Əsas Səhifə > Partiya, Güney Press > "Törədilmiş terror aktının təhlükəsizlik məsələsinə də aidiyyəti var"

"Törədilmiş terror aktının təhlükəsizlik məsələsinə də aidiyyəti var"


28-01-2023, 08:50
"Törədilmiş terror aktının təhlükəsizlik məsələsinə də aidiyyəti var"
Politoloq Eldar Namazov Azərbaycanın İrandakı səfirliyində törədilmiş terror aktının səbəbləri və mümkün nəticələri ilə bağlı Cebhe.info-nun suallarını cavablandırıb. DİA.AZ həmin müsahibəni təqdim edir:

- Dünya ölkələrinin reaksiyası da göstərir ki, Azərbaycan səfirliyinə qarşı edilmiş silahlı hücum təhlükəsizlik məsələsindən daha çox siyasi məzmun daşıyır. Bu baxımdan, terror aktının arxasında dayanan siyasi mesajlar nədən ibarətdir?

- Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarına qarşı törədilmiş terror aktının təhlükəsizlik məsələsinə də aidiyyəti var. Amma bu daha çox siyasi xarakter daşıyır. Hətta mən deyərdim ki, bu hadisə regionda gedən geosiyasi proseslərlə sıx bağlıdır. Ümumiyyətlə, diqqət yetirsək görərik ki, son illər Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə beş dəfə belə hücumlar olub.

Onların bir qismi İran şovinist rejiminə bağlı olan qüvvələr, bir qismini isə erməni ekstremistləri həyata keçirib. Azərbaycan sərhədlərində hərbi təlimlər keçirməklə ölkəmizə qarşı təzyiq kampaniyası aparan, işğalçı Ermənistanla özünü qardaş adlandıran İran rəsmiləri anlamalı idilər ki, belə təxribatçı bəyanatların ardınca terror aktları da baş verə bilər. Bu baxımdan, Azərbaycan səfirliyinə edilmiş silahlı hücuma görə İran rejimi birbaşa məsuliyyət daşıyır. Yaxşı olar ki, İranın rəsmi orqanları yalandan hansısa fərdi, şəxsi səbəbləri ortalığa atmasın. Dünyanın onlarla ölkəsi bu hadisəyə reaksiya verib. İran rəsmiləri isə hələ də susur.

İran dövləti Vyana Konvensiyasına uyğun olaraq, səfirliyin təhlükəsizliyini lazımi səviyyədə təmin etsəydi terrorçu Azərbaycan səfirliyinin binasına yaxınlaşa bilməzdi. İran Təhlükəsizlik Xidmətinin əməkdaşı əlində silah olan adamın səfirliyin binasına daxil olmasına imkan yaratdı. Yalnız bizim səfirliyin əməkdaşlarının qəhrəmanlığı sayəsində cinayətkar şəxs tərksilah olundu.

Onu İranın nə xüsusi xidmət orqanları, nə də polisi deyil, Azərbaycan vətəndaşları olan mühafizə işçiləri zərərsizləşdirdi. Allah şəhidimizə rəhmət eləsin! Mühafizə xidmətinin yaralanmış əməkdaşlarına da Allahdan şəfa diləyirəm! Bu hadisənin təbii ki, çox ciddi nəticələri olacaq. İran öz hərəkətlərinə görə lazımi cəzasını alacaq.

- Rəsmi Tehran 1961-ci il Vyana Konvensiyasını pozub və cinayəti kimin törətməsindən asılı olmayaraq, səfirliyin təhlükəsizliyini təmin etmək öhdəliyini yerinə yetirmədiyinə görə məsuliyyət İran dövlətinin üzərinə düşür. Beynəlxalq hüquqi normaları tapdayaraq bu hadisənin baş verməsinə bilərəkdən şərait yaratmaqda İranın məqsədi nədir?

- Bu, İran rejiminin xislətindən irəli gəlir. Müxtəlif məsələlərdə İran rejimi beynəlxalq qanunlara və dövlətlərarası münasibətlərin prinsiplərinə riayət etmək istəmir. Bunun nəticəsidir ki, İrana qarşı çoxsaylı sanksiyalar tətbiq olunub. Bu günlərdə Avropa İttifaqı da İrana qarşı belə sanksiyaların tətbiqi barədə qərar çıxarıb. Bütün bunlar rejimin mahiyyətindən qaynaqlanır. İranın haqq-ədalətdən, obyektivlikdən, İslam dəyərlərindən nə qədər uzaqlaşdığı göz önündədir. Onlar özlərinin müsəlman qardaşları olan Azərbaycana qarşı hədə-qorxu kampaniyası aparır, işğalçı Ermənistana dəstək verirlər.

İran rəsmiləri “Ermənistanın düşməni bizim düşmənimizdir” deyir. Halbuki, Ermənistan Azərbaycan ərazilərini 30 il işğal altında saxlayıb, xalqımıza qarşı etnik təmizləmə həyata keçirib, 1 milyona yaxın insanı öz yurd-yuvasından didərgin salıb. İran bunu görmək istəmirdi? İndi bəyan edir ki, Ermənistanın düşməni bizim düşmənimizdir. Bu dümənçilik siyasəti gec-tez İranın parçalanmasına gətirib çıxaracaq. İranın siyasəti bu dövlətin vətəndaşlarını qane etmir. Ona görə də İranın daxilində etiraz aksiyaları baş qaldırıb. Molla rejimi insanlara qarşı nə qədər zorakılıq tətbiq etsə də, etirazlar səngimir. Çünki xalqın özü də bu rejimin əməllərindən bezib.

- İran dünyada terroru dəstəkləyən, qeyri-sabitlik yaradan ölkə hesab edilir. Ona görə də səfirlikdə törədilmiş terror aktı Azərbaycanı təxribata çəkmək cəhdi kimi şərh edilir. Sizcə, Azərbaycan bu vəziyyətdə hansı addımları atmalıdır?

- Hesab edirəm ki, Azərbaycan dövləti bu hadisəyə düzgün olaraq dərhal reaksiya verdi. Azərbaycan Prezidenti bəyanat verdi və İran dövləti qarşısında müəyyən tələblər qoydu. Eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti və Xarici İşlər Nazirliyi də məsələ ilə bağlı bəyanatlar verdilər. Bu hadisəyə dünyada çox ciddi reaksiya verirlər. Fikrimcə, ən düzgün yol beynəlxalq ictimaiyyəti bu məsələyə cəlb etməkdir. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar baş vermiş terror aktı ilə bağlı İrana təzyiq göstərməlidir.

İran tərəfinin obyektiv araşdırmalar aparacağına əmin deyiləm. Artıq İran hakimiyyətinin hadisəni pərdələmək istəyi açıq görünür. Terror aktını şəxsi, məişət zəminində baş vermiş hadisə kimi təqdim etmək istəyirlər. İran rejiminin xisləti budur. Ancaq onlar bundan boyun qaçıra bilməyəcək. Azərbaycanın və beynəlxalq aləmin təzyiqləri altında İran bu hadisəyə görə cavab verməli olacaq.

- Baş vermiş terror aktı Azərbaycana qarşı ciddi təhdidlərin mövcud olduğunu göstərir. İran tərəfindən başqa hansı təhlükəli addımlar atıla bilər?

- Biz buna həmişə hazır olmalıyıq. Çünki biz qonşularımızın kim olduğunu yaxşı bilirik. Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə İranın münasibəti də məlumdur. Azərbaycan xalqının çox ciddi qan yaddaşı var. Biz heç nəyi unutmuruq və hər şeyi də yaxşı bilirik.

Əgər bütün təzyiqlərə davam gətirərək dövlətimizi qoruyub saxlaya bilmişiksə, işğalçıları öz torpaqlarımızdan qova bilmişiksə, gələcəkdə belə təxribatların qarşısını həm öz gücümüzlə, həm də Azərbaycanın müttəfiqi olan, bizə dəstək verən dostlarımızın sayəsində ala biləcəyimizə əminəm.

Geri qayıt