Əsas Səhifə > Partiya, Güney Press > “İran Almaniyada din bayrağı adı altında xüsusi işlər görür, azərbaycanlıları cəlb edir”
“İran Almaniyada din bayrağı adı altında xüsusi işlər görür, azərbaycanlıları cəlb edir”14-03-2023, 08:19 |
Almaniyada yaşayan Azərbaycan vətəndaşı, 26 yaşlı Fərid Səfərlinin İranda yoxa çıxmasından (martın 4-ü) 10 gün ötür. Ancaq hələ də ondan xəbər yoxdur. Artıq məlumdur ki, Azərbaycan öz vətəndaşının itkin düşməsi ilə bağlı İrana nota verib. Yada salaq ki, Fərid Səfərli Yena Universitetində təhsil alıb. Bir müddət əvvəl Almaniyaya praktikaya gəlmiş İran vətəndaşı olan xanımla tanış olub və onunla görüşmək üçün İstanbula gedib. Dostları bildirib ki, həmin xanım Türkiyəyə gəlmədiyi üçün Fərid özü İrana gedib. Ötən həftənin 5-ci günündən telefonu bağlı olub, sosial şəbəkələrdə görünməyib. Sonuncu dəfə kartı işləmədiyi üçün dostlarından ona İstanbula gəlməsi üçün bilet almalarını istəyib. Dostları da Tehran-İstanbul-Berlin reysi üzrə bilet alıblar. Lakin İstanbul aeroportundakı polisdən verilən məlumata görə, həmin reyslə İstanbula daxil olmayıb. 5 martda Almaniyaya qayıtmalı idi. 4 martdan telefonu sönüb, xəbər yoxdur. DİA.AZ-ın məlumatına görə, oğlundan günlərdir ki, xəbər almayan Fəridin anası Dilarə Əsgərova “Yeni Müsavat”a dedi ki, hələ də bir xəbər yoxdur: “Elə indicə Azərbaycan Xarici İşlər Nazirliyi ilə əlaqə saxladıq, İran heç bir məlumat vermir. Biz də hələ ki heç nə öyrənə bilməmişik, gözləyirik”. Azərbaycan Öyrənci Hərəkatının (AZOH) sözçüsü Əmir Mərdani gənc tələbənin siyasi səbəblərlə tutulması ehtimalının yüksək olduğunu deyib (Axar.az): “Böyük ehtimalla ortada siyasi səbəblər var. 27 yanvarda elçiliyimizə hücumdan sonra İran və Azərbaycan arasında gərginlik yaşanır. Həmçinin Azərbaycan dövləti İranın casuslarını üzə çıxardı. Yəni Azərbaycan uzun illər onlara səbirlə davranırdı, çalışırdı bu məsələyə toxunulmasın. Səfirliyimizə hücumdan sonra Azərbaycan İran casuslarını ölkədən çıxarmağa başladı. İran da buna təpki verir. İsraillə Azərbaycan arasında olan yaxınlaşma da İranı narahat edən məsələlərdəndir. Dəfələrlə İran tərəfindən buna görə hədələr gəlib”. İranın başqa ölkənin sivil vətəndaşlarından siyasi məqsədlərlə istifadə etdiyini dilə gətirən Əmir Mərdani bildirib ki, Tehran bundan öz maraqları üçün istifadə edəcək: “İran hər zaman bu məsələlərdən öz ambisiyaları naminə yararlanıb. İranda səfərdə olan əcnəbi vətəndaşları tutaraq, onları girov kimi saxlayır ki, sonra istifadə etsin. Bu, İranın tanınmış metodlarından biridir. Bunu son zamanlarda Belçikaya, Amerikaya, İngiltərəyə, Hollandiyaya, İsveçə tətbiq edib. Çox sayda ölkələr var ki, onların vətəndaşını tutub, müzakirələrdə istifadə edib, girovları buraxmağın qarşılığında öz casuslarını o ölkələrdən geri qaytarıb. Girovlar üçün pul da alır. Yəni belə şarlatanlıq və yolkəsənlik edir. Belə görünür ki, İran azərbaycanlı tələbənin tutulmasından faydalanmaq istəyir. Fərid Səfərlinin yoxa çıxmasında şəxsi məsələ yoxdursa, böyük ehtimalla ona "casusluq" ittihamı veriləcək. Bu, İran tərəfindən normalda istifadə olunan yöntəmdir. Tutduğu şəxsin vətəndaşı olduğu ölkə ilə münasibətindən çıxış edərək ona cəza tətbiq edir". O, İranın bununla bağlı bənzər təcrübələrindən də danışıb. Bu versiya nə dərəcədə real ola bilər? İran niyə Bakının notasına cavab vermir? dia-az.life-ın məlumatına görə, sabiq təhlükəsizlik xidməti polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, əgər şəxsi zəmində baş verməyibsə, digər variant ağlabatandır: “Qız arxasınca getdiyinə görə şəxsi zəmin elementləri də ola bilər. Ola bilsin qısqanclıq zəminində qızın qohumları, yaxud nişanlısına görə nə isə ola bilər. Amma bu deyilsə, ikinci variantdır. Ona görə ki, bu ilk deyil. Dəfələrlə İran xüsusi xidmət orqanları hətta bizim tanınmış şairlərimizi Fəridlə Şəhriyarı da uzun müddət saxlamışdılar. Nəyəsə məcbur etmək istəyirdilər. Tanınmış jurnalistlərimizi də saxlayıblar, şantaj ediblər, hətta onlar aradan çıxmaq üçün razılaşıblar, amma sonradan gəlib dövlətə etiraf ediblər, cinayət məsuliyyəti daşımayıblar. Xüsusilə bilirəm ki, İran Almaniyada din bayrağı adı altında xüsusi işlər görür. Almaniyada azərbaycanlılara təsir etmək üçün başqa məzhəbdən olanları özlərinə cəlb edirlər. Oradakı azərbaycanlıları Azərbaycana qarşı çıxarmaq üçün işlər görürlər. Ola bilsin ki, Fəridə qarşı da Almaniyada yaşadığına görə bu istiqamətdə işlər görürlər ki, özlərinə məxfi əməkdaş etsinlər, Almaniyada tapşırıqları yerinə yetirsinlər. Burada daha çox məntiqli görünən versiyalardan biri İran xüsusi xidmət orqanlarının məhz azərbaycanlı olan gənclərin harada fəaliyyət göstəməsindən asılı olmayaraq onlara xidmət göstərməsinə nail olmaq cəhdləridir. Çünki bu, İranın xüsusi xidmətlərinin metodlardan biridir. Onlar üçün məxfi informasiya daşıyıcısı önəmli deyil, onlar üçün siravi insanın belə tapşırıqları yerinə yetirməsi kifayətdir. Əsasən də ideologiya ilə bağlı, misal üçün, bir evdar qadın belə çıxıb məscidin qarşısında bunlara "ağam" desin, bunlara bəs edəcək. Hətta bu istiqamətdə cəlbetmələrlə məşğuldurlar". Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, Fərid Səfərli barədə məlumat daxil olub. Hazırda məsələ ilə bağlı araşdırma aparılır. Onun sözlərinə görə, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərlinin fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub: “Sözügedən məlumata aydınlıq gətirilməsi məqsədilə Xarici İşlər Nazirliyi müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb və hazırda qarşı tərəfdən cavab gözləyir. Azərbaycan vətəndaşı F.Səfərlinin yerinin müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər və araşdırma işləri davam edir. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”. Geri qayıt |