Əsas Səhifə > Partiya, Güney Press > Müxalifətin yeni birliyinə kimlər daxildir?

Müxalifətin yeni birliyinə kimlər daxildir?


25-01-2014, 11:04
Müxalifətin yeni birliyinə kimlər daxildir?
Müsavat Partiyasının Milli Şuradan ayrıldıqdan sonra yeni birlik yaradacağı haqqında mətbuata informasiyalar sızdırılırdı. Qeyd edək ki, artıq yeni blok yaradılacağı barədə müəyyən anonslar var. Belə ki, Müsavat Partiyasının funksioneri Gülağa Aslanlı Hafta.az-a açıqlamasında “siyasi şəraitdən, ölkədəki və beynəlxalq vəziyyətdən asılı olaraq bu məsələ hər zaman gündəmə gələ, müzakirə edilə bilər. Yeni birliklər də yaradıla bilər”, - deyə öz münasibətini bildirdi.
Hafta.az-ın debatında Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu və Müasir Müsavat Partiyasının rəhbəri Hafiz Hacıyev yeni müxalifət blokunun yaradılmasının nə dərəcədə real və lazımlı olması haqqında fikir bildirdilər.
Sərdar Cəlaloğlu bildirir ki, hansısa birliyin yaradılması barəsində ona məlumat verilməyib. Ancaq müxalif partiyalar birliyinin yaradılmasına ehtiyac var:
“Hələ ki, hansısa birliyin yaranması haqqında məndə məlumat yoxdur. Əgər hər hansı birlik yaradılacaqsa, onun ideyası və tərəfləri məlum olduqdan sonra biz də birliyə qoşulmaqla bağlı öz fikrimizi bildirərik. Mən hesab edirəm ki, müxalifət yeni bir konfiqurasiya yaratmalıdır. Müsavat Partiyası hər hansı birliklə təşəbbüs qaldırarsa və bizə təklif olarsa əlbəttə ki, biz bu təklifi müzakirə edib dəyərləndirib və adekvat qərarımızı verəcəyik”.

Sərdar Cəlaloğlu birlik yaradılarsa, orada kimləri görmək istəyir?
“Mənə elə gəlir ki, həmin birliyə hər bir partiya daxil olmalıdır. Ən azından ədalətli seçkilər istəyən, parlament seçkilərindən məhrum olan qüvvələr və digərləri bu birliyə qoşulmalıdır”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev fərqli düşünür. O, həmkarından fərqli olaraq bildirir ki, bu kimi birliyin yaradılması mümkün deyil:

“Şəxsən mən satqınlar birliyində heç vaxt olmadığıma görə, bu kimi birlik yaradılarsa, orada yenə iştirak etməyəcəyəm. Xarici dövlətlərin qrantı hesabına Azərbaycanı biabır edənlərin sırasında qətiyyən olmaram. Qaldı ki, Müsavat Partiyasının birliklə bağlı təşəbbüsünə, hesab edirəm ki, onlar heç kimi bir araya gətirə bilməyəcəklər. Yalnız məndə olan məlumata görə, bu birliyə Pənah Hüseyn və digər 2 nəfər qatıla bilər. Artıq onların maskaları yırtıldı. Kərimov Əlinin də, Qəmbərov İsanın da iç üzünü hər kəs bilir. Son günlər gördüyünüz kimi mənim 10 il bundan qabaq dediyim həqiqətlərlə bu gün bunlar bir-birilərini ifşa edirlər. Rusiya Ukraynaya hissə-hissə pul verdiyi kimi, Qəmbərov İsaya da bu cür pul veriblər deyə o birləşməkdən danışır. Guya birləşib hakimiyyəti devirəcəklər”.

Partiya sədri bildirir ki, ona zəng edərək birliyə dəvət ediblər:
“Mənə müəyyən adamlar tərəfindən mesaj göndəriblər ki, Kərimov Əli haqqında məndə olan fikirləri deyim. Cavabında demişəm ki, mən onlarla birliyə heç zaman qatılmaram”.

Geri qayıt