Əsas Səhifə > Partiya, Güney Press > İrəvanın təkbaşına sülh qərarı verməsi çətin məsələdir

İrəvanın təkbaşına sülh qərarı verməsi çətin məsələdir


4-03-2023, 08:56
İrəvanın təkbaşına sülh qərarı verməsi çətin məsələdir
Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh danışıqlarının 3 istiqamətdə aparıldığını deyib. Baş nazir danışıqların əsas istiqamətinin münasibətlərin nizamlanması, nəqliyyat-kommunikasiyalarının, iqtisadi əlaqələrin blokadadan çıxarılması, sərhədlərin delimitasiyası və təhlükəsizlik olduğunu bildirib. Paşinyanın sözlərinə görə, Ermənistan hakimiyyəti Cənubi Qafqazda stabillik və sülhün bərpası üçün qəti addımlar atır, eləcə də Azərbaycanla danışıqlara konstruktiv cəlb edilib.

Baş nazir həmçinin Qarabağ məsələsinin Ermənistanla Azərbaycanın normallaşma prosesindən ayrılmasına razılaşdığını, amma bunu Bakı və Qarabağ erməniləri arasında müzakirə mexanizminin formalaşdırılması məntiqi ilə etdiyini deyib: "Azərbaycanla sülh müqaviləsinin imzalanması məsələsində tam qətiyyətim var, lakin bu, Ermənistan üçün kapitulyasiyaya bənzəyən sənəd olmamalıdır. Bu, regionumuzda real və davamlı sülh haqqında sənəd olmalıdır və mən sülh, sabitlik, regional və beynəlxalq əməkdaşlıq naminə bu məsuliyyəti daşımağa hazıram”. Erməni baş nazir əlavə edib ki, onun ölkə parlamentində çoxluğu təşkil edən siyasi komandası sülh gündəmini təbliğ etmək məsuliyyətini öz üzərinə götürüb: “Bu gündəliyi həyata keçirmək mandatım var, onun həyata keçirilməsi üçün məsuliyyət daşımağa hazıram, lakin beynəlxalq ictimaiyyətin, region xalqlarının dəstəyinə ehtiyacım var”.

DİA.AZ-ın məlumatına görə, Ankara Universitetinin professoru, politoloq Toğrul İsmayıl "Şərq"ə açıqlamasında bildirib ki, əslində N.Paşinyan yeni söz söyləmir. Professorun sözlərinə görə, tərəflər arasında imzalanmış üçtərəfli sazişlərdə sərhədlərin müəyyənləşməsi, kommunikasiyaların açılması, iqtisadi əlaqələrin qurulması məsələsi yer alıb:

"Bu məsələlərlə bağlı rəsmi Bakı öz təkliflərini, prinsiplərini İrəvan göndərib və prosesin irəliyə doğru getməsi üçün əlindən gələni edib. Lakin prosesin dalana dirənməsinin səbəbi Ermənistandır. İrəvan hökuməti ilk gündən üçtərəfli sazişdə yer alan müddəaların həyata keçməsi üçün heç bir ciddi addım atmayıb. Bugünədək destruktiv mövqe sərgiləyib. Əslində bunun səbəbi bizə bəllidir. Ermənistan daxilində Paşinyan hökumətinə qarşı gərgin mübarizə və müqavimət var. Digər yandan, Ermənistan müstəqil ölkə kimi hərəkət edə bilmir və daha çox kənar güclərin, həm Avropa dövlətlərinin, həm də Rusiyanın ciddi təsiri altındadır. Ona görə də sülh prosesi olduqca ağır, ləng gedir. Nəzərə alaq ki, Ukrayna müharibəsindən sonra Rusiya ilə Qərbin münasibətləri daha kəskin xarakter alıb. Belə məqamda vasitəçilərin ortaq məxrəcə gəlməsi qeyri-mümkündür. Azərbaycan diplomatiyası çox həssas davranır. İstəyimiz sülh müqaviləsinin tezliklə imzalanmasıdır. Avropa ölkələri müstəvisində bəzi görüşlər müsbət məcrada keçsə də, Ermənistanın demoqogiyası real irəliləyişə imkan vermir. Ara-sıra kiçik də olsa müsbət addımları müşahidə etsək də, yekun sülh müqaviləsinin tez zamanda imzalanacağı ehtimalı da azdır".
T.İsmayıl vurğulayıb ki, İrəvan hökuməti real vəziyyəti düzgün dəyərləndirməyi bacararsa, həm də başqa çıxış yolunun olmadığını dərk edərsə, Azərbaycanla sülh prosesində maraqlı olar: "Paşinyan özü də sülh müqaviləsinə imza atacağını, bu imkanlara sahib olduğunu söyləyir. Ermənistanı çətinliyə salan əsas məqam bu ölkənin iplərinin Rusiya və bəzi Qərb ölkələrinin əlində olmasıdır. İrəvanın təkbaşına qərar alması çətin məsələdir. Azərbaycan haqq yolundadır. Beynəlxalq hüquqlara əsasən ərazilərimiz də bəllidir. Qarabağ da Azərbaycanın ayrılmaz hissəsi və oradakı ermənilər Azərbaycan vətəndaşlarıdır".

Geri qayıt