Əsas Səhifə > Partiya, Güney Press > İranda səfirliyimizə terrora görə heç bir istintaq prosesi getmir

İranda səfirliyimizə terrora görə heç bir istintaq prosesi getmir


22-02-2023, 08:16
İranda səfirliyimizə terrora görə heç bir istintaq prosesi getmir
Prezident İlham Əliyev Münhendə TV kanallarına müsahibəsi zamanı yanvarın 27-də İrandakı səfirliyimizə qarşı törədilmiş terror hücumundan danışıb. Dövlət başçısı terrorçunu göndərənlərin, Azərbaycana qarşı bu qəddar aktı törətmiş İran isteblişmentinin nümayəndələrinin ədalət mühakiməsi qarşısına çıxarılmalı olduğunu bildirib. Həmçinin qeyd edib ki, iki gündən sonra terrorçunun “əqli çatışmazlığı olan insan” elan edilməsi qəribədir. Ölkə rəhbəri vurğulayıb ki, İran hökuməti şəffaf istintaq aparmalıdır, bizə bu barədə məlumat verilməlidir və terrorçu cəzalandırılmalıdır:

"Bu, Azərbaycan diplomatik nümayəndəliyinə qarşı təşkil olunmuş terror aktı idi. Terrorçu 30-40 dəqiqə ərzində tərksilah edilməyib və polis maşınları, təhlükəsizlik xidmətinin işçiləri gəlib-gedirdilər, amma onlar ona iki dəfə səfirliyin binasına daxil olmağa, səfirliyin mühafizə işçilərindən birini qətlə yetirməyə, ikisini isə yaralamağa imkan verdilər. Terrorçunu əliyalın tərksilah etmiş mühafizə işçilərindən birinin cəsarəti ola bilsin ki, onlarla azərbaycanlının həyatını xilas etdi. Çünki diplomatlarımızın ailələri, o cümlədən uşaqları o binada yaşayırdılar. Buna görə biz bu məsələ ilə bağlı dərhal və şəffaf istintaqın aparılmasını tələb edirik. Bu terror hadisəsindən sonra terrorçunun İran mediasına müsahibə verməsi faktı onun İran istablişmentinin bəzi qolları tərəfindən göndərilənlərdən biri olduğunu göstərir. Digər qəribə məsələ o idi ki, iki gündən sonra o, əqli çatışmazlığı olan insan kimi elan edildi. Bu ekspertizanı onlar dərhal necə keçirə bildilər? Bu, onu ədalət mühakiməsindən yayındırmaq üçün atılmış bir addım idi. Buna görə İran hökuməti şəffaf istintaq aparmalıdır, bizə bu barədə məlumat verilməlidir, terrorçu cəzalandırılmalıdır".

Prezidentin sərt açıqlaması İran tərəfində narahatlıq doğurub. XİN rəsmisi Nasir Kənani Tehranın araşdırmanın nəticələrini Azərbaycan tərəfinə təqdim etməyə hazır olduğunu bildirib: “Əminik ki, əməkdaşlıq şəraitində və konstruktiv yanaşma tərzində Azərbaycan rəsmiləri onları düşündürən bütün şübhə və suallara lazımi cavabları alacaqlar”. Onun sözlərinə görə, səfirliyə hücumla bağlı iş üzrə hüquqi proseslər təcavüzkarın açıq-aşkar ifadələrinə və təbii ki, bu faciəli hadisənin bütün cəhətlərinə əsaslanmaqla, ekspertiza keçirilməklə araşdırılır: “Bu hadisənin qeyri-hüquqi şərhlərinin mediada ifadəsi işin hüquqi və məhkəmə təqibində konstruktiv addım deyil. Yaxşı olar ki, hər hansı qərəzdən, məsələnin siyasiləşdirilməsindən və təbliğatından çəkinək”. Qeyd edək ki, terror aktından sonra İran tərəfi terrorçudan tələm-tələsik açıqlama alaraq, mediada yaymış və onun “hadisəni şəxsi zəmində törətdiyi” ifadəsindən maksimum yararlanmağa cəhd göstərmişdi. Eyni zamanda terror hadisəsində cəmi bir saat sonra İran polis rəisi heç bir araşdırma olmadan, hadisənin “şəxsi zəmində” olduğunu dilə gətirməkdən çəkinməmişdi.
DİA.AZ-ın məlumatına görə, AĞ Partiya sədri Tural Abbaslı "Şərq"ə açıqlamasında bildirib ki, Tehran hökuməti səfirliyimizə qarşı həyata keçirilən terror aktı sayəsində Azərbaycana təzyiq etmək, təhdid və hədələrinin boş olmadığını göstərmək niyyətində idi. Partiya rəhbəri vurğulayıb ki, məhz ona görə İran tərəfi terror aktını bu qədər göz önündə, özü də kobud şəkildə reallaşdırdı:

"Hadisədən qısa zaman sonra İran hüquq-mühafizə orqanlarının terror aktını məişət səviyyəsinə endirmək cəhdi, qatilin xüsusi xidmət orqanları ilə əlaqədə olması faktı, həmçinin yayılan video-görüntülər də bunun isbatıdır. Məqsəd rəsmi Bakını qorxutmaq, geri addım atmağa sövq etmək idi. Hesab edirdilər ki, bunun üçün ən "gözəl mesaj" səfirliyə terror hücumu təşkil etmək və sonra göz görə-görə cinayəti "məişət hadisəsi" kimi qələmə verməkdir. Bəllidir ki, İranda bu terrora görə heç bir istintaq prosesi getmir. İstintaq aparmamaqla Azərbaycanın müraciətlərini heçə saydıqlarını, ciddiyə almadıqlarını deməyə çalışırlar. Azərbaycanda heç kim gözləmir ki, İran rejimi obyektiv və səmimi istintaq aparacaq və cinayətkarı cəzalandıracaq. Ona görə də İranla onun başa düşdüyü dildə danışmaq lazımdır. Təbii ki, biz İrana qarşı terror etməyəcəyik. Azərbaycan dövləti və xalqı hər cür terroru lənətləyir. Ancaq Tehran rejimi bilməlidir ki, bizimlə təhdid dilində danışmaq İrana zərər vuracaq. Azərbaycan güneydə soydaşlarımızın azadlıq hərəkatına hərtərəfli dəstək verməlidir. Həmçinin İranda və müxtəlif ölkələrdə fars-molla rejiminə qarşı mübarizə aparan aktivist azərbaycanlılara şərait yaradılmalıdır. Əgər hansısa bir ölkə bizə qarşı siyasi mübarizə elan edirsə, mütləq qarşılığını almalıdır. Rəsmi Bakı hər zaman qonşularla dostluq münasibətinin qurulmasında maraqlı olub. Lakin Tehran hökuməti israrla düşmənçilik edirsə, bizim də cavabımız adekvat olmalıdır. Əlbəttə, qardaş Türkiyənin də mövqelərini nəzərə alaraq, birlikdə addım atmağı unutmamalıyıq".

Geri qayıt