Əsas Səhifə > Partiya, Güney Press > “Türkiyənin Azərbaycanla müttəfiqliyi Rusiyanın məkrli planlarının qarşısını alır...”
“Türkiyənin Azərbaycanla müttəfiqliyi Rusiyanın məkrli planlarının qarşısını alır...”31-05-2023, 16:06 |
“Əvvəla, Azərbaycan üçün Ərdoğanın yenidən prezident seçilməsi çox vacib idi. Çünki Ərdoğan Azərbaycan dövləti ilə ittifaqı türk dövlətləri ilə bağlı siyasətində birinci sıraya keçirmişdi. Və bu da ölkəmiz üçün çox vacibdir. Azərbaycanın başda Türkiyə olmaqla digər türk dövlətləri ilə də hərbi cəhətdən müttəfiqliyi, hərbi əməkdaşlığı çox zəruri və vacibdir. Ərdoğan Türkiyə tərəfdən bu prosesə liderlik edir... Və bütün türk dövlətləri tərəfindən də o, qəbul olunur. Bütün bunlara görə Azərbaycan üçün Ərdoğanın təkrar seçilməsi çox mühüm idi”. DİA.AZ bildirir ki, bu fikirləri Moderator.az-a açıqlamasında Milli İstiqlal Partiyasının fəxri lideri Etibar Məmmədov “Ərdoğanın növbəti dəfə Türkiyə prezidenti seçilməsi Türkiyənin özü, Azərbaycan və bütövlükdə region üçün hansı gələcək vəd edir?” sualını cavablandırarkən ifadə edib. “Düzdü, Türkiyənin daxilində Ərdoğanın siyasətindən razı olan da var, olmayan da var. O da təbiidir... Ancaq əsas odur ki, Türkiyənin özü üçün də ölkənin regionda və dünyada əhəmiyyətinin yüksəlməsi, həlledici dövlətlərdən birinə çevriləməsi, xüsusən Rusiya-Ukrayna müharibəsi ilə bağlı Türkiyə üzərindən Rusiya təhlükəsinin sovuşdurulması, eyni zamanda həmin ilki ölkə arasındakı münaqişədə Türkiyənin açar dövlətə çevrilməsi və s. – hamısı Ərdoğanın işinin, zəhmətinin nəticəsidir. Və bunu da qiymətləndirmək lazımdır.... Azərbaycan üçün də öncə dediyim kimi, bir tərəfdən hərbi strateji müttəfiq kimi Türkiyənin rolunun artmasında Ərdoğanın xidmətləri böyükdür. Digər tərəfdən isə, ölkəmiz üçün strateji əhəmiyyəti vacib olan “Şərq-Qərb” ticarət yollarının açılması, inkişaf etdirilməsində də bu liderin yeri, işi önəmlidir. Azərbaycan da Ərdoğanın planlarında önəmli, bir nömrəli yer tutur... Seçkilərdən öncə Türkiyənin vahid bir lideri olmayan ittifaqın hakimiyyəti altına düşməsi təhlükəsi vardı. Və bu, Türkiyənin özünü daxildən zəiflədəcəkdi, eyni zamanda sadaladığımız strateji planların həyata keçirilməsinə mane ola bilərdi... Yaxşı ki, bu, baş vermədi və Ərdoğanın yenidən prezident seçilməsindən Türkiyə xalqı ilə bərabər Azərbaycan da qazandı... Və bəzən də deyirlər ki, Ərdoğan diktatordu... Amma unudurlar ki, diktator olan ölkələrdə heç vaxt ikinci tur seçki keçirilmir”, -deyə açıqlamasının davamında partiya lideri bildirib. Siyasətçi “Bəs Ərdoğanın hakimiyyətdə qalması konkret olaraq Azərbaycan və Ermənistan arasında sülh yaranması prosesinə necə təsir göstərəcək?” sualını da cavablandırıb. “ Azərbaycan və Ermənistan arasında sülh yaranması prosesinə Ərdoğanın hakimiyyətdə qalmasının kifayət qədər təsiri olacaq. Həmin sülhün Azərbaycanın şərtləri altında qəbul olunması ən vacib məsələlərdəndir. Və Azərbaycanın mövqelərinin zəifləməməsi baxımından Ərdoğanın yenidən dövlət başçısı seçilməsi həlledici amillərdən biridir. Çünki Rusiya bu prosesdə Qafqazda mövcudluğunu saxlamağa və öz planlarını həyata keçirməyə çalışır. Moskva Ermənistanı yalnız təkrar öz təsir dairəsində saxlamaq yox, ümumiyyətlə, bu ölkəni özünün hakim olduğu ittifaqa qatmaq istəyir. Və eyni zamanda başqa məsələlərdə də Azərbaycan üçün zərərli olan planları icra etməyə cəhd göstərir. O baxımdan Türkiyənin Azərbaycanla müttəfiqliyi Rusiyanın məkrli planlarının qarşısını alır. Necə ki, Avropanın, Qərbin də planlarına daxil idi ki, Ermənistanı gücləndirsin, hətta keçmiş Dağlıq Qarabağ ərazisini də İrəvanın idarəçiliyinə versinlər. O da baş tutmadıqdan sonra onlar Ermənistanın qarşısına Azərbaycanın ərazi bütövlüyünü tanıması şərtini qoyublar. Ermənistan da bunu qəbul edib. Yalnız Yuxarı Qarabağda yaşayan erməni əhalinin Azərbaycan dövlətinə tabe etdirilməsi məsələsi qalır. Təəssüf ki, Rusiya da, başqaları da bu amildən öz mənafeləri üçün yararlanmağa çalışır. Ancaq dediyim kimi, Ərdoğanın yenidən seçilməsi bu prosesdə həlledici gücü Azərbaycanın tərəfinə çəkir”- deyə Etibar Məmmədov vurğulayıb. Geri qayıt |