Əsas Səhifə > Partiya, Güney Press > “Oğurlanan 1 milyard dollardan söhbət gedir və heç kəsin səsi çıxmır”

“Oğurlanan 1 milyard dollardan söhbət gedir və heç kəsin səsi çıxmır”


19-01-2023, 09:56
“Oğurlanan 1 milyard dollardan söhbət gedir və heç kəsin səsi çıxmır”
Baş nazirin birinci müavini Yaqub Eyyubovun oğluna məxsus olduğu deyilən bir milyard dollar vəsaitin Riqa bankında dondurulması haqda xəbər cəmiyyətdə şok effekti yaradıb. Maraqlıdır ki, Yaqub Eyyubov hökumətdə müdafiə nazirliyinin fəaliyyətinə nəzarət edən əsas adamdır. Onu tez-tez MN-nin təlimlərində, başqa tədbirlərdə görmək olur.

Qeyd edək ki, yerli mətbuatdan yayılan bu xəbərin təsdiq, ya da təkzib olunmasını xahiş edən jurnalistə Baş nazirin müavinin cavabı lakonik olub. Jurnalistin sualına cavab olaraq Yaqub Eyyubov, ”Nə pul, nə bir milyard… Kim deyir bunu?” deyərək, telefonun dəstəyini asıb.

Baş nazirinin birinci müavini Yaqub Eyyubovun və oğlunun adının xarici bankda bir milyard dollar vəsaitin dondurulması xəbərində hallanmasına rəsmi münasibət bildirməməsini necə dəyərləndirmək olar və bu hadisə Azərbaycanda korrupsiyanın səviyyəsini necə göstərməkdədi? Mövzunu PİA.az-ın əməkdaşı AĞ Partiya sədri Tural Abbaslı ilə müzakirə edib.

Az qala Azərbaycan büdcəsinin onda biri qədər pulun oğurlanaraq ölkədən çıxarıldığını vurğulayan partiya sədri PİA.az-a açıqlamasında qeyd edib ki, əgər xəbər yalandırsa, desinlər xəbər yalandır və məlumatın mənbəyi təkzib edilsin:

“Baş nazirin birinci müavini Yaqub Eyyubovun oğlunun adına bu məbləğdə pulun haradasa olmasının özü şübhə doğuran, araşdırılmalı olan məsələdir. Çünki Azərbaycanda hər hansı bir Azərbaycan vətəndaşının 1 milyard dollara yaxın məbləğdə pulunun olması şəksiz araşdırma predmeti olmalıdır. İstər Azərbaycanın vergi orqanları, istərsə də korrupsiyaya qarşı mübarizə idarəsi bu məsələni araşdırmalıdır. Dünya iqtisadiyyatının neçə faizini özündə cəmləşdirən Avropa İttifaqı ölkələrində adi bir vətəndaş bank hesabında birdən birə milyon yarım pul peyda olanda həmin adam haqqında araşdırma başlanılır. Araşdırılır ki, bu pulun mənbəyi haradandır və nə məqsədlə hesaba gəlib, hansı məqsədlə gəlib və s.

Amma 1 milyard dollar məbləğində pulun varlığı haqqında söhbət gedir və baş nazirin birinci müavini məsələyə hələ də reaksiya verməyib. Eyni zamanda nə Nazirlər Kabinetinin, nə hüquq-mühafizə orqanlarının, nə də Yaqub Eyyubovun oğlunun məsələyə reaksiyası yoxdur. Əgər mediada hər hansı bir məlumat gedirsə, bu artıq hüquq-mühafizə orqanlarının araşdırmaya başlaması üçün bir sıqnal, əsas olmalıdır. Bu qanunda da təsdiq olunub. Amma bu günə qədər nə Korrupsiya qarşı Mübarizə İdarəsindən, nə Dövlət Korrupsiya Kommisiyasından məsələ ilə bağlı bir kəlmə belə eşitməmişik.

Amma bütün günü xəbər yayırlar ki, Baş prokurorluq yanında Korrupsiya İdarəsi hansısa rayonda tibb bacısını 30 manat rüşvət alanda tutdu. Amma indi dövlətdən oğurlanan və ölkədən çıxarılan 1 milyard dollardan söhbət gedir və heç kəsin səsi gəlmir. Az qala Azərbaycan büdcəsinin onda biri qədər pul oğurlanıb. Əgər xəbər yalandırsa, çıxıb desinlər ki, xəbər yalandır və məlumatın mənbəyi təkzib edilsin.

Azərbaycan sosial problemlər içində qıvrılarkən, sosial yardım almaq üçün rayonlarda yüzlərlə ailə gecə-gündüz dövlət idarələrinin qarşısında keşiş çəkərkən hansısa bir məmur övladının hələr bir bank hesabında 1 milyard dollar olduğu iddiası irəli sürülür. Azərbaycan nə boyda yerdir və nə qədər gəliri var ki, bunun naziri milyarder, nazir müavini milyarder, nazir müavininin oğlu milyarder, Naxçıvanın sədri milyarder, onun oğlu milyarder olur? Buna görə camaat acından ölür”.

Geri qayıt