Əsas Səhifə > Partiya, Güney Press > Avropadakılar yeni qanunumuzu bəyənməyiblər...

Avropadakılar yeni qanunumuzu bəyənməyiblər...


24-03-2023, 08:00
Avropadakılar yeni qanunumuzu bəyənməyiblər...
Avropa İttifaqı Azərbaycanda siyasi partiyalar haqqında yeni qanunla tətbiq edilmiş məhdudiyyətlərdən narahatlığını bildirib. Azərbaycan hakimiyyəti Venesiya Komissiyasının və ATƏT DTİHB-nin tövsiyələrini yerinə yetirməyə çağırılıb. DİA.AZ bildirir ki, bu barədə Aİ-nin Xarici Siyasət Xidmətinin 22 mart tarixli bəyanatında deyilir.

"Avropa İttifaqı siyasi partiyalar haqqında yeni qanunla tətbiq edilmiş məhdudiyyətlərdən narahatdır. Bu, Azərbaycanda siyasi plüralizmə və birləşmək, fikri ifadə etmək və dinc toplaşmaq azadlığı kimi əsas hüquq və azadlıqlara çəkindirici təsir göstərə bilər", deyə Aİ-nin Xarici Siyasət Xidmətinin saytında yer alan bəyanatda bildirilir.

Bu hüquqlar "demokratik cəmiyyətin fəaliyyəti üçün əsasdır". Aİ israrla Azərbaycanı Avropa Şurası Venesiya Komissiyasının əvvəlki siyasi partiyalar haqqında qanunla bağlı köhnə tövsiyələrini, habelə Venesiya Komissiyasının və ATƏT DTİHB-nin yeni qanunla bağlı 13 mart tarixli rəyində yer alan tövsiyələri yerinə yetirməyə çağırır.

"Siyasi partiyalar siyasi özünüifadənin əsas kollektiv aləti olaraq vətəndaşların siyasi iradəsini ifadə etməsinə şərait yaradır.

Dinamik, hesabatlı və inklüziv çoxpartiyalı sistemlərə zəmanət verilməlidir", deyə bəyanatın sonunda bildirilir.

Bundan öncə Avropa Şurası Venesiya Komissiyası ilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu da sözügedən qanunla bağlı birgə rəyini açıqlamışdı.

Birgə rəydə partiya üzvlərinin minimum sayının 1000 nəfərdən 5000 nəfərə qədər artırılması; qeydiyyatdan keçmiş siyasi partiyaların yenidən qeydiyyata alınması zərurəti; dövlət qeydiyyatı olmadan siyasi partiyanın fəaliyyətinə qadağa qoyulması; Ədliyyə Nazirliyinin partiya fəaliyyətinə həddindən artıq nəzarəti kimi məqamların narahatlıq doğurduğu qeyd edilmişdi.

Venesiya Komissiyası ilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu hakimiyyətə sözügedən çatışmazlıqları aradan qaldırmağı təklif etmişdi.

Geri qayıt