Əsas Səhifə > Partiya, Güney Press > Qərbi Azərbaycana qayıtmaq haqqımızdır

Qərbi Azərbaycana qayıtmaq haqqımızdır


18-02-2023, 09:38
Qərbi Azərbaycana qayıtmaq haqqımızdır
“Həftə içi”nə müsahibə verən filologiya elmləri namizədi, professor İbrahim Bayramov bu barədə danışır...

– “Qərbi Azərbaycan” deyəndə, hansı tarixi keçmişimizə dönüşü dərk etməli, anlamalıyıq? Qərbi Azərbaycan hansı coğrafiyadır?

- Ermənistan adlı dövlət Azərbaycanın qədim torpaqları üzərində qurulub. Biz azərbaycanlılar tarixin müxtəlif dönəmlərində o dədə-baba, tarixi torpaqlarımızdan deportasiyalara, qaçqınlıq həyatına məcbur edildik. Azərbaycanlıların son deportasiyası, 1988-1991-ci illərdə baş verdi. Bu gün Ermənistan adlanan o yurdda - Qərbi Azərbaycanda bir nəfər də olsun azərbaycanlı qalmayıb.

Bu, indiki Ermənistanda qərbi azərbaycanlılara qarşı XX əsrdə törədilmiş IV deportasiya aktı idi. Bununla əlaqədar 1989-cu ildə “Azərbaycan Qaçqınlar Cəmiyyəti” yaradılıb. Cəmiyyət Azərbaycanın, demək olar ki, 60-dan çox rayonunda məskunlaşmış Qərbi Azərbaycan qaçqınları ilə bağlı məlumatları toplayıb, onların hüquqlarının qorunması ilə bağlı əlaqədar təşkilatlar qarşısında məsələlər qaldırıb. “Azərbaycan Qaçqınlar Cəmiyyəti” bazasında 2022-ci ilin avqustunda “Qərbi Azərbaycan İcması” yaradılıb. İcmanın əsas vəzifəsi indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğul olmaqdır.

Hesab edirəm, buna nail olacağıq və Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin Qərbi Azərbaycanımızla bağlı dediyi fikirlər tarixi torpaqlarımıza qayıdışımızı birmənalı təsdiq edən möhürdür.

Qərbi Azərbaycana qayıdışımızla bağlı qətiyyət və iradə Prezidentin dediyi və Azərbaycan xalqının istəyini ifadə edən bu fikirlərdə xüsusilə əks olunur: “Qərbi Azərbaycan azərbaycanlıların tarixi vətənidır. Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq, əminəm ki, İcma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır”.

- Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının əsas əhəmiyyəti, tələbi nədir?

- Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 24 dekabr 2022-ci ildə Qərbi Azərbaycan ziyalıları ilə görüşdə icmanın qarşısında duran vəzifələrin istiqamətlərini proqram xarakterli çıxışında aydın şəkildə göstərmişdir. Mən daha etibarlı bir mənbə olaraq məhz bunu əsas sitat olaraq qabartmaq istərdim.

Orada deyilir: “Hesab edirəm, Qərbi Azərbaycan İcmasının bundan sonra daha mütəşəkkil formada fəaliyyət göstərməsi hər kəs - həm Qərbi Azərbaycandan olan insanlar, həm də bütün Azərbaycan xalqı üçün çox önəmlidir. İcma bir neçə istiqamət üzrə öz işini davam etdirməlidir. Əlbəttə ki, ölkə daxilində bu icmanın fəaliyyəti daha da gözəgörünən olmalıdır. Hər halda Azərbaycan çərçivəsində bu icmanın fəallığı çox önəmli ola bilər. Bununla bərabər, hesab edirəm ki, İcmanın bundan az əhəmiyyət kəsb etməyən beynəlxalq müstəvidə fəaliyyəti olmalıdır. Çünki biz bu həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq, necə ki, Qarabağ həqiqətlərini çatdırmışdıq. Faktiki olaraq biz 1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi ilə bağlı təhrif edilmiş təsəvvürü tamamilə dəyişdirə bildik. İnformasiya müharibəsi və İkinci Qarabağ müharibəsi onu göstərdi ki, bu, az əhəmiyyət kəsb etmir. Ona görə burada da İcmanın xaricdəki fəaliyyəti xüsusi önəm daşımalıdır. Sərgilər, təqdimatlar, beynəlxalq konfranslar keçirilməlidir. Azərbaycan diaspor təşkilatları ilə birlikdə aksiyalar keçirilməlidir. Bizim bir çox ölkələrdə diaspor təşkilatlarımız var və bu il biz Şuşada tarixi Azərbaycan diaspor təşkilatlarının qurultayını keçirdik. Xarici ölkələrin siyasi dairələri, mətbuat və qanunvericilik orqanları ilə təmaslar qurulmalıdır. Yəni biz haqlı olaraq öz hüququmuzu tələb etməliyik. Bu, bütün beynəlxalq konvensiyalarda təsbit edilmiş hüquqdur”.

Prezident çıxışında göstərdiyi kimi, Qərbi Azərbaycanla bağlı tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması icmanın əsas fəaliyyət istiqamətlərindəndir. Bununla bağlı tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün geniş tədqiqatlar aparmaq, onları ingilis, fransız, rus, alman dillərinə tərcümə etmək əsas vəzifə kimi qarşıda dayanır. Eyni zamanda beynəlxalq səviyyəli konfranslar keçirilməlidir. Çalışmaq lazımdır ki, bu sahədə tədqiqat aparan xarici mütəxəssislər də iştirak etsin. Bunlar ermənilərin saxtakarlığının iç üzünün açılmasında xüsusi rol oynayacaq, həmçinin Ermənistan dövlətinin havadarları tarixi həqiqətləri öyrənəcəklər.

– Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdıb, hüquq və haqlarını bərpa etmələri üçün bundansonrakı fəaliyyət necə qurmalıdır?

- Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların tarixi vətənlərinə qayıtması soydaşlarımızın haqqıdır. Bunun üçün “Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtmalarına şərait yaradılmalı və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqları qorunmalıdır.

Qərbi Azərbaycanda azərbaycanlıların tarixən yaşadığı yaşayış məntəqələri, Qərbi Azərbaycandakı tarixi-mədəni abidələr haqqında məlumatlar müasir texnologiyalardan istifadə etməklə beynəlxalq ictimaiyyətə çatdırılmalı və doğulub boya-başa çatdığı ərazilərlə bağlı məlumatlar, tarixi sənədlərlə birlikdə şəxsi sənədlər əsasında beynəlxalq məhkəmələrə müraciət edilməlidir. Heç şübhəsiz, ədəbiyyat yazılmalıdır.

Qayıdış Konsepsiyasında bununla bağlı aydın şəkildə göstərilir və qeyd edilir. Yol xəritəsində qeyd olunur ki, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların könüllü şəkildə, təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıda bilmələri üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma əldə edilməlidir. Eyni zamanda bildirilir ki, geriyə qayıtma prosesi müvafiq təhlükəsizlik, humanitar, sosial-iqtisadi yardım proqramları ilə təminat altına alınmalıdır. Eləcə də geriyə qayıtmış əhalinin yenidən qovulmasına, onlara qarşı hər hansı ayrı-seçkilik həyata keçirilməsinə və zərər vurulmasına imkan verməmək üçün beynəlxalq monitorinq, hesabatlılıq, təhlükəsizlik, müdaxilə və digər zəruri fəaliyyətin bərqərar edilməsi şərti, tələbi qoyulur.

Konsepsiya beynəlxalq nəzarət altında yenidənqurma və barışıq tədbirlərinin həyata keçirilməsi yolu ilə geriyə qayıtmış insanların davamlı reabilitasiya və reinteqrasiyasının təmin edilməsini də ehtiva edir. Təbii ki, Qayıdış Konsepsiyasının uğurla davam etməsi və nəzərdə tutulanların həyata keçirilməsində bütün fəaliyyətimiz hədəfə istiqamətləndirilməlidir. Hamımız qərbi azərbaycanlı olmalıyıq...

- Qərbi Azərbaycanda olan mövcud tarixi abidələrin araşdırılıb üzə çıxarılması, toponimlərinin həqiqi sahiblərinə qovuşması üçün hansı dəstəyə və maarifləndirməyə ehtiyac var?

- Qərbi Azərbaycanın coğrafi adları, tarixi abidələri ilə bağlı araşdırmalar aparılmışdır. Bu sahədəki tədqiqatların xaricdə yaşayan həmvətənlərimiz vasitəsilə dünya ictimaiyyətinə çatdırılması üçün səylərimizi artırmalı, diasporamızın köməyindən istifadə etməliyik. Eləcə də Qərbi Azərbaycanla bağlı mövzular həm orta, həm də ali məktəblərdə dərs vəsaitlərində, dərsliklərdə öz əksini tapmalıdır. Ali məktəblərin tarix, coğrafiya, hətta filologiya ixtisaslarında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, dialektologiyası tədris edilməli, beynəlxalq və respublika səviyyəli “Qərbi Azərbaycan həqiqətləri” mövzusunda elmi konfransın keçirilməsi məqsədəuyğun hesab edilməlidir.

Qərbi Azərbaycandan azərbaycanlılar XX əsrdə 4 dəfə -1905-1906, 1918-1920, 1948-1953 və 1988-1991-ci illərdə deportasiya olun­muş­lar. Bununla bağlı əlimizdə kifayət qədər tarixi sənəd, xəritələr var. Qərbi Azər­baycanla bağlı “Deportasiya” muzeyi yaradılarsa, həmin ma­te­rial­lar nümayiş etdirilə bilər.

- Qərbi Azərbaycanın əsl sahibləri olaraq əsas faktlardan biri o diyarda doğulub-yaşamağımız və həmin mədəniyyətə sahib olmağımızdır. Siz Qərbi Azərbaycanın hansı bölgəsindənsiniz?

- Qərbi Azərbaycanın Göyçə mahalının Toğuca kəndindənəm. Orta təhsilimi o kənddə bitirib qədim Azərbaycan şəhəri olan İrəvanda ali təhsil almışam. İrəvan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsinin Azərbaycan bölməsini bitirmişəm. Ali məktəbi bitirdikdən sonra, Toğuca kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi, 1988-ci ilə qədər məktəb direktoru vəzifəsində işləmişəm. 1988-ci ildə Ermənistan dövlətinin yeritdiyi ayrı-seçkiliyin, azərbaycanlılara qarşı törətdiyi vəhşiliyin nəticəsində doğulub boya-başa çatdığım Toğuca kəndindən deportasiya olunub Azərbaycanda –– Bakı şəhərində məskunlaşmağa məcbur olmuşam. Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi Təşkilati şöbəsinin müdiri vəzifəsində işləyirəm.

Toğuca kənd orta məktəbində işlədiyim dövrdə ermənilərin xüsusi olaraq azərbaycanlılara qarşı kin-küdurətinin canlı şahidi olmuşam. Bu münasibəti İrəvanda təhsil alanda da görmüşəm. Azərbaycanlılara bəslənilən münasibət həmişə qəlbağrıdan hal idi. Yaşadığım Toğuca kəndi Çəmbərəkənd, “Krasnoselsk” deyilən rayonun tabeliyində idi. On doqquz yaşayış məntəqəsinin 16-sında yalnız azərbaycanlılar yaşayırdı.

1988-ci ilin dekabrında qərbi azərbaycanlıların bütün sakinləri kimi erməni vəhşiliyi, vandallığı nəticəsində tarixi torpaqlarımızdan deportasiya olunduq. Amma biz öz torpaqlarımıza qayıdacağıq...

Geri qayıt