Əsas Səhifə > Partiya, Güney Press > Deputat əyilən binaya görə “Kristal Abşeron”u tənqid etdi:
Deputat əyilən binaya görə “Kristal Abşeron”u tənqid etdi:13-03-2023, 16:53 |
“Qaradağ rayonu “Qobu Park-2” yaşayış kompleksində aşma təhlükəsi ilə üz-üzə qalan 16 saylı binanın yerləşdiyi ərazi tarixən bataqlıq, göl olub. Belə bir yerdə çoxmərtəbəli binaların tikilməsi əslində qanunauyğun deyil. Çünki uzun müddət su yığınağı olan yerin təmizlənib yerində bina tikilməsi insanların həyatına təhlükə yaradır. Vətəndaşlar narazılıqlarında haqlıdırlar. Bu məsələyə çox ciddi reaksiya verilməlidir. “Kristal Abşeron”dan soruşulmalıdır ki, niyə orada bina tikib. Axı belə yerlərin seçilməsi uyğun deyil. Sürüşmə zonasında da xeyli binalar tikilib. Həmin ərazilərdə yaranan problemləri uzun müddət aradan qaldırmaq mümkün deyil. Ev tikənlər özlərinin xeyirləri üçün başdansovdu iş görürlər. Türkiyədə baş verən zəlzələ göstərdi ki, əslində bu, insanların faciəsidir. Zəlzələdə dağılan binaların tikintisini həyata keçirənlərin çoxu həbs ediliblər. Axtarışlar aparılır. Əlbəttə, bu, bizdə də var”. DİA.AZ bildirir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.Deputat bildirib ki, sözügedən ərazi “Lökbatan” adlanır: “Elə adından məlumdur. Tarixən oradan karvanlar keçib, həmin yerdə batıb qalıblar. Lökbatanın adı da buradan qaynaqlanır. Televiziyada da “Qobu Park-2” yaşayış kompleksinin problemi barədə reportajı izlədim. Kadrlarda gördüm ki, yay aylarında orada ifunətdən dayanmaq olmur, anti-sanitariya hökm sürür. Bəs orada böyüyən uşaqlar necə olacaqlar? Evi tikənlər, görəsən, uşaqların taleyi barədə fikirləşmirlər? Onlar çox vaxt ancaq ciblərini fikirləşirlər ki, “cibimə pul gəlsin, tez tikim, uzaq ərazidir, ucuz qiymətə alınacaq”. Ancaq vətəndaş özü məcburdur ki, həmin yerdən ev alsın, tikinti şirkətinə inanır. Vətəndaşın inamından sui-istifadə etmək olmaz. Tikinti şirkətlərimizin əksəriyyəti bundan istifadə edir. Çoxsaylı şikayətlər var. Ciddi dönüş yaradılmalıdır. Fövqəladə Hallar Nazirliyi, müvafiq orqanlar tez zamanda əməli işə keçməlidirlər. Yoxlanmalıdır. Çöküntü varsa, tezliklə qarşısı alınmalıdır. “Kristal Abşeron” məsuliyyət daşıyır. Vətəndaşlar başqa yerə köçülürməlidirlər, onların haqları ödənməlidir. Ya da kompensasiya verilməlidir. “Kristal Abşeron” sakinlər üçün başqa yerdə ev tikməlidir. İnsanların tələbatı ödənilməli, şikayətlər nəzərə alınmalıdır”. Pravda.az “Qobu Park-2” yaşayış kompleksindəki problemlə bağlı iki həftə əvvəl Fövqəladə Hallar Nazirliyinə sorğu göndərib. Lakin açıqlama verilməyib. Geri qayıt |