Əsas Səhifə > Partiya, Güney Press > "Sovet ittifaqından Azərbaycan məhz ora daxil olduğu sərhədlər çərçivəsində çıxmalı idi"

"Sovet ittifaqından Azərbaycan məhz ora daxil olduğu sərhədlər çərçivəsində çıxmalı idi"


2-06-2023, 17:20
"Sovet ittifaqından Azərbaycan məhz ora daxil olduğu sərhədlər çərçivəsində çıxmalı idi"
Hazırkı mərhələdə geopolitikada qeyri-müəyyənlik var. Bu da Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına imkan vermir. Müəyyənləşmə olduğu halda bu məsələlər öz həllini tapacaq. İndiki halda Kişinyovda tərəflərin qeyri-rəsmi formada da olsa görüşməsinin çox böyük önəmi var. Çünki Ukraynadan sonra Rusiyanın ən çox təhdid etdiyi ölkə Moldovadır. Hazırda Dnestryanı məsələlər də aktual olaraq qalır. Ona görə də, Kişinyovda Azərbaycanla Ermənistan arasında görüşlərin baş tutması yüksək diqqətə malikdir.

DİA.AZ bildirir ki, bunu Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

O qeyd edib ki, ötən gün Kişinyovda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron arasında qeyri-rəsmi görüşün keçirilməsi əslində Rusiyaya verilmiş ciddi bir mesajdır. Ukrayna prezidentinin burada iştirakı, onunla baş tutan görüşlər də diqqətdən yayınmamalıdır”.

Partiya sədrinə görə, Kişinyov görüşlərində sülhlə bağlı aparılan danışıqlar formal xarakter daşıyıb və bu elə bir ciddi nəticəyə gətirib çıxarmayacaq:

“Burada 1975-ci il keçmiş sovet dövrü xəritələri əsasında Azərbaycanla Ermənistan arasında sərhədlərin dəqiqləşməsi məsələsi ilə bağlı da fikirlər fərqlidir. Eyni zamanda 1975-ci il xəritələri üzərində dayanmaq məsələsi də aydınlaşmalıdır. Azərbaycan 1920-ci ildə SSRİ-yə daxil olub. Ona görə də, sovet ittifaqından Azərbaycan məhz ora daxil olduğu sərhədlər çərçivəsində çıxmalı idi. Bu baxımdan ədalətli yanaşma 1920-ci il xəritəsininin əsas götürülməsidir”.

Geri qayıt