Əsas Səhifə > Partiya, Güney Press > "Bu, xırda xuliqanlıq, hansısa narkomanın, tüfeylinin işi deyil"
"Bu, xırda xuliqanlıq, hansısa narkomanın, tüfeylinin işi deyil"21-04-2023, 08:09 |
Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyevin iştirakı ilə Sabunçu rayonunun Balaxanı qəsəbəsindəki rus qəbiristanlığına baxış keçirilib. Zeynal Nağdəliyev yerində sakinlərlə, o cümlədən rus icmasının nümayəndələri ilə görüşüb. Tapşırığa uyğun olaraq ərazidə abadlıq işlərinə başlanılıb, su xəttinin çəkilməsi ilə əlaqədar aidiyyəti qurumlara müraciət edilib, sındırılmış məzar daşlarının yenisi ilə əvəz olunmasına, habelə mühafizə məqsədilə qəbiristanlığın hasarlanmasına qərar verilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) cinayət işi başlanıb. Əməli törədən şəxsin, yaxud şəxslərin müəyyən edilib istintaqa cəlb edilməsi istiqamətində tədbirlər görülür. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda isə bildirilir ki, bəzi sosial şəbəkə səhifələrində Bakı şəhərində yerləşən qəbiristanlıqlardan birində qəbirlərin dağıdılmasına dair videogörüntülər paylaşılıb. Qeyd edilir ki, Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində naməlum şəxs və ya şəxslərin Bakı şəhəri, Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşən qəbiristanlıqda məzarüstü abidələrin zədələnməsi, xatirə daşları və lövhələrin dağıdılması kimi rüsvayedici əməllərlə qəbirlər üzərində təhqiredici hərəkətlərin edilməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə ictimai təhlükəli əməli törətməkdə təqsirləndirilən şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində intensiv tədbirlər davam etdirilir. Yada salaq ki, bir neçə il əvvəl də bu qəbiristanlıqda 150-yə yaxın qəbir dağıdılmışdı. Hökumətin məsələni dərhal diqqətə götürməsi və hüquq-mühafizə orqanlarının hərəkətə keçməsi onu deməyə əsas verir ki, bu hadisə bomjların və ya narkomanların əməlinə oxşamır. Mümkündür ki, bu vandalizm aktında çirkin məqsədlər olsun. Azərbaycanın bütün millətlərin adət-ənənələrinə daima hörmətlə yanaşdığı bütün dünyanın bildiyi faktdır. Amma o da mümkündür ki, qəbiristanlıqdakı vandalizm aktı rus millətindən olan vətəndaşlarımız arasında narazılıq, guya Azərbaycanda dini dözümsüzlük olması barədə rəy yaratmaq məqsədi daşısın. dia-az.life-ın məlumatına görə, AĞ Partiyanın başqanı Tural Abbaslı “Yeni Müsavat”a deyib ki, dünyada qəbul olunmuş qaydaya görə, qəbiristanlığa hücum daha çox siyasi akt kimi qəbul olunur: “Kimsə deyə bilməz ki, qəbir mənə filan sözü dedi və mən də belə etdim. Bu, xırda xuliqanlıq, hansısa narkomanın, tüfeylinin işi deyil. Avropada da belə hadisələr olur. Zaman-zaman yəhudi, müsəlman qəbiristanlıqlarına hücumlar olur. Bu hücumlar siyasi aksiya kimi qəbul edilir. Azərbaycanda belə hadisələr demək olar ki, baş vermir. Müsəlman ölkəsi olsaq da, yəhudi, xristian qəbiristanlıqları var. Regionlarmızı götürsək, bizim rayonda-Ağstafada İkinci Dünya müharibəsi dövründən alman sakinlərin qəbirləri qalıb. Hitlerə, faşizmə münasibətdən asılı olmayaraq, kimsə həmin qəbirlərə toxumağı düşünmür. Bu gün Rusiyanın özünü necə aparmasından asılı olmayaraq, Azərbaycanda rus qəbirlərinə hücum provokasiyadan başqa bir şey deyil”. Partiya sədri deyir ki, bu cür addımlar Rusiyaya da sərf edə bilər: “Rusiya Ukraynaya hücum edərkən belə bir fikir işlədilirdi ki, guya orada rus dilinə, mədəniyyətinə qarşı hücumlar var. Bu hücumları əsas kimi göstərib Ukraynaya qarşı hücuma keçdi. Eyni zamanda bu, Avropanın da maraqlarını əhatə edir. Çünki Avropa Ermənistanı Azərbaycandan "müdafiə" etmək üçün ölkəmizdə dini dözümsüzlüyün olduğunu, ermənilərə qarşı aqressiv münasibətin olmasını və Azərbaycan xalqının tolerant olmadığını göstərmək üçün də belə aksiya gerçəkləşdirilə bilər". Partiya sədri deyib ki, belə aksiyaları səbəbi, məqsədi nə olmasından asılı olmayaraq pisləyirik: “Xüsusi xidmət orqanlarımızı da tez bir zamanda bu cinayəti törədənləri aşkarlayıb istintaq cəlb etməyə çağırırıq. Azərbaycanın indiki həssas dönəmini nəzərə alsaq, bu cür aksiyalar ikiqat təhlükəli ola bilər. Güman edirəm ki, hüquq mühafizə orqanları tez bir zamanda belə aksiyaları törədənləri tapıb müvafiq olaraq cəzaya çatdırarlar”. Sabunçu Rayon İcra Hakimiyyətindən “Yeni Müsavat”a bildiriblər ki, 1-ci vitse-prezident Mehriban Əliyevanın tapşırığına əsasən, 8 hektar ərazidə yerləşən qəbiristanlıq abadlaşdırılacaq. Zədələnmiş məzarlar, məzarüstü abidələr bərpa olunacaq, ərazi hasara alınmaqla videomüşahidə kameraları vasitəsilə nəzarətə götürüləcək. Həmçinin qəbiristanlıq ərazisinə su xəttinin çəkilişi də nəzərdə tutulub. İcra hakimiyyətindən qeyd ediblər ki, qəsəbə ərazisindəki 1941-1945-ci illər müharibəsində həlak olanların uyuduğu “Qardaşlıq məzarlığı” da abadlaşdırılacaq. Hər iki qəbiristanlığın mühafizəsinin təşkili üçün müvafiq qurumlara müraciət də göndərilib. Geri qayıt |