Əsas Səhifə > Partiya, Güney Press > “Yayılan xəbərləri informasiya savaşı kimi də dəyərləndirmək olar”

“Yayılan xəbərləri informasiya savaşı kimi də dəyərləndirmək olar”


10-02-2023, 08:45
“Yayılan xəbərləri informasiya savaşı kimi də dəyərləndirmək olar”
Ermənistan Azərbaycana qarşı növbəti dəfə hərbi təxribat həyata keçirməyi planlaşdırır. Təxribat planının hazırlanması və həyata keçirilməsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 30 hərbçisindən ibarət təxribat qrupu iştirak edəcək. Bununla bağlı xəbər bəzi yerli xəbər portallarında dərc olunub. Məlumata əsasən, vurğulanıb ki, hazırda SEPAH-ın əsasən etnik azərbaycanlılardan təşkil olunmuş və xüsusi təlim keçmiş diversiya qrupu Ermənistan-Azərbaycan sərhədinin bilavasitə yaxınlığında, Sünik rayonunda yerləşdirilir və burada Ermənistan Müdafiə Nazirliyinin Kəşfiyyat idarəsi və Milli Təhlükəsizlik Xidməti ilə hazırlıq işləri aparır.

Əməliyyat qrupunun rəhbəri adı Azərbaycan hökumətinə məlum olan SEPAH generalıdır. Bu adam uzun müddət Suriyada xidmət edib, burada yerli hərbi əməliyyatların, təxribat və terror planlarının hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik edib. Bir sözlə, Azərbaycan tərəfində bölmə komandirləri və hətta SEPAH-ın diversiya qrupunun bəzi döyüşçüləri haqqında da dəqiq məlumatlar var. Daxil olan məlumata əsasən, təxribat qrupu Azərbaycanın Laçın və Qubadlı rayonları istiqamətində ardıcıl iki hücum təşkil etməyi planlaşdırır. Azərbaycan Ordusunun postlarından birinə ilk hücumu “düşmənin canlı qüvvəsini məhv etmək” vəzifəsi daşıyan Ermənistan silahlı qüvvələrinin formasında olan bir qrup hərbçi həyata keçirəcək. Azərbaycan Ordusunun əsgərləri formasında olan ikinci qrup isə erməni postlarından birinə hücum edərək orada yerləşən bütün əsgərləri məhv edəcək. Eyni zamanda erməni əsgərlərinin öldürülməsi səhnələri, eləcə də Azərbaycan dilində danışıq videosu çəkiləcək. Bu təxribatlara cavab olaraq Ermənistanın Sünik rayonu ərazisinə SEPAH-ın əlavə bölmələri cəlb oluna və Azərbaycan Ordusunun post və mövqelərinə hücumlar həyata keçirilə bilər. Bu zaman İranın "Şahid" kamikadze pilotsuz təyyarələrindən istifadə edilməsi də mümkündür. Məlumata görə, döyüşlərə Ermənistandan olan diversantlar da qoşulacaq.

DİA.AZ-ın məlumatına görə, yayılan təxribat xəbərlərini "Şərq"ə dəyərləndirən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, keçmiş millət vəkili Fərəc Quliyev deyib ki, İran tərəfi mütəmadi olaraq Ermənistana kömək edib, təlimatlar göndərib, silahlı qüvvələrə hərbi təlimlər keçib. Hətta terrorçu PKK da İranla paralel uzun müddət işğalda saxlanılmış torpaqlarımızda separatçılara təlim keçiblər:

"44 günlük müharibədə 9 tonluq silah-sursat da, yanacaq ehtiyatları da İran ərazisi ilə Ermənistana ötürülmüşdü. Sonrakı dönəmdə Ermənistana raket verilib və onlarla bağlı təlim qrupları göndərilmişdi. Ancaq İran və Ermənistan unudub ki, Rusiyanın verdiyi "İsgəndər" raketləri ilə belə Azərbaycana heç nə edə bilmədilər. Düşmənin ordan-burdan əldə etdiyi bütün silahları Azadlıq meydanında sərgiyə qoyduq. İran tərəfi Ermənistana açıq yardımlarla bağlı təzyiq vasitələrinə də əl atmışdı. Cənub sərhədimizdə hərbi təlimlərə başlamışdı. Azərbaycan adekvat addımla İrana layiqli cavab verdi. Təlimlərdə Ordumuzun ən yüksək səviyyədə olduğu bir daha nümayiş olundu. Əlbəttə, İran çalışacaq ki, bundan sonra da Ermənistana dəstək versin. Ancaq reallıq odur ki, Ermənistanın özü də savaş əhval-ruhiyyəsində və marağında deyil. İrəvan Rusiyadan uzaqlaşmaq və Qərbə yaxınlaşmaq üçün müəyyən addımlar atır. İranın bu cür oyunlarından isə Ermənistan tərəfi sadəcə faydalanır. Azərbaycanla sərhədlər müəyyənləşmədiyi üçün özləri qəsdən informasiyalar yayırlar ki, guya, "SEPAH Ermənistan sərhədindədir". Bunu da qorxudan edirlər. Özləri də fərqindədirlər ki, İran Azərbaycanla savaşa girməz. Əgər bizimlə müharibə edərlərsə, Azərbaycan təkbaşına İranı çökdürər. Çünki Azərbaycan tərəfdən 10 milyon deyil, 50 milyonluq xalq döyüşəcək. Fars rejimi yaxşı bilir ki, Güneydəki 40 milyon Azərbaycan türkü bizimlə bərabərdir. İran rejimi türklərdən qorxur. Elə ona görə də Xoyda baş vermiş zəlzələdə Türkiyənin yardım təklifini rədd etmişdi. Səfirliyimizə də hücumun məqsədi Quzey Azərbaycanla Güneyin əlaqəsini qırmaq idi. Rəsmi Bakı Təbrizdə konsulluğu saxlamaqla mesaj verdi ki, Tehranla əlaqəmizi kəssək də, soydaşlarımızla daim birlikdəyik".
Bununla yanaşı F.Quliyev vurğulayıb ki, hər təhlükəyə, təxribata da hazır olmaq lazımdır: "Ordumuz da daim ayıq-sayıq olmalıdır. İstənilən təxribat cəhdində millət olaraq bütün imkanlarımızla səfərbər olmağa hazırıq. Lakin inanmıram ki, indiki vəziyyətdə İran Azərbaycana qarşı ciddi təxribata əl atsın. İranın başı çoxdan cəllad kötüyünün üstündədir. Böyük Britaniya, ABŞ, İsrail və başqa ölkələr ciddi şəkildə İrana qarşı xəbərdarlıq ediblər, hətta hərbi əməliyyatların başlayacağını istisna etməyiblər. Eyni zamanda ərəb dövlətləri də İrana qarşı hazırlıq içindədir. İranın tərpənməsi əks effekt verəcək. Yayılan xəbərləri informasiya savaşı kimi də dəyərləndirmək olar. Görünür, belə məlumatlarla Tehranda səfirliyimizə qarşı terroru arxa plana keçirməyə çalışırlar".

Geri qayıt