Əsas Səhifə > Partiya, Güney Press > "Ötən il də əksəriyyət deyirdi ki, qısa müddətdə sülh müqaviləsi imzalanacaq"

"Ötən il də əksəriyyət deyirdi ki, qısa müddətdə sülh müqaviləsi imzalanacaq"


4-05-2023, 00:11
"Ötən il də əksəriyyət deyirdi ki, qısa müddətdə sülh müqaviləsi imzalanacaq"
Son günlər Ermənistanla Azərbaycan arasında bu ayın sonuna qədər sülh müqaviləsinin imzalanacağı ilə bağlı məlumatlar yayılır. Vaşinqton görüşünün Rusiyanın maraqlarına cavab vermədiyi üçün sülh müqaviləsinin imzalanmasının hələ bir müddət uzanacağı görünür.
Bölgədə vəziyyət necədir, sülh müqaviləsinin imzalanması realdırmı?
“Ermənistan Azərbaycan münaqişəsi konteksində son dövrlər böyük güclər Cənubi Qafqaza, bölgəmizə xüsusi maraq göstərir. Bu sirr deyil, açıq aydın görünür. Bir müddət bundan əvvəl Fransanın xarici işlər naziri həm Ermənistana həm Azərbaycana səfər etdi. Rusiya xarici işlər nazirinin sözcüsü Mariya Zaxarova Ermənistan-Azərbaycan xarici işlər nazirlərinin Moskvada görüşü ilə bağlı anons verdi. Bundan sonra Amerika Birləşmiş Ştatları dövlət katibi Blinkenin Ermənistan baş naziri Paşinyanla, daha sonra Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışıqları oldu. Artıq Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü keçirilib. Bu prosesin davam edəcəyi gözlənilir”.

DİA.AZ bildirir ki, bu barədə Bizimyol.info xəbər portalına "Böyük Azərbaycan" Partiyasının sədri, politoloq Elşad Musayev danışıb. Hamını maraqlandıran “Bu yaxınlarda sülh müqaviləsi imzalanacaqmı?” sualına aydınlıq gətirərək bildirib ki, burada "böyük güclər"in çox ciddi maraqları olduğu açıq görünür.

“Maraqlı sualdır. Ötən ildə də əksəriyyət deyirdi ki, qısa müddətdə sülh müqaviləsi imzalanacaq. O zaman mən demişdim ki, sülh müqaviləsini imzalamağa şərtlər imkan vermir. Ermənistan buna hazır deyil. İndi də böyük əksəriyyətin mövqeyi ondan ibarətdir ki, may ayında sülh müqaviləsi imzalanacaq”-deyən politoloq bildirib ki, bu cür düşünmür. Musayevin fikrincə, bu, ciddi prosesdir.

Ermənistan sülh müqaviləsini imzalamağa hazır deyil. Ermənistan rəhbərliyi, Paşinyan və onun komandası, eləcə də müxalifəti və yaxud diasporası, kilsəsi - bunlar Qarabağın Azərbaycanın tərkibində qalmasına razı deyil.

Musayevin fikrincə, ermənilər revanşist əhval-ruhiyədə yaşayırlar. Məğlubiyyətlərinin əvəzini çıxmaq və bu məqsədlə prosesi uzatmaq istəyirlər.

“Bu səbəbdən də, məsələnin qısa müddətdə sülh müqaviləsi ilə, nəticələnəcəyini düşünmək biraz sadəlövhlük olar. Vəziyyət Azərbaycanın xeyrinə işləyir. Biz sərhəddə nəzarət buraxılış məntəqəsi qoymaqla, vəziyyəti öz xeyrimizə dəyişdik. Faktiki ərazi bütövlüyümüz təmin olunub. İndi ölkənin daxilində, Xankəndində və digər bölgələrdə vəziyyəti nizama salmaq lazımdır. Və eyni zamanda şərtlər qoymaq lazımdır. Ona görə bu prosesin bundan sonrakı mərhələdə müəyyən qədər gərginləşəcəyini gözləmək olar. Çünki ermənilər hələ reallıqla barışmırlar. Eyni zamanda Xankəndini ətraf bölgələri biz nəzarətimizə keçirməliyik”-deyən politoloq hesab edir ki, əgər bu danışıqlar bir fayda verməsə, anti-terror əməliyatını keçirməyi gözləmək lazımdır. Çünki ayrı variant yoxdur. Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında müəyyən toqquşmalar da ola bilər. Çünki Rusiya da faktiki açıq-aşkar maraqlı olduğunu ortaya qoyur, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsini bağlanmasını istəmir.

“Rusiya istəyir burda qalsın. Uzun müddət burada qalması üçün bölgədə konflikt olmalıdır. Qarabağdan çıxmaq istəmir, rus qoşunlarını burda saxlayır. Bu səbəbdən də, barışıq olmasına maraqlı deyil”-deyə politoloq əlavə edib.

Geri qayıt