Əsas Səhifə > Partiya, Güney Press > ""Tərtər işi" ilə bağlı həbslərdə qəsdən adam öldürmə ittihamı yoxdur"

""Tərtər işi" ilə bağlı həbslərdə qəsdən adam öldürmə ittihamı yoxdur"


23-01-2023, 09:37
""Tərtər işi" ilə bağlı həbslərdə qəsdən adam öldürmə ittihamı yoxdur"
“13 aydan sonra Tərtərdə 2017-ci ildə törədilmiş qətliama dair başladılan təkrar istintaq başa çatır və iş tezliklə məhkəməyə göndəriləcək. Bu haqda zərəçəkmişlərə Baş Prokurorluqdan rəsmi məlumat verilib. İttihamların hansı maddələrlə verilməsi də artıq aydındır.
İttihamda göstərilən maddələri sadalamadan bildirim ki, həbs olunmuş cinayətkarların heç birinə AR CM-nin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) üzrə ittiham verilməyib. Burdan da belə qənaətə gəlmək olur ki, öldürülmüş 14 hərbçimizin hamısı ya ehtiyatsızlıq üzündən, ya da elə durduqları yerdə ölüblər”.
DİA.AZ Yeniavaz.com-a istinadla xəbər verir ki, bunu təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu özünün feysbuk hesabında yazıb.

“Təbii ki, dövlətə xəyanət, cinayətkar dəstə və ya birlik yaratmaq, terrorçuluq və soyqırım ittihamlarından isə heç söhbət belə gedə bilməz. Halbuki dəfələrlə qeyd etdiyim kimi Azərbaycan ordusuna, onun hərbçilərinə, xalqına qarşı törədilmiş "Əsrin cinayətində" bütün bu əməllərin əlamətləri var.
Bəlkə də kimsə soyqırım ittihamına skeptik yanaşa bilər, odur ki, çalışıb buna aydınlıq gətirək. Qatillərin işgəncələrə məruz qalan hərbçilərimizin mütləq əksəriyyətini müxtəlif alətlərlə zorlaması, onların cinsiyyət orqanlarına davamlı şəkildə elektrik cərəyanı verməsi zərəçəkmişlərin çoxunun sonsuzluğuna səbəb olub.
Bunun isə alman faşistlərinin işğal etdikləri bəzi ərazilərdə insanları sterilləşdirməsindən heç bir fərqi yoxdur. Yeganə fərq tətbiq olunan metodlardadır. Hər iki halda məqsəd insanları reproduktiv funksiyadan məhrum etmək olub. Bunun adı isə soyqırımdır. Yəni, müəyyən əhali qrupunun artımının qarşısını məqsədli şəkildə almaq.
Bəli, Tərtər qətliamı zamanı Azərbaycan xalqına qarşı mənəvi və fiziki soyqırım aktı törədilib. Törədilmiş vəhşiliklər haqqında da azı son iki il ərzində zərəçəkmişlərin öz dilindən ölkə əhalisinin heç olmazsa tən yarısı eşidib. Bu da artıq kiminsə nəsə yazması və ya danışması deyil. Odur ki, onların üzərində dayanmağa ehtiyac qalmır”, - Ə. Oruclu bildirib.
Ekspertin fikrincə, cinayət işinə dair həbs olunanlar arasında iki yüksək rütbəli zabitdən (general-mayor Bəkir Orucov və polkovnik Vüsal Ələsgərov) savayı qalanlarının hamısı sıradan icraçılardır:
“Halbuki həmin siyahıda ən azı Tərtər qətliamının törədilməsində açar fiqurlar olan Hikmət Həsənov və Xanlar Vəliyev mütləq olmalı idi.
Mən hələ müdafiə naziri Zakir Həsənovu, Baş Qərargah rəisi Nəcməddin Sadıkovu, digər generalları və keçmiş Baş Prokuror Zakir Qaralovu, onun birinci müavini olmuş Rüstəm Usubovu demirəm. Amma sadalanan şəxslərdən biri də nəinki həbs olunmadı, hətta istintaq tərəfindən sorğulanmadı da.
Halbuki onlarla yanaşı cinayətin törədilməsinə yol açmış 7 may 2017-ci il tarixli dörd qurum (MN, Baş Prokurorluq, DTX və DİN) tərəfindən verilmiş bəyanata görə onların rəhbərləri də sorğulanmalı idi. Haşiyə çıxım ki, sadalanan işlərin görülməməsi heç də Baş Prokurorluğun və onun istintaq qrupunun günahı deyil.
Onlara qarşı ittihamlar yalnız qanunun aliliyi təmin olunduğu şəraitdə irəli sürülə bilərdi. Bu qurumlar isə üzərlərinə düşən işi görüblər. Daha doğrusu, siyasi hakimiyyət tərəfindən onların üzərinə qoyulan işi. Bəli, hüquq mexanizmlərinin işləmədiyi şəraitdə bütün səlahiyyətlər yalnız siyasi hakimiyyətə məxsus olur.
Amma tək səlahiyyətlər deyil, onlara görə məsuliyyət də. Başqa sözlərlə, bundan sonra Tərtər qətliamının hüquqi yolla həll edilməməsinə, Azərbaycan qanunlarının sabotaj edilməsinə, xalqa və onun ordusuna qarşı törədilmiş cinayətlərə (o cümlədən soyqırıma) görə məsuliyyət yalnız siyasi hakimiyyətin üzərinə düşür.
Bu da öz növbəsində o deməkdir ki, "Tərtər işi" siyasiləşir. Daha doğrusu siyasiləşdirilir və bunu edən də siyasi hakimiyyətin özüdür. Amma bu, vəziyyəti aydınlaşdırmaqla yanaşı yüngülləşdirmir, daha da ağırlaşdırır. Çünki əvvəlki ehtimal və mülahizələrdən fərqli olaraq bu gün tam aydın olur ki, qatilləri himayə edən siyasi hakimiyyətdir.
Bunun səbəbləri haqda ayrıca danışılacaq və yazılacaq. İlk gündən Tərtər qətliamının istintaqının qanun çərçivəsində və ədalətli aparılacağına inam yox idi, amma ümid vardı ki, məhz həmin siyasi hakimiyyət ölkə tarixində törədilmiş ən qanlı və ən iyrənc cinayətin hüquqi yolla çözülməsində maraqlı olacaq.
Çox sadə səbəbdən: Tərtər qətliamı hüquqi qiymətini almadıqca o, siyasi hakimiyyətin aktivində qalan açılmamış çoxsaylı cinayətlərdən biri olacaq. Amma digərlərindən fərqli olaraq həm də soyqırım, xəyanət və terror əlamətləri olan cinayət kimi. Görünür, hakimiyyət bununla razılaşdı. Anlaşılandır, islanmışın yağışdan qorxusu olmaz”.

Geri qayıt