Əsas Səhifə > Partiya, Güney Press > Lentsov da sonunu gətirir:

Lentsov da sonunu gətirir:


3-05-2023, 00:05
Lentsov da sonunu gətirir:
“Ermənilər özləri də çox yaxşı anlayırlar ki, sərhəddə qurduğumuz nəzarət-buraxılış məntəqəsindən geri dönüş yoxdur. Azərbaycan 1991-ci ildən bu yana sərhədlərini tam olaraq bərpa edib. Bu da növbəti uğurdur”.

DİA.AZ bildirir ki, bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Cebhe.info-ya açıqlamasında deyib. O, Laçın-Xankəndi yolunda qurulan nəzarət-buraxılış məntəqəsində skayner aparatlarının qoyulduğunu və keçən yüklərin yoxlanılması ilə bağlı çox ciddi mövqe nümayiş etdirildiyini diqqətə çatdırıb:

“Əslində Rusiyanın bu cür manevrlər etməsi və sülhməramlıların komandanının separatçılarla görüşərək, onlara ümid verməyinin məqsədi erməniləri bu mərhələdə incik salmamaqdır. Çünki Rusiya tərəfi də çox ciddi olaraq məlumatlıdır və əmindir ki, Azərbaycan heç bir halda geri addım atmayacaq. Konkret olaraq, həmin nəzarət məntəqəsinin qurulması ilə Azərbaycan öz suveren hüquqlarını bərpa etdi. Heç kim bizə öz ərazilərimizdə nəzarət-buraxılış məntəqəsi “qoyma” deyə bilməz. Ümumiyyətlə, heç bir beynəlxalq qanunla və beynəlxalq norma və prinsipləri ilə bu məsələyə müdaxilə etmək olmaz. Ermənilər növbəti dəfə beynəlxalq ictimaiyyətə özlərini məzlum formada göstərməyə və həqiqətləri əyri formada dünyaya təqdim etməyə cəhd göstərirlər. Lakin bu da heç bir nəticə verməyəcək”.

Partiya sədri vurğulayıb ki, sülhməramlıların yeni komandanı Aleksandr Lentsovun separatçılara ümid verərək danışıqlar aparacağını deməsi yanlışdır:

“Hansı danışıqlardan söhbət gedə bilər? Azərbaycanın mövqeyi ortadadır. Rusiya sülhməramlılarının komandanı heç bir halda bu məsələ ilə bağlı Azərbaycan rəhbərliyinə münasibət bildirə bilməz. Çünki o buyruqquludur və faktiki olaraq Rusiyanın hərbi-siyasi rəhbərliyinin tapşırıqlarını yerinə yetirir. Rusiyanın siyasi və hərbi rəhbərliyi isə məsələ ilə bağlı məlumatlandırılıb. Onlar da Azərbaycanın öz suveren hüquqları prizmasından məsələyə yanaşdığı reallığı ilə barışıblar”.

Arzuxan Əlizadə qeyd edib ki, əslində Aleksandr Lenstov ilk növbədə Azərbaycanın hərbi rəhbərliyi ilə görüşməli idi:

“Amma buna baxmayaraq, o da sələfləri kimi yenə də ilk növbədə erməni separatçıları ilə görüşməyi seçdi. Üstəlik, separatçıların əski parçası asılan bir fonda görüş keçirilməsi və şəkil çəkdirilməsi də heç bir halda qəbul oluna biləcək məsələ deyil. Çünki ora Azərbaycan ərazisidir və ilk növbədə yeni gələn komandan Azərbaycanın hərbi rəhbərliyi ilə görüşməyə can atmalı idi. Bu cür yanaşma ilə elə onun da xidmət müddəti əvvəlkilərdən fərqlənməyəcək. Əvəz etdiyi komandanların taleyi onu da gözləyir. Hətta ola bilər ki, Azərbaycan ərazilərini bir qədər tez tərk etməli olacaq”.

Geri qayıt