Əsas Səhifə > Partiya, Güney Press > İsa Qəmbər yenə şikayət verəcək

İsa Qəmbər yenə şikayət verəcək


6-06-2023, 13:08
İsa Qəmbər yenə şikayət verəcək
Bakı Apellyasiya Məhkəməsi Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin işi üzrə məhkəmə qərarını qüvvədə saxlayıb.

DİA.AZ bildirir ki, bunu Cebhe.info-ya açıqlamasında İsa Qəmbərin vəkili Nemət Kərimli Dövlət Sosial Müdafiə Fondunun İsa Qəmbərə yaşa görə 180 manat (hazırda 220 manat) müavinət kəsilməsi qərarı ilə bağlı şikayətdən danışarkən deyib. Vəkil hazırda kassasiya şikayəti hazırladıqlarını bildirib.

O, bununla bağlı tələbin təmin edilməyəcəyi təqdirdə İsa Qəmbərin Avropa Məhkəməsinə müraciət edəcəyini bildirib.

Qeyd edək ki, ötən il mayın 11-də İsa Qəmbərə yaşa görə müavinət kəsilib. Dövlət Sosial Müdafiə Fondu bəyan edib ki, qanun pensiya hüququ üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı (həmin il 34560, hazırda 40320 manatdır) şərti qoyur, İsa Qəmbərin sənədləri bu şərtlərə uyğun gəlməyib.

İsa Qəmbər pensiya yaşına, yəni 65 yaşına 2022-ci il fevralın 24-də çatıb. 1957-ci il təvəllüdlü İsa Qəmbər milli azadlıq hərəkatının liderlərindən biridir. 1990-1995-ci illərdə parlamentin deputatı, 1992-1993-cü illərdə sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib.

Geri qayıt