Əsas Səhifə > Partiya, Güney Press > “Azərbaycanda olan ictimai-siyasi sabitlik hansısa təşkilatlara sərf etmir”
“Azərbaycanda olan ictimai-siyasi sabitlik hansısa təşkilatlara sərf etmir”3-02-2014, 13:03 |
“Bəzi dövlətlərə və beynəlxalq qurumlara arxalanan təşkilatlar son vaxtlar Azərbaycana qarşı yeni təhdid metodu seçiblər”. APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib. O qeyd edib ki, son vaxtlar bəzi saytlarda Azərbaycanda güclü terror hadisəsi törədiləcəyi, bəzi hüquq-mühafizə və inzibati orqanlara qarşı terror təhdidləri haqqında xəbərlər geniş yayılmaqdadır: “Bu hədəni edən təşkilatların arxasında hansı dövlətlərin, beynəlxalq qurumların olduğu artıq bizə də məlumdur”. S.Novruzov deyib ki, görünür, Azərbaycanda olan ictimai-siyasi sabitlik hansısa təşkilatlara sərf etmir: “Onlar hədələmək yoluna keçiblər. Bu yola Azərbaycana qarşı hədələrini bildirmək istəyirlər. Bu gün Azərbaycanın iqtisadi və siyasi uğurları, eləcə də dünya ölkələrinin bir çoxunun beynəlxalq tədbirləri məhz ölkəmizdə keçirməsi, görünür, bir sıra xarici təşkilatları narahat edir. Bu istiqamətdə Azərbaycana qarşı təhdidlər, tələblər, şərtlər irəli sürməyə hazırlaşırlar. Lakin onlar hələ də bilmirlər ki, Azərbaycanda yaranan ictimai-siyasi sabitliyin əsası Heydər Əliyev tərəfindən qoyulub. Hazırda həmin siyasət də prezident İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycanın güclü hüquq-mühafizə orqanları var. Eyni zamanda Azərbaycan xalqının dövləti və prezidenti birlikdədir. Hər hansı bir təhdid Azərbaycanın maraqlarından geri çəkilməsinə imkan verməyəcək, bunun dəfələrlə şahidi olmuşuq. Təbii ki, bu proses bundan sonra da davamlı şəkildə həyata keçiriləcək”. Geri qayıt |