Əsas Səhifə > Partiya, Güney Press > “Məmurlara sertifikasiya tətbiq olunsa, çox adam imtahandan kəsiləcək”

“Məmurlara sertifikasiya tətbiq olunsa, çox adam imtahandan kəsiləcək”


10-06-2023, 09:58
“Məmurlara sertifikasiya tətbiq olunsa, çox adam imtahandan kəsiləcək”
“Dövlət qulluğu haqqında” qanuna görə, bütün dövlət məmurları imtahan verirlər. Ona görə də dövlətdə vəzifə tutanların hamısının imtahan verməsi şərti qanunvericilikdə yoxdur”.

DİA.AZ bildirir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı Cümşüd Nuriyev deyib.

O, müəllimlərin sertifikasiyasının 5 ildən 3 ilə endirilməsi məsələsi ilə yanaşı, sosial şəbəkələrdə eyni imtahanların məmurlara tətbiq edilməsi ilə bağlı səslənən təkliflərə münasibət bildirib:

“Müəllimlərlə bağlı qərar o qədər də uğurlu bir gediş deyil. Onları bu qədər incitmək olmaz. Doğrudur, müəllimlər müasir dövrlə ayaqlaşmalı, yeni texnologiyanı mənimsəməli, innovasiya qaydalarını bilməlidirlər. Lakin bu o demək deyil ki, bütün müəllimlər ya tamam savadsız, ya da nisbətən savadlıdır. Ona görə də 5 ilin 3 ilə endirilməsi heç bir xeyir gətirməyəcək, əksinə sosial gərginliyi daha da artıracaq”.

“Prezidentin sərəncamı ilə təyin olunan vəzifə sahiblərinin imtahan verməsinə dair qanunvericilikdə heç bir müddəa yoxdur. Dünya praktikasında da rast gəlinməyib. Bunu təklif edənlər şəxsi fikirlərini səsləndirir. Amma nümunələr olmalıdır. Söz bir şeydir, arqument başqa”, – deyə C. Nuriyev əlavə edib.

“Sosial şəbəkələrdə səslənən fikirlər nisbidir. Məmurlara da imtahan tətbiq edilsə, onlara imtahan suallarını kim hazırlayacaq? Sualı hazırlayan qurum hansı olacaq? Bircə onu bilirəm ki, məmurlara sertifikasiya tətbiq olunsa, çox adam imtahandan kəsiləcək”, – deyə sabiq deputat fikirlərini yekunlaşdırıb.

Geri qayıt