Əsas Səhifə > Partiya, Güney Press > “Lavrov bu açıqlama ilə nə Azərbaycana dəstək verir, nə də onun iradəsinin ziddinə fikirlər söyləyir”

“Lavrov bu açıqlama ilə nə Azərbaycana dəstək verir, nə də onun iradəsinin ziddinə fikirlər söyləyir”


6-02-2023, 11:08
“Lavrov bu açıqlama ilə nə Azərbaycana dəstək verir, nə də onun iradəsinin ziddinə fikirlər söyləyir”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuata son müsahibəsi zamanı bildirib ki, Ermənistan uzun illər ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayıb: “Müharibə zamanı Azərbaycan ona məxsus olan torpaqları geri qaytarıb. Ötən ilin sentyabrında toqquşma zamanı hər iki tərəfdən təqribən 300 nəfər həlak oldu. Biz bu zaman Ermənistanın xahişini aldıq. KTMT-nin Baş katibi xüsusi missiya ilə sərhədə getdi və Ermənistanın Azərbaycanla sərhəd hissəsində KTMT missiyasının yerləşdirilməsi planını gətirdi. Bu plan artıq çoxdan hazır idi. Lakin Ermənistan tərəfi bizi tələsdirmədi və nəticədə İrəvanda baş tutan sammitdə müvafiq qərarın mətnini bitirdik”.

Lavrovun sözlərinə görə, Ermənistan tərəfi bu qərarda Azərbaycanın qəti şəkildə qınanılması şərtini irəli sürsə də, KTMT ölkələri buna razı olmayıb.

DİA.AZ-ın məlumatına görə, Azərbaycan Milli Məclisinin üzvü, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa mövzuya dair AYNA-ya açıqlamasında deyib ki, Lavrov tarixi reallıqları Ermənistana xatırladıb: “Bundan öncə Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bəyan edib. Düzdür, o zaman Rusiya rəhbəri Dağlıq Qarabağ terminini işlətmişdi. Lakin 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən sonra regionda yeni reallıqlar yaranıb. Azərbaycanın qələbəsi Dağlıq Qarabağ müzakirələrini də tarixə qovuşdurdu. Prezident İlham Əliyevin sərəncamı ilə Qarabağ İqtisadi Rayonu yaradıldı”.

“Əslində, Lavrov bu açıqlama ilə nə Azərbaycana dəstək verir, nə də onun iradəsinin ziddinə fikirlər söyləyir. Sadəcə həqiqətləri dilə gətirir. Burada qeyri-adi və təəccüblü bir şey yoxdur. Lavrov Alma-Ata bəyannaməsinə istinad edir və o zaman Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğu bəyan olunur”, - deyə həmsöhbətimiz söyləyib.

Deputat hesab edir ki, Ermənistan bundan düzgün nəticə çıxarmalıdır: “Nəhayət, anlamadırlar ki, işğalçılıq siyasəti onlara xeyir gətirməyəcək. Bu siyasət Ermənistanı uçuruma sürükləyir. Region çalxalanır və konfliktlərin mərkəzinə çevrilir. Belə bir şəraitdə Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi ilk növbədə onların özlərinə zərbə vuaracaq”.

“Azərbaycanın dünya miqyasında əhəmiyyəti artır. Türkiyə ilə müttəfiqlik münasibətləri rəsmiləşdirilib. İşğal altında olan torpaqlarımız azad edilib. Ermənistanın nə siyasi, nə iqtisadi, nə də hərbi gücü var ki, Azərbaycanın qarşısında duruş gətirə bilsin. İşğal dövründə xarici havadarlarına ümid edirdilər. Məhz onların sayəsində bir milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin salındı. Lakin artıq əvvəlki dövr deyil. Ermənistan rəhbərliyi mövcud reallıqları nəzərə alaraq, qonşularla münasibətlərin normallaşmasında maraqlı olmalıdır. Əks halda ciddi problemlərlə üzləşəcək”, - deyə Mustafa vurğulayıb.

DİA.AZ-ın məlumatına görə, politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı AYNA-ya şərhində qeyd edib ki, Rusiyanın Qarabağla bağlı mövqeyi tarixi fürsətdir: “Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovun indiyə qədər belə bir açıqlamasına rast gəlməmişik. İlk dəfə idi ki, Lavrov belə mövqe ortaya qoyurdu. O, Ermənistanla bağlı digər tənqidi fikirlər də səsləndirib. Bu, o demək deyil ki, Rusiya Azərbaycana dəstək nümayiş etdirir. Dəstək olsaydı, indiyə qədər bəyan edilərdi. Ermənistanın mövcud siyasi rəhbərliyi sələflərinin yolu ilə getmir və bu səbədən Kremllə ciddi problemləri mövcuddur”.

“Moskva Paşinyana təzyiq etmək üçün müxtəlif üsullardan istifadə edir. Hətta, Ermənistanda növbədənkənar parlament seçkiləri də keçirilib. Bu seçkilərdə də Paşinyan və rəhbərlik etdiyi siyasi blok qələbə qazanıb. Yəni, Rusiyanın səyləri nəticəsiz qalıb. İndiki halda Rusiya Paşinyanı cəzalandırmaq üçün Azərbaycanın hədəflərinə çatmasına mane olmamaq xəttini tutub”, - deyə müsahibimiz bildirib.

Politoloqun fikrincə, Ermənistan tərəfi bundan nəticə çıxarmalıdır: “Onlar anlamalıdırlar ki, Rusiya kifayət qədər çətin vəziyyətdədir. Ukrayna ilə müharibə aparır. Bu təcavüz bir ilə yaxındır davam etsə də, Moskva ciddi nəticə əldə etməyib. Ukraynalılar da geri çəkilmək niyyətində deyillər. Digər yandan, Rusiyaya qarşı ABŞ, Böyük Britaniya, Avropa ölkələri tərəfindən çoxvektorlu embarqolar tətbiq edilib. Digər ölkələr də bu sanksiyalara qoşulub. Rusiya faktiki olaraq təklənmiş vəziyyətdədir. Şimal qonşumuz ciddi iqtisadi problemlərə hamilədir. Yəni, başı ciddi şəkildə özünə qarışıb. Belə bir şəraitdə Rusiya Ermənistana dəstək verməyəcək”.

“Ermənistan hakimiyyəti də Rusiya iqtidarına yaxın deyil. Paşinyan Qərbə yönəlik siyasi kursunu götürüb. Belə bir şəraitdə Azərbaycan öz hədəflərinə çatmaq üçün tarixi imkan əldə edir. Yaxşı olardı ki, Ermənistan mövcud reallığı qiymətləndirəydi. Rusiya hazırkı şəraitdə Azərbaycanın suverenliyinə mane olmaq iqtidarında və niyyətində deyil. Ermənistanın hərbi-siyasi rəhbərliyi gələcək siyasətini buna uyğunlaşdırmalıdır. İşğalçılıq siyasətindən birdəfəlik imtina olunmalıdır”, - deyə Şahinoğlu fikrini yekunlaşdırıb.

Geri qayıt