Əsas Səhifə > Partiya, Güney Press > “Qarabağdakı ermənilər özbaşına qalsa, əlbəttə ki, Azərbaycan vətəndaşlığını qəbul etməyəcəklər...”
“Qarabağdakı ermənilər özbaşına qalsa, əlbəttə ki, Azərbaycan vətəndaşlığını qəbul etməyəcəklər...”26-04-2023, 12:22 |
“Artıq lazımi tədbirlər görülməlidir ki, 5 illik müddət bitdikdən sonra Rusiyanın “sülhməramlı” adlanan hərbi kontingentinin torpaqlarımızda mövcudluğuna heç bir ehtiyac qalmasın. Həmin tədbirlərdən biri də ondan ibarətdir ki, Laçın rayonunun Ermənistanla sərhəd hissəsində, yəni Gorus-Laçın-Xankəndi yolu üzərində Azərbaycanın sərhəd-buraxılış məntəqəsi yaradıldıqdan sonra oradan həm ermənilərin, həm də Rusiya hərbçilərinin gediş-gəlişi Azərbaycanın qanunlarına uyğun müəyyən çərçivəyə salınmalıdır”. DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında Milli Istiqlal Partiyasının lideri Etibar Məmmədov söyləyib. “Və bundan sonra Qarabağdakı ermənilər qarşısında bir vəzifə duracaq ki, artıq özləri qərar versinlər; onlar Azərbaycanın sərhəd-keçid məntəqəsindən keçib getmək istəyirlərsə, əllərində ya Ermənistanın, ya da Azərbaycanın şəxsiyyət vəsiqəsi olmalıdır. Yəni “Dağlıq Qarabağ” dövlət deyil, onun hazırlatdığı heç bir sənəd də keçərli deyil. Kim Ermənistan vətəndaşlığını qəbul etmək istəyirsə, Ermənistan pasportu alıb çıxıb gedə bilər və sonra müvəqqəti şəkildə gəlib Qarabağdakı qohum-əqrəbasına baş çəkə bilər. Və yaxud Azərbaycan vətəndaşlığını qəbul edərək Azərbaycan vətəndaşı kimi başqa ölkələrə, o cümlədən Ermənistana bizim qanunvericiliyinə uyğun qaydalarla gedib-gələ bilərlər” – deyə açıqlamasının davamında həmsöhbətimiz bildirib. “Yəqin ki, Moskva Ermənistanla sərhəddə -Laçın-Xankəndi yolunun girişində sərhəd-buraxılış məntəqəmizin yaradımasından sonra da Yuxarı Qarabağın qalan ərazilərinin Azərbaycanın yurusdiksiyasına qaytarılmasına mane olmağa çalışacaq. Bunun qarşısını almaq üçün hansı tədbirləri görməliyik” sualını cavablandırarkən Etibar Məmmədov bunları söyləyib “Moskvanın imkanları olsaydı, bu günədək Qarabağdakı proseslərin Azərbaycanın xeyrinə getməməsi üçün çox işlər görərdi. Amma yaxşı ki, mövcud durumda Rusiya hakimiyyətinin bunun üçün o qədər də geniş imkanları yoxdur. Bu gün də belə bir gücləri yoxdur, sabah və ya o biri gün də olacağı hələ böyük sual altındadır. Ancaq Kremldəkilər unutmamalıdırlar ki, bura Azərbaycanın suveren ərazisidir və Azərbaycan dövləti Rusiyanın sülhməramlı hesab olunan hərbi kontingentinə 5 illik müddətinə icazə verib ki, iki ölkə arasında və bölgədə sülhün bərqərar olması naminə Qarabağda müvəqqəti fəaliyyət göstərsinlər. Yəni sülhyaratma missiyası həyata keçirsinlər. Lakin təəssüf ki, əvvəl də qeyd etdiyimiz kimi, Rusiya hərbçiləri öz missiyalarından kənara çıxaraq Azərbaycan torpaqlarında ermənilərin yenidən qeyri-qanuni məskunlaşdırılması, tikinti, humanitar yardım və s. işlərlə məşğul olurlar. Bunun qarşısı əlbəttə ki, alınmalıdır”. Həmsöhbətimiz “Bu günlərdə İlham Əliyev bir daha Qarabağdakı ermənilərə çağırış etdi ki, ya vətəndaşlığımızı qəbul edin, ya da özünüzə yer seçin. I Qarabağ savaşı dövründən onların xarakterinə bələd olan biri kim necə hesab edirsiz, oradakı ermənilər arasında vətəndaşlığını qəbul edənlər olacaqmı?” sualını da cavablandırıb. “Qarabağdakı ermənilər özbaşına qalsa, əlbəttə ki, Azərbaycan vətəndaşlığını qəbul etməyəcəklər. Ancaq dünyada 2020-ci ildəki ikinci Qarabağ savaşında da həyata keçirilmiş bir prinsip mövcuddur: sülhə məcburetmə əməliyyatları... Bunu nəzərə alaraq ermənilər də əgər Azərbaycan ərazisində yaşamaq istəyirlərsə, Azərbaycan qanunlarına tabe olmalıdırlar. Və bunun üçün öncə dediyimiz kimi, Ermənistana gedib-gəlmək üçün sənədləri olmalıdır. Azərbaycan sənədini istəyirlərsə, alacaqlar. Bunu istəməyənlər isə sənədsiz-filansız qalaraq Azərbaycan ərazisində də heç bir yaşam və ölkədən xaricə gediş-gəliş hüququna malik olmayacaqlarını nəzərə almalıdırlar”,-deyə partiya lideri vurğulayıb. Geri qayıt |