Əsas Səhifə > Partiya, Güney Press > "Siz necə demokratsız ki, gedib İran molları ilə eyni səngərdə yer almısız"

"Siz necə demokratsız ki, gedib İran molları ilə eyni səngərdə yer almısız"


9-04-2023, 01:53
"Siz necə demokratsız ki, gedib İran molları ilə eyni səngərdə yer almısız"
Xeyli soydaşımız “İran Təranələri”nin sədaları altında rəqs eləyir. Aralarında müxalifətçisi də var, şairi, yazıçısı da. Müxtəlif bəhanələrlə iqtidarın, daha doğrusu İlham Əliyevin İrana qarşı apardığı mübarizəyə mız qoyurlar. Bu çevrədə olanların hər birinin öz marağı var.
Yadınızdaırsa, Tehrandakı səfirliyimizə molla rejiminin xeyir-duası ilə terror hücumu təşkil edən şəxsin də müdafiəsinə qalxanlar vardı. And-aman edirdilər ki, bu, terror-filan deyil. Sadəcə, birisi ailə-məişət zəminində səfirliyə hücum edib. Bu işdə İran iqtidarının əli yoxdur. Hətta, bəziləri bir az da qabağa gedib səfirliyə olan hücuma görə Azərbaycan tərəfini ittiham edirdi ki, hücum edən şəxsdən rüşvət istəyiblər.
Elə eyni adamlar indi də buyurur ki, Fazil Qzənfəroğluna qarşı terror hücumu olmayıb. Ümumiyyətlə, bu iş iqtidarın sifarişi ilə səhnələşdirilib, qurama işdir. İranın bu işdə də heç bir günahı yoxdur. Biri deyir ki, Fazil bəyə rezin güllə atılıb, o biri deyir ki, yox, marmeladdan düzələn “güllələri” öz gözümlə görmüşəm.
Mənim baxışıma görə, dövlətçiliklə bağlı elə məsələlər var ki, o məsələlərə görə İlham Əliyevə qarşı çıxmaq olmaz. Hansı məsələlərdir? Qarabağ məsələsi bu işin başında gəlir. Eləcə də İran məsələsində dövlətin yeritdiyi rəsmi xəttə qarşı çıxmaq vətənə xəyanət kimi bir şeydir. Hətta dövlətin yeritdiyi xəttə qarşı çıxanlar belə İranı müdafiə etməli deyil.
İran Azərbaycana düşmən ölkədir. Fars şovinistləri erməni faşistlərinin daha eybəcər formasıdır. Və ermənilər də, farslar da türk varlığına və dövlətinə qənim kəsiliblər. Özü də bu düşmənçilik Azərbaycan müstəqilliyini qazandığı ilk gündən başlayıb. O vaxt Əbülfəz bəyə qarşı çıxan İran AXC-Müsavat iqtidarının devrilməsində müstəsna rol oynadı. Sürət Hüseynovun hərbi çevriliş cəhdinə dəstək vermək üçün İran səfiri şəxsən Gəncəyə təşrif buyurmuşdu. İndi isə bir çox cəbhəçilər, hətta rəsmən müsavatçı olub özünü cəbhəçi kimi aparan Tofiq Yaqublu da bu sırada yer alır.
Soruşmaq ayıb olmasın, siz necə demokratsız ki, gedib İran molları ilə eyni səngərdə yer almısız. İran Azərbaycanı məhv eləmək istəyir. Siz də bu prosesdə düşmənə dəstək verirsiz. Azərbaycan xalqı hansı məntiqlə siz inanmalıdır? Xalq görür ki, siz mollarla eyni mövqedə dayanmışı və birlikdə Azərbaycan dövlətini və xalqını təhdid edirsiz.
İqtidarın gördüyü elə işlər var ki, ona bütün namuslu adamlar etiraz etməlidir. Məsələn, rüşvətxorluq, korrupsiya, klançılıq, siyasi məhbuslar, mətbuat azadlığı, seçki saxtakarlığı,”Tərtər işi”, məhkəmələrin siyasi sifarişlə qərar çıxarması və.s. Nədənsə bizim müxalifət bütün bunları bir kənara qoyub iqtidarın Qarabağ və İran siyasətini təftiş edir. Özü də qərəzli şəkildə həqiqəti təhrif edərək...

Elbəyi HƏSƏNLİ - DİA.AZ

Geri qayıt