Əsas Səhifə > Partiya, Güney Press > AXCP-Müsavat toqquşması: SAVAŞ BİTİR?
AXCP-Müsavat toqquşması: SAVAŞ BİTİR?22-01-2014, 10:04 |
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı facebook səhifəsində Müsavatın Milli Şuradan ayrılması ilə bağlı gedən müzakirələrin dayandırılması təşəbbüsü ilə çıxış edib. O, artıq bir mərhələnin arxada qaldığını və indi irəli baxmağın lazım gəldiyini yazıb: “İqtidarın Müsavat partiyasını Milli Şuradan ayırmaqla MŞ-nı iflasa uğratmaq cəhdi alınmadı. Bu prosesi Rüstəm İbrahimbəyov, Cəmil Həsənli başda olmaqla, ölkənin tanınmış ziyalıları, MŞ üzvləri və AXCP qınadı. Demək olar ki, demokratik düşərgə bu məsələdə siyasi yetkinlik və təqdir olunası birlik nümayiş etdirdi. Bu mərhələdə prinsipiallıq göstərərək hakimiyyətin Müsavat partiyası vasitəsi ilə həyata keçirdiyi oyunları açıq və birmənalı tənqid edən bütün dəyərli ziyalılarımıza, siyasətçilər və yazarlara təşəkkür edirik. Artıq bu məsələyə diqqət ayırmağa gərək yoxdur, cəmiyyət hər şeyi bildi. İndi irəliyə baxmaq gərəkdir. Bizim hədəfimiz iqtidardır. AXCP olaraq biz 2014-cü ildə təşkilatımızı gücləndirmək və bu rejimə qarşı mübarizəni daha da genişləndirmək üçün fəaliyyət planı qəbul etmişik. Bütün güc və potensiyalımızla ölkəmizin kriminal-avtoritar rejimdən azad olunması yönündə mübarizəni davam etdirəcəyik”. Bu təşəbbüsü AXCP-nin qərarı kimi təqdim edilməsinə cavab verən F. Qəhramanlı Azadlıq qəzetinə açıqlamasında bildirib ki, AXCP Rəyasət Heyətinin iclasında Müsavatla bağlı heç bir məsələ müzakirə olunmayıb. Paylaşdığı rəyin AXCP Rəyasət Heyətinin iclası ilə əlaqələndirilməsini absurd adlandıran F.Qəhrəmanlı sadəcə öz fikirlərini təmsil etdiyi partiyanın və Milli Şuranın üzvlərinə çatdırmaq istədiyini dedi. Geri qayıt |