Əsas Səhifə > Partiya, Güney Press > Partiya sədri adına açılan saxta hesabdan DANIŞDI

Partiya sədri adına açılan saxta hesabdan DANIŞDI


22-03-2023, 15:43
Partiya sədri adına açılan saxta hesabdan DANIŞDI
Zaman-zaman bir çox siyasətçilərin və məşhur şəxslərin adına saxta hesablar açıldığının və oradan insanlara müxtəlif səpkili çağırışlar edildiyinin şahidi oluruq. Təbii ki, bu cür saxta əməllərin dələduzlar tərəfindən törədildiyi və məqsədin sadəcə pul qazanmaq olduğu heç kimə sirr deyil. Lakin heç də bütün insanlar bu əməllərin dələduzların “əl işi” olduğunu bilmir və beləcə fırıldaqçıların qurbanına çevrilir. Əlbəttə ki, bütün dünyada baş verən bu cür hadisələrdən Azərbaycan cəmiyyəti də sığortalanmayıb. Bu yaxınlarda Ağ Partiya sədri Tural Abbaslının adına yaradılan saxta səhifədən edilən çağırışlar mövzunu yenidən gündəmə gətirib. Bəs görəsən bu cür saxta postları paylaşan kimlərdir? Bu, Tural Abbaslıya qarşı yönələn xüsusi hazırlanmış təxribatdır yoxsa partiya sədrinin cəmiyyətdəki nüfuzunuzdan istifadə edərək insanları aldatmağa yönələn addımlardır?

dia-az.life-ın məlumatına görə, məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, bu cür saxta səhifələr yatratmaqla mənim və ailəmin şəkilləri paylaşılır: “Bu, doğru deyil. Öz şəxsi səhifəmdə yayımladığım fotoları götürüb paylaşırlar. Sanki mənim səhifəmdir görüntüsü yaradaraq guya hədiyyə paylanılır deyə müxtəlif çağırışlar edirlər. Bunlar dələduzların əməlləridir. Cəmiyyətdəki nüfuzumuzdan və tanınmağımızdan yararlanaraq gəlir əldə etmək istəyirlər. Bu, birinci hal deyil və dəfələrlə baş verib. Mən öz şəxsi təsdiqlənən hesabımdan postun saxta olduğu haqda rəy yazmışam. Bunun dələduzların “əməli” olduğunu bildirərək insanlara aldanmamaqla bağlı çağırışlar etmişəm. Təbii ki rəsmi hesabımdan həm də bu postu və səhifəni şikayət etmişəm. Bir çox hallarda Facebook belə saxta hesabları aradan qaldırıb”.

Tural Abbaslı hesab edir ki, bu cür hallar təkcə onun şəxsinə qarşı yönəlməyib: “Cəmiyyətdə az-çox tanınan və nüfuzu olan hər kəsin adına saxta hesab açaraq müxtəlif paylaşımlar edirlər. Hətta müğənnilərin və sosial media fenomenlərinin də adına bu cür saxta hesablar yaradılır. Əslində bu, böyük bir problemdir. Bir çox hallarda biz bu cür səhifələri görməyə bilərik. Ona görə də, insanları saxta vədlərə inanmamağa çağırıram. Heç kim boş yerə kiməsə pul paylamaz. Burada yüz faiz dələduzluq elementi var. Hüquq mühafizə orqanlarına da çağırış edirəm ki, belə məsələləri diqqətə götürsünlər və insanları aldatmağa çalışan dələduzları ifşa etsinlər”.

Geri qayıt