Əsas Səhifə > Partiya, Güney Press > "İcra nümayəndəsi gedib 15 yaşlı qızın toyunda oynayırsa, ciddi cəzalandırılmalıdır"

"İcra nümayəndəsi gedib 15 yaşlı qızın toyunda oynayırsa, ciddi cəzalandırılmalıdır"


17-02-2023, 12:38
"İcra nümayəndəsi gedib 15 yaşlı qızın toyunda oynayırsa, ciddi cəzalandırılmalıdır"
"Erkən nigah məsələsi qanunvericilikdə cinayət inzibati cəza tətbiq olunmaqla məsuliyyət daşıyan bir məsələdir".
DİA.AZ bildirir ki, bu barədə "Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə Yeniavaz.com-a verdiyi müsahibədə danışıb.
"Bəzi hallarda yerli icra hakimiyyətləri bu məsələləri bilib ört-basdır ediblər. Mən keçən il sorğu göndərdim icra hakimiyyətlərinə ki 2020, 2021 və 2022-ci ilin ilk 9 ayı ərzində 17-18 yaş arasında yeniyetmələrin nigaha dahil olmaqları ilə bağlı statistika verin. Bütün ölkə üzrə icra hakimiyyətlərinə müraciət etdim. 50 faizi cavablandırdı. 50 faizinin içində 2 icra hakimiyyətinin rəsmisi zəng edib bildirdi ki, bizə bu məlumatı verə bilmirlər. Onlara dedim ki, sorğuya cavab vermək onların borcudur, mənim də hüququmdur onlara sorğu göndərmək. Dedilər ki, bu məlumat məxfidir və bu məlumatları Ailə Qadın Komitəsinə (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) verirlər. Hətta biri dedi ki, Prezident Administrasiyasından icazə alın", - K. Ağazadə deyib.
O bildirib ki, əldə edilən rəqəmlər çox qorxuducu idi:
"Bir il ərzində 78 nişanın, toyun qarşısını almışıq. Bunu vuraq 10-a? Çünki bu hələ üzə çıxartdıqlarımızdır. Hələ 10-u da keçəcək. Artıq qanun layihəsi oxunmadan keçib. Həmin o bir yaş azaldılma məsələsi (17-18 yaş) barədə qanunlayihəsi Milli Məclisə təqdim olundu. O ləğv olunacaq. Bu olmalıydı. Bunun üçün səs-küy salmaq lazım idi. Amma bunun analizini səs-küysüz də etmək olardı. Eləmədilər, mən də səs-küy saldım. Tək mən salmadım, nə qədər ölkədə öndə gedən qeyri-hökümət təşkilatları var, onlar səs saldı. Bu bizim uğurumuzdur. Amma o demək deyil ki, bu olmayacaq. Düşünürəm ki, hələ artacaq. Çünkü bu qadağa artıq qoyuldu və indi rəsmi müraciət etmədən daha çox gizli formada keçirəcəklər. Əgər bir icra nümayəndəsi gedib 15 yaşlı qızın toyunda və ya nişanında qol qaldırıb oynayırsa, o adam çox ciddi cəzalandırılmalıdır. Hətta biz bu ildən digər bir kampaniyamıza da başlamışıq ki nişan mərasimlərinə belə cərimələr tətbiq olunsun. Mənə deyin görüm, nişanlanmaqla ərə getməyin arasındakı fərqi çoxmu görürsünüz? Cinsi əlaqə ilə bağlı tərbiyə nəsələsinə qayıdıram. Siz cinsi əlaqələrlə bağlı uşağa heç nə izah etmədən onu belə bir mühitə salırsınız. Belə olan halda o, bilməyəcək ki, bu hal onun fiziologiyasına, psixologiyasına nə qədər təsir edəcək. Bundan da həmişə dövlət əziyyət çəkəcək".

Geri qayıt