Əsas Səhifə > Partiya, Güney Press > “İranın casus şəbəkəsini yalnız həbslərlə sarsıtmaq mümkün olmayacaq...”

“İranın casus şəbəkəsini yalnız həbslərlə sarsıtmaq mümkün olmayacaq...”


10-04-2023, 16:30
“İranın casus şəbəkəsini yalnız həbslərlə sarsıtmaq mümkün olmayacaq...”
“İranın Azərbaycandakı casus şəbəkəsinin sarsılmasından danışmaq hələ tezdir. Hələ tələsmək olmaz... Bu cənub qonşumuzun ölkəmizdəki agentura şəbəkəsi hələ də geniş və güclüdür. Bunun əsas səbəblərindən biri də odur ki, müvafiq qurumlar, dini işlərlə olan məşğul olan komitə və Qafqaz müsəlmanları idarəsi son 20-30 il ərzində İranın Azərbaycan xalqı, xüsusən də gənclər arasında öz siyasi maraqlarına xidmət edən dini təbliğatın aparılmasına, məscidlərimizdə öz adamlarının yerləşdirilməsinə qarşı ciddi bir iş görməyib. Hətta deyərdim ki, Qafqaz Müsəlmanları İdarəsi İrana xidmət istiqamətində fəaliyyət göstərib”.

DİA.AZ bildirir ki, bu fikirləri Moderator.az-a açıqlamasında Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov ifadə edib.

“Onu da bilmək lazımdır ki, İran kəşfiyyatının yatmış hücrələri, bu ölkənin maraqlarına xidmət istiqamətində əmrə tabelik həvəsində olan şəxslər çoxdur və onlar mərhələ-mərhələ müxtəlif şəkildə fəallaşdırılır. Odur ki, bu genişmiqyaslı düşmən fəaliyyətinin qarşısını yalnız təhlükəsizlik, hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə, həbslərlə, cəza tədbirləri ilə almaq olmaz. Dövlət və cəmiyyət tərəfindən düzgün təbliğat və maarifləndirmə işləri aparılmalıdır. İslam dinini olduğu kimi, hansısa dövlətin siyasətindən, maraqlarından uzaq şəkildə anlatmaqla yanaşı, Azərbaycandakı cəmiyyətin dünyəviliyinin İrandakı dini, teokratik sistemdən üstün olduğu təbliğ edilməlidir. Perspektivdə insanların, gənclərin, bütövlükdə ölkənin inkişafı üçün dünyəvi sistemin daha faydalı olması beyinlərə yeridilməlidir. Daha çox daxili azadlıqlara imkan verilməlidir. Həmin azadlıqların olmamasının nəticəsidir ki, İranın və ya digər ölkələrin xəfiyyələri gənclərimizi ibadət adı altında məscidlərə cəlb edərək onların beyinlərini ya radikal irançı şiəliklə, yaxud vəhabiliklə doldura bilirlər”,- deyə partiya lideri bildirib.

“Dövlətimiz bütün bunlardan nəticə çıxarmalıdır ki, gənclərimiz inkişafı üçün ciddi bir proqram təşkil edilsin və o, ciddi şəkildə həyata keçirilsin. Gənclərin faydalı işlərə cəlb olunması üçün yalnız hesabatlarda, kağızda yox, real tədbirlər görülsün, gerçək həyatda onların normal yaşayışı, inkişafı, dünyaya çıxışı üçün şərait yaradılsın. Və nəticədə gənclərimiz, bütün vətəndaşlarımız da dünyəvi sistemin üstünlüklərini görsünlər və təbliğ edə bilsinlər. Bu deyilən tədbirlər görülmədiyi halda həmin irançılar və ya başqaları gənclərimizin beyinlərini yuya, öz işlərinə cəlb edə biləcək və ölkədə hansısa məmur ordusunun haqsızlıqlarına qarşı çıxış yolunu məhz radikal dinçilikdə göstərəcəklər. Odur ki, deyilən tədbirlərin görülməsi çox vacibdir. Yəni, bir daha təkrar edirəm, İranın casus şəbəkəsini yalnız həbslərlə, kimlərinsə məsuliyyətlə cəlb edilməsi ilə sarsıtmaq mümkün olmayacaq”- deyə Etibar Məmmədov vurğulayıb.

Geri qayıt