Əsas Səhifə > Partiya, Güney Press > "Ölkələrimiz arasında münasibətlərin gərginləşməsinin səbəbi İran rejimidir"

"Ölkələrimiz arasında münasibətlərin gərginləşməsinin səbəbi İran rejimidir"


11-05-2023, 09:41
"Ölkələrimiz arasında münasibətlərin gərginləşməsinin səbəbi İran rejimidir"
Bir neçə gün öncə İran heç bir əsas olmadan, qarşılıq prinsipinə dayanaraq, ölkəmizin İrandakı səfirliyinin iki və baş konsulluğun da 2 əməkdaşını arzuolunmaz şəxs elan edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Həmçinin qeyd edilir ki, ölkəmizə qarşı atılmış bu addım ikitərəfli münasibətlərə də xələl gətirir.
DİA.AZ-ın məlumatına görə, Milli Məclisin deputatı Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan İran münasibətləri bu günki kimi heç vaxt bu qədər aşağı səviyyəyə enməmişdi.

“Ölkələrimiz arasında münasibətlərin gərginləşməsinin səbəbi İran rejimidir. Azərbaycan öz ərazi bütövlüyünü təmin edənə qədər münasibətlərimiz yüksək səviyyədə inkişaf edirdi və İranın əsl üzü bilinmirdi. Məhz torpaqlarımızın işğalına son qoyulması İranı çox narahat etməyə başladı. Bundan sonra İran ölkəmizə olan kinini açıq şəkildə ifadə etməyə başladı. Sərhədlərimizdə iki dəfə hərbi təlimlər keçirdi. Tehrandakı səfirliyimizə qarşı terror törədildi. Bu cinayət əməlinin istintaqının gedişatı barəsində Azərbaycana heç bir məlumat verilmədi. Heç bir ehtiyacı olmadığı halda Qərbi Zəngəzurda konsulluq açdı”-deyən deputat vurğulayıb ki, İran bu gün də Ermənistanı silahlandırmağa davam edir, Azərbyacanda ictimai-siyasi sabitliyi pozmaq üçün müxtəlif radikal qruplar hazırlayaraq göndərir.

Deputat hesab edir ki, İranın Azərbaycan diplomatlarını arzuolunmaz şəxs adlandırması, İran dövlətinin hərəkətləri ölkələrarası münasibətlərdə gərginliyin artmasına səbəb olur.

“İranla münasibətlərdə dəyişiklik olmalıdır. Çünki, bu gün yaşanan gərginliyin bir məntiqli səbəbi yoxdur. İran hökumətinin Azərbaycanla siyasətinə yenidən baxacacağına və ölkələrimiz arasında münasibətlərin yenidən müsbətə doğru irəliləyəcəyinə ümid edirəm. Azərbaycan sülhü və əməkdaşlığı həmişə dəstəkləyir”-deyə deputat əlavə edib.

Geri qayıt