindən yayınıb” məntiqinizi başa düşmədim. Müxalifətçi olmaq hər bir görülən işi qara rəngdə görməkdən, iqtidarın uğurla həyata keçirdiyi layihələri danmaqdan ibarətdirsə, o zaman siz deyən olsun. Rəsul Quliyev kifayət qədər yetkin siyasətçidir. Onu primitiv siyasətçilərin, xüsusilə də Rəsul Quliyevin özünün də dediyi kimi, hansısa kənd müxbirinin, komsomol katibinin primitiv və pafosa xidmət edən çıxışları ilə müqayisə edirsinizsə, böyük yanlışa yol verirsiniz. Rəsul Quliyev hər zaman həqiqətləri dilə gətirən, pafosla danışmayan və kütlənin xoşuna gəlmək üçün müsahibə verməyən şəxsdir. O, həqiqətləri bəlkə də olduğu kimi dilə gətirməkdən çəkinməyən tək-tük dövlət adamlarından biridir. Hesab edirəm ki, heç kim həqiqətləri söyləməkdən çəkinməməlidir. Məgər Rəsul Quliyevin məlum müsahibəsində yanlış var? 30 ildir özünə müxalifət deyən AXCP-Müsavat cütlüyü haqqında dedikləri yanlışdır? Onların apardıqları siyasətin yanlış olduğunu görmək elə də çətin deyil. Məhz aparılmış inkarçılıq və yanlış siyasətin nəticəsidir ki, AXCP daxilindən 10-dan artıq, Müsavat daxilindən də 5 partiya çıxıb. Onların apardığı uğursuz siyasət onları faktiki cırtdan partiyalar sırasına gətirib çıxardıb. Bunlar yalandır məgər? Rəsul Quliyevin “İlham Əliyev Azərbaycan xalqının qəhrəmanıdır!” fikrində bəlkə yalan, şişirtmə var? Məgər belə deyil? Küçədə sadə sorğu keçirsəniz bunun siz də şahidi olarsınız. İlham Əliyev Qarabağı azad etmiş, bir cəbhədə İranla, bir cəbhədə Rusiya ilə, digər cəbhədə Fransa ilə (hələ bunlar açıq görünən cəbhələrdir) diplomatik zəfərlər əldə etmiş böyük şəxsiyyət, güclü siyasət adamıdır. Bunu görmək kimlər üçünsə ağırdırsa, bu artıq onların problemidir. Bəli, Rəsul Quliyev Prezident İlham Əliyevin oponenti olub və bu bu gün də belədir. Amma bu o demək deyil ki, rəqibin böyüklüyünü danasan, inkarçı olasan və dövlətimizin güclənməsi, xalqımızın zəfər əldə etməsini və digər məharətlə həyata keçirilmiş önəmli işləri inkar edəsən, danasan. Nə var, nə var bütün bu uğurlara rəqib hesab etdiyin şəxs imza atıb... Bu nə məntiqdir? Heç bir zaman rəqibi kiçiltmək doğru deyil. Bu elə sənin kiçilmən deməkdir. Rəsul Quliyevlə digər naftalin iyi verən “liderlər” arasındakı fərq də məhz budur. Xırda düşüncəli və özünü inkişaf etdirməyən həmin xəstə təfəkkürlü “liderlər” və ətrafları Rəsul Quliyevin Prezident İlham Əliyev haqqında söylədiyi səmimi və həqiqətdən ibarət sözləri bəzəməyə, öz xislətlərinə uyğun yozmağa çalışırlar. Amma əbəsdir. Satılmağa öyrəşmiş bu şəxslər hər səmimiyyət arxasında öz xislətlərinə uyğun nəsə axtarırlar. Belə də davam etsinlər... Bu onların seçimidir və yaşam tərzidir. Amma unutmasınlar ki, İlham Əliyev o şəxsiyyətdir ki, onların iqtidarı dövründə qoruyub saxlaya bilmədikləri torpaqlarımızı işğaldan azad etdi. Bu da öz növbəsində, Rəsul Quliyev demiş, böyük qəhrəmanlıq idi. Öz iqtidarını təhlükəyə ataraq bu böyük, lakin şərəfli yola çıxmaq sözün həqiqi mənasında qəhrəmanlıq idi. Hesab edirəm ki, siyasətdə nə əbədi dostluq, nə də əbədi düşmənçilik var. Dövrün tələblərinə uyğun olaraq dövlətin və xalqın ümummilli maraqları naminə aparılan siyasət var. Zamanla bunun şahidi olmuşuq. Prezident İlham Əliyev 2003-cü ildə Prezidentlik fəaliyyətinə başlayanda rəhmətlik atasının komandası ilə işləyəcəyini bəyan etmişdi. Doğrudur, bu proses 2018-ci ilədək davam etdi. Amma cənab Prezident də siyasətini dəyişdi, böyük və tarixi islahatlara başladı. Bu gün həmin komanda demək olar ki, tamlıqla dəyişib. Və ya götürək qardaş Türkiyəni. Zamanında Rəcəb Tayib Ərdoğanı ən sərt ritorika ilə tənqid edən, hədəf seçən Dövlət Baxçalı bu gün Ərdoğan cənablarının müttəfiqidir. Nə üçün? Heç şübhəsiz ki, dövlətinin və xalqının parlaq gələcəyi üçün! Söhbət o partiyanın sədrindən gedir ki, həmin partiyanın (MHP-nin) 15 milyard dollardan çox şəxsi büdcəsi və əmlakı var. Rəsul Quliyevin müxalifətlə son illər münasibətlərinin gərgin olmasına gəldikdə, hesab etmirəm ki, bu belədir. Onun müxalifətdə və ziyalılar arasında kifayət qədər dostları və yaxın təmasda olduğu insanlar var. Burada qəribə nəsə yoxdur. Hesab edirəm ki, müşahidələriniz yanlışdır. Rəsul Quliyevin zombi xislətli və feyk trol şəbəkəsi saxlayan inkarçı xəstələrlə münasibəti soyuqdur, bu da onların xəstə siyasəti səbəbindən qaynaqlanır. Hesab edirəm ki, Rəsul Quliyevin məlum mövqeyini “son hücum” kimi qiymətləndirmə doğru deyil. Həqiqəti söyləmək nə vaxtdan hücum hesab edilir..? Son olaraq Rəsul Quliyevin “bağışlanma və gəlmək” mövzusunu da yanlış qiymətləndirirəm. İlk öncə onu deyə bilərəm ki, belə bir məsələ bizim gündəmimizdə yoxdur. Eyni zamanda, hər halda, bilirsiniz, Azərbaycan Respublikası Milli Məclisi Sədrinin və sabiq sədrlərinin konstitusiya ilə qorunan hüquqları mövcuddur. Bu hüquqdan biri də ömürlük diplomatik pasportla təmin edilməsi hüququdur. Rəsul Quliyev də Azərbaycan Respublikası Milli Məclisinin ilk sədri olaraq bu hüququ özündə saxlayır. Düşünürəm ki, Rəsul Quliyevin diplomatik pasport sahibi kimi toxunulmazlığı bu gün də qüvvədədir və onun Azərbaycana gəlməsində hər hansı bir maneə yoxdur. Amma və lakin bu məsələ bizim gündəliyimizə daxil deyil və belə bir plan, arzu, istək mövcud deyil..." “Yeni Müsavat” Geri qayıt |