Əsas Səhifə > Partiya, Güney Press > Rəsmi Bakı Qarabağda antiterror əməliyyatına QƏRAR VERƏCƏKMİ?

Rəsmi Bakı Qarabağda antiterror əməliyyatına QƏRAR VERƏCƏKMİ?


9-03-2023, 09:31
Rəsmi Bakı Qarabağda antiterror əməliyyatına QƏRAR VERƏCƏKMİ?
Azərbaycanın Qarabağla bağlı strategiyasında müəyyən dəyişikliklər edilə bilər. Çünki erməni hərbi birləşmələrinin bölgədən çəkilmək niyyəti yoxdur. Bu halda Azərbaycan tərəfi mütləq ki, öz ərazisində nizam-intizamın yaradılması və süverenliyinin bərpası üçün təcili tədbirlər görməlidir.

DİA.AZ bildirir ki, bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Deputat hesab edir ki, Azərbaycanın Qarabağla bağlı təcili görəcəyi tədbirlərin başında anti-terror əməliyyatları dayanmalıdır:

“Bunun fonunda bölgədə müharibə riski var. Amma qlobal şəkildə bir müharibənin olacağı ehtimalı azdır. Müharibənin digər tərəfi Ermənistan bunun ağır nəticələrini anlayır. Onlar bilir ki, bu böyük bir problemlər yarada bilər. Ermənistanın bu məsələdə hər hansı bir şəkildə revanş götürmək imkanları məhduddur. İkinci dəfə onlar belə bir problemlə qarşılaşsalar çox böyük fəlakət yaşayacaqlarını bilirlər”.

Millət vəkilinə görə, burada rus sülhməramlılarının tutduğu mövqe də üçtərəfli sənədin ruhuna uyğun deyil:

“Ona görə də, Azərbaycan diplomatik yöndə Rusiyanın mövqeyinin aydınlaşmasına çalışır. Məqsəd də odur ki, imzalanmış sənədə xələl gətilməsinə imkan verilməsin. Çünki bu sənədlə Azərbaycanın bölgədə, xüsusilə də Laçın yolu üzərində nəzarəti həyata keçirməsi hüquq tanınıb. Bu hüququ təmin etmək üçün isə Azərbaycan mütləq ki, yoxlamanı icra etməlidir. Ona görə də, Azərbaycanın bu məsələ ilə bağlı ilişəcək, müdaxilə edə biləcək hüquqi imkanları kifayət qədər genişdir. Ölkəmiz də bundan istifadə etməlidir”.

Fazil Mustafanın fikrincə, Qarabağda yeni müharibə riski indiki şəraitdə olduqca aşağıdır:

“Anti-terror əməliyyatının həyata keçiriləcəyi isə real olaraq günün diqtəsidir. Azərbaycan da bu çağırışı nəzərə alacaq”.

Geri qayıt