Əsas Səhifə > Partiya, Güney Press > "AĞ Partiya YAP-dan sonra yeganə siyasi qurumdur ki, üzvlüklə bağlı heç bir problemi yoxdur"

"AĞ Partiya YAP-dan sonra yeganə siyasi qurumdur ki, üzvlüklə bağlı heç bir problemi yoxdur"


11-03-2023, 13:13
"AĞ Partiya YAP-dan sonra yeganə siyasi qurumdur ki, üzvlüklə bağlı heç bir problemi yoxdur"
“Siyasi partiyalar haqqında” yeni qanun təsdiqləndikdən sonra mövcud siyasi təşkilatların yeni tələblərə uyğun fəaliyyət göstərib-göstərməməsi hələ də müzakirə mövzusudur. Xatırladaq ki, qanun layihəsi qəbul olunmazdan öncə dəfələrlə ictimai müzakirə keçirildi və siyasi partiyaların bəzi təklifləri nəzərə alındı. Lakin partiyalar üçün problem yaradacaq məqamların qaldığı da vurğulandı. Onlardan biri də qanunun tələbinə uyğun olaraq müəyyən olunmuş vaxtadək 5 min üzvün imzasını və məlumatlarını reyestrə təqdim etməkdir. Qanunun tələblərinə riayət etməyən partiyaların məhkəmə vasitəsilə fəaliyyətinin dayandırılması, ləğvi barədə yeni qanunda müddəa var.

DİA.AZ-ın məlumatına görə, AĞ Partiya sədri Tural Abbaslı "Şərq"ə açıqlamasında bildirib ki, qanunvericiliyin yeni tələbinə görə, 5 min üzv məsələsi bir çox partiyada problemlər yaradıb. T.Abbaslı vurğulayıb ki, indiki mühitdə siyasi partiya kimi fəaliyyət göstərmək xeyli çətinləşib:

"İnsanların siyasi partiyalara meyilliyi azdır. Deyilənə görə, artıq 2 partiya öz fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. AĞ Partiya Azərbaycanda hakim Yeni Azərbaycan Partiyasından sonra yeganə siyasi qurumdur ki, üzvlüklə bağlı heç bir problemi yoxdur. Qanun qəbul olunmazdan qabaq partiya üzvlərimizin sayı tələb olunandan iki dəfə artıq idi. O baxımdan 5 min üzvlə bağlı siyahımız tam hazır vəziyyətdədir. Bəzi partiyalar kimi üzvlərimizi qanun qüvvəyə minəndən sonra toplamağa başlamamışıq. AĞ Partiyaya son iki-üç ildə kütləvi şəkildə üzvlər gəlməkdədir. Hər həftə partiyamıza 50-60 nəfər üzv qəbul edirik. Müəyyən olunmuş müddət ərzində üzv siyahısını reyestrə təqdim edəcəyik".

DİA.AZ-ın məlumatına görə, Gələcək Partiyasının sədri Ağasif Şakiroğlu da "Şərq"ə bildirib ki, yeni qanunda heç bir çətin məqam yoxdur. Partiya sədri hesab edir ki, əksinə, bu, gecikmiş bir qanundur:"

"Siyasi partiyalar haqqında" qanun Azərbaycanda ictimai-siyasi partiyaların qeyri-ciddi durumdan çıxmasına xidmət edir. Bu ancaq ətrafında özündən başqa adam olmayan qeyri-ciddi partiyaların mövcudluğuna təhlükə yarada bilər. Bu da tam təbiidir. Əgər bir partiya sədri öz ətrafında 5-6 min insanı cəmləşdirə bilmirsə, deməli, o, siyasi partiya deyil. İdeologiyası və təşkilatçılıq qabiliyyəti yoxdur və insanlarımız onu dəstəkləmir. Belə siyasi partiyaların sadəcə ad olaraq "yaşaması" absurddur və siyasi partiyaları nüfuzdan salır. Bizim elə bir problemimiz yoxdur. Qanunun tələblərinə uyğun olaraq öz sənədləşmə prosesini aparırıq. Hesab edirəm ki, heç bir problem olmayacaq. O şəxslər narahat olsunlar ki, bugünədək öz ətraflarında sosial baza formalaşdırmayıblar. Elə siyasi partiya var ki, sədrin həyat yoldaşı Yeni Azərbaycan Partiyasının üzvüdür. Evində öz həyat yoldaşını öz ideyalarına inandıra bilməyən bir adam hansı zamanadək Azərbaycanda "siyasi partiya" adından çıxış edəcək. Cırtdan, ictimai rəyə təsir edə bilməyən, sosial bazası olmayan siyasi partiyaların narahatlığını başa düşürəm.

Yeni qanun 1992-ci ildə qəbul edilmiş əvvəlki qanundan fərqli olaraq hərtərəfli yazılıb. Qanunun ictimai müzakirəsində biz də iştirak etmişik. Bizim də təkliflər nəzərə alınıb. Ümumilikdə qanun müasir dövrün tələblərinə uyğundur.

Hər hansı narahatlığa əsas yoxdur. 6 ay ərzində 5 min insanı öz ətrafında toplaya bilməyən siyasi qurumlar 40 gün ərzində, təbliğat-təşviqat dövründə 10 milyonluq insanla necə iş aparacaq?!".

Geri qayıt