Əsas Səhifə > Partiya, Güney Press > “Test üsulu ilə ali məktəbə qəbul imtahanlarının ləğvini doğru hesab etmirəm”

“Test üsulu ilə ali məktəbə qəbul imtahanlarının ləğvini doğru hesab etmirəm”


7-03-2023, 08:45
“Test üsulu ilə ali məktəbə qəbul imtahanlarının ləğvini doğru hesab etmirəm”
Millət vəkili Fazil Mustafa ali məktəblərə test üsulu ilə qəbulun üstünlüklərindən və çatışmazlıqlarından danışıb. Deputat hesab edir ki, test üsulu ali məktəblərə qəbulda rüşvət piramidasının sındırılması üçün çox vacib addım idi. Ancaq heç bir halda uzunmüddətli və toxunulmaz formada qalmamalı idi: “Test üsulu tətbiq ediləndən üç-dörd il sonra ali məktəblərə qəbulun ən sadə forması tapılmalı idi. Əsas diqqət isə qəbula deyil, məktəbi bitirməyə yönəlməlidir. Bu üsul uşaqların yaradıcı düşüncəsinin formalaşmasına mənfi təsir göstərir. Test əzbərçiliyi sonrakı təhsil prosesində bilikləri daha əhatəli qavramada problemlər yaradır.

Hazırlıqsız şəxs, inkişaf etmiş ölkələrdə olduğu kimi, rahatlıqla daxil olduğu məktəbi rahatlıqla tamamlaya bilmir. Məhz bu vaxt itkisinin qorxusundan insanlar orada ali təhsili əyləncəyə çevirmirlər”.

F.Mustafanın fikrincə, test üsulu predmet haqqında geniş dünyagörüşünə sahib insan yetişdirmir, istər-istəməz, əzbərçilik çərçivəsinin içinə yönləndirir. Cavabları variantların birində göstərilən test forması savadlı insan yetişdirə bilməz:

“Savad yalnız konkret sahəyə aid biliklərə yiyələnmək deyil, həm də fikrin ifadəsidir, dolğun yazılı təsviridir, ümumi elmi dünyagörüşüdür. Ona görə də ən yüksək balla daxil olmuş insanların əksəriyyəti normal esse yaza bilmir, mütaliə vərdişinə sahib deyil və nəticədə də tam yetkin mütəxəssis kimi yetişməkdə çətinlik çəkir.

Yaxın çevrədə olan və testin məhsulu sayılan tələbələrin əksəriyyətinə bədii ədəbiyyatın, gündəlik mütaliənin faydasını hələ də təlqin edə bilmirik. Kütləvi bir tənbəlləşmə aurası görürəm və üzülürəm. Addımbaşı qurbağa xətləri ilə, hərf səhvləri ilə dolu diplomlu insanların mətnləri ilə tanış olduqda problemin hansı həddə olduğunu duyuram. Çıxış yolu ali məktəblərin girişini açıb çıxışını daraltmaqdır. Bir şeyi də etiraf edək ki, bütün bunların əsas mənbəyi orta təhsilin optimal faydalılığının olmamasında axtarılmalıdır. Azərbaycanda həm dövlətin, həm də cəmiyyətin təhsil hədəfləri anlaşılmazlıqlara doludur”.

DİA.AZ-ın məlumatına görə, təhsil eksperti Kamran Əsədov isə “Şərq”ə açıqlamasında deyib ki, keyfiyyətli ali təhsilin ən mühüm meyarlarından biri də imtahan verənin bilik və bacarığının obyektiv və ədalətli qiymətləndirilməsindən, subyektiv təsirlərin aradan qaldırılmasından ibarətdir. İndiyədək tətbiq edilən qiymətləndirilmə üsulları –sorğu şəklində aparılan və yazılı imtahanlar heç də bütün hallarda obyektiv qiymətləndirilməni təmin edə bilmir:

“Qiymətləndirmənin həyata keçirilməsi üçün müasir tələblərə cavab verən ən yaxşı vasitə son illərdə dünyanın əksər ölkələrində daha geniş tətbiq edilən test üsulundan istifadə olunmasıdır. Belə ki, test qiymətləndirmənin daha ədalətli üsulu olub, qiymətləndirmə zamanı bütün tələbələr qarşısında bərabər şərt qoymaqla subyektivliyi praktik olaraq aradan qaldırır. Bu baxımdan, test üsulu ilə ali məktəbə qəbul imtahanlarının ləğvini doğru hesab etmirəm. Testin özəlliyi odur ki, kim nə bilirsə, onu aşkara çıxarır. Test insanın biliyinin qiymətini obyektiv müəyyən edir. Amma qəbul liberallaşmalıdır. Liberallaşsa, ali məktəblər rahat, öz imkanlarına uyğun, istədikləri qədər tələbə götürə biləcəklər. Bununla ali məktəblərə qəbul olanların sayını artırmaq olar”.
K.Əsədovun sözlərinə görə, test üsulu ilə imtahanı ləğv etmək doğru məsələ deyil. Testin heç bir günahı yoxdur. Günah məktəb, müəllim, şagird və valideynlərdədir: “Düzdür, son illər apardığımız müşahidələr göstərir ki, test imtahanı ilə aparılan qəbul imtahanları istənilən nəticəni vermir. Bu, şagirdlərdə digər bacarıqların – nitq qabiliyyətinin, problemli situasiyalarda çıxış etmək bacarığının formalaşmasına mane olur. Ona görə də test üsulunu yox, ənənəvi test tapşırıqlarının yığışdırılmasına ehtiyac var. Hər kəs etiraf edər ki, test üsulu Azərbaycanda ali məktəblərə qəbul imtahanlarında inqilabi dəyişiklik yaratdı. Düşünmək lazımdır ki, test sisteminin bir çox üstünlüklərini əvəz edə bilməmək var: seçimdə demokratizm, obyektivlik, ən savadlı abituriyentin təhsildən kənarda qalmaması, vaxt itkisinin qarşısının alınması, vətəndaşın daha az əziyyət çəkməsi və sair amilləri. Gördüyümüz kimi, test üsulunun nə qədər çatışmaz cəhətləri olsa da, sadalanan səbəblərə görə bu üsul əvəzedilməzdir: test üsulu ilə imtahanlara müəllimlərin müdaxiləsi qeyri-mümkündür”.

Geri qayıt