Əsas Səhifə > Partiya, Güney Press > "Hələ Cahangir Əsgərovun özü Azərbaycan dilində iki kəlimə danışa bilmir"

"Hələ Cahangir Əsgərovun özü Azərbaycan dilində iki kəlimə danışa bilmir"


8-02-2023, 11:59
"Hələ Cahangir Əsgərovun özü Azərbaycan dilində iki kəlimə danışa bilmir"
Türkiyənin Bakıdakı səfirliyinin zəlzələdə zərər çəkənlər üçün başlatdığı kampaniyada yığılan yardımların Bakıdan Türkiyəyə tırlar vasitəsilə daşınması narazılıq yaradıb. Vətəndaşlar yardımların AZAL vasitəsilə göndəriləcəyini düşünsələr də, nəticə gözlənildiyi kimi olmayıb. Bildirilir ki, yardımların zəlzələ bölgələrinə daha operativ çatdırılması üçün təyyarələr ayrılmalı idi. AZAL yardım kampaniyasına dəstək vermədiyinə görə ciddi tənqid edilir. Eyni zamanda narazılıq yaradan digər məqam isə Türkiyədəki zəlzələdə zərərçəkən vətəndaşlarımızın avtobuslarla yola salınması olub. Qeyd olunur ki, ağır stress, psixoloji travma keçirən insanlar Vətənə niyə avtobuslarla gətirilməlidir?

DİA.AZ bildirir ki, Ağ Partiyanın sədri Tural Abbaslı da Pravda.az-a açıqlamasında vətəndaşların fikirlərini dəstəkləyib.

Partiya sədri bildirib ki, əslində bu, həm də Türkiyə-Azərbaycan münasibətlərinə zərbədir: “Artıq illərdir, hamımız AZAL-ın rəhbərliyinin düşüncə, yanaşma tərzinin yerli və milli olmadığını bilirik. Hələ Cahangir Əsgərovun özü Azərbaycan dilində iki kəlimə danışa bilmir. Bu insandan oturub vətənpərvərlik - “patriotluq” gözləmək qeyri-mümkündür. İqtidar belə adamları vəzifədə saxlaqıca özü də hörmətdən, gücdən düşür. Dünyanın hər yerinə uçuşlar qəpik-quruş olduğu halda, AZAL dünyanın ən bahalı aviaşirkətlərindən birinə çevrilib. Hansı ki Azərbaycan yaşayış həddinə görə dünya ölkələri arasında heç orta sıralarda belə deyil. Əslində bu, həm də Türkiyə-Azərbaycan münasibətlərinə zərbədir. Yardımlar üçün xüsusi təyyarələrin ayrılmaması, yaxud zəlzələ bölgəsində əziyyət çəkən vətəndaşlarımızın birbaşa Azərbaycana gətirilməsi üçün təyyarələrin, reyslərin ayrılmaması, yaxud biletlərin daha ucuz qiymətə satılmaması anlaşılmazdır, qəbuledilməzdir. Məsələn, Türkiyənin özünü misal gətirək. Türkiyə o qədər dağıntılara, qarışıqlıqlara baxmayaraq, orada böyük şəhərlərdən zəlzələ bölgəsinə təyyarə ilə uçuş bizim pulla 9 manata, yəni 100 TL-yə endirildi. Ümumiyyətlə, zəlzələ bölgəsindən çıxarışlar hazırda pulsuzdur. Düşünürəm, bütün bunlar nəzərə alınmalıdır. Xalqımız onsuz da nəzərə alır. Yardımlarla bağlı vətəndaşlarımızın hamısı, təbii ki, səfərbərlik edir, Türkiyənin dərdini öz dərdimiz kimi qiymətləndirir. Bu da anlaşılandır. Amma düşünürəm ki, yardımlarla bərabər, həm də imkanı olan şəxslər “Ziraat” bankına da maddi dəstək versələr, bu, daha effektli olar. Çünki maddi yardım ünvana daha tez çatır. Orada lazımi ləvazimatların alınmasında hazırda maliyyə lazımdır. Allah Türkiyənin, bütün türk-İslam dünyasının köməyi olsun”.

Geri qayıt