Əsas Səhifə > Partiya, Güney Press > "Ali Məhkəmə sədrinin məlum açıqlaması təəccüb doğurur"
"Ali Məhkəmə sədrinin məlum açıqlaması təəccüb doğurur"14-02-2023, 08:31 |
“Aydındır ki, sosial media həyat və fəaliyyətimizdə müəyyən rola malikdir. Sosial media bizə müxtəlif üstünlüklər təmin etməklə yanaşı, məhkəmə fəaliyyəti ilə əlaqədar müstəqillik, qərəzsizlik və dürüstlük prinsiplərinin pozulmasına gətirib çıxara biləcək risklər də yaradır. Xüsusilə də məhkəmə fəaliyyətinə cəmiyyətin və ya ayrı-ayrı qrupların sosial media vasitəsilə müdaxilə və təsir etməsi yəqin ki, hər bir ölkənin qarşılaşdığı problemdir”. Bunu “Ali Məhkəmələrin ədalət mühakiməsində rolu: müsbət təcrübələr və müasir çağırışlar” mövzusunda beynəlxalq konfransda Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxışı zamanı deyib. AM sədri bildirib ki, sosial mediadan bu qaydada istifadə yolverilməzdir və məhkəmə fəaliyyətinə müdaxilə qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olmalıdır. “Söz və ifadə azadlığının hər bir cəmiyyətdə ən təməl hüquqlardan biri olduğunu hamımız qəbul edirik. Lakin sosial mediadan istifadə məhkəmələrə olan etimadı zədələyəcək formada olmamalı, icraatda olan məhkəmə işlərinə müdaxilə və təsir şəklində aparılmamalı, yekunlaşmış məhkəmə icraatları üzrə çıxarılmış qərarların qanuniliyi və ədalətliliyi istehza predmetinə çevrilməməlidir”, - deyə Ali Məhkəmənin sədri qeyd edib. Sosial media istintaqın gedişinə, məhkəmə qərarlarına hansısa dərəcədə təsir edə bilirmi? DİA.AZ-ın məlumatına görə, sosioloq Elçin Bayramlı “Şərq”ə açıqlamasında qeyd etdi ki, Ali Məhkəmə sədrinin məlum açıqlaması təəccüb doğurur: - Məhkəmə ədalətli qərar veribsə, narahatlığa əsas olmamalıdır. Sosial media nə yazır yazsın, məhkəmə sənəd yayıb ədalətli qərar verdiyini sübuta yetirəcək. Sosial medianın istintaqın gedişinə, əksinə, müsbət təsir etdiyi məqamlar ola bilər. “Nərmin cinayəti”ndə gördük ki, gözardı edilən faktlar varmış. Bəzən ən xırda detalın gözdən yayınması istintaqın səhv gedişinə səbəb olur və bəzən də əksinə, istintaqın işinə xeyir gətirir, cinayətin açılmasını, cinayətkarın kimliyini üzə çıxarır. Sosial media xalqdır, insanlardır. Hər kəsin öz fikrini azad şəkildə ifadə etmək hüququ var. İnsanlar düşündüklərini sərbəst şəkildə sosial mediada yaza bilər, müzakirə aça bilər. Sosial media məhkəmə istintaqına kömək edə bilər. Şahid ortaya çıxar və başqalarının bilmədiyini söyləyər, hansısa faktı, hadisəni xatırlayar, nəticədə istintaqın gedişində dönüş yaranar. Bu mənada sosial media məhkəməyə də, istintaqa da kömək edə bilər. Hansısa istintaq, məhkəmə prosesi barədə yazmaq, məlumat yaymaq qadağan olduğu hallarda sosial medianı qınamaq mümkündür. Belə bir məhkəmə prosesi, istintaq varsa, bu haqda məlumat verilməlidir. Dövlət sirri olan, məxfi elan edilən, cəmiyyətə açıqlanması münasib bilinməyən cinayət hadisələrinin istintaqı olur, ya da qapalı keçirilən məhkəmə prosesləri. Bu halda, bəli, sosial media istintaqın gedişinə müdaxilə etməməli, qapalı elan olunan məhkəmə prosesi barədə məlumat yaymamalıdır. Lakin açıq məhkəmə prosesləri barədə, orada cərəyan edən hadisələr barədə sosial mediada ictimai müzakirələrin açılması normaldır. Bu halda sosial medianı buxovlamaq olmaz. Bu, mümkün olacaq iş də deyil. Geri qayıt |