Əsas Səhifə > Partiya, Güney Press > “Cərimələnmiş vətəndaşlarla bağlı icra olunmamış qərarlar da ləğv edilməlidir”
“Cərimələnmiş vətəndaşlarla bağlı icra olunmamış qərarlar da ləğv edilməlidir”13-06-2023, 08:36 |
Türkiyə Konstitusiya Məhkəməsi maraqlı qərar çıxarıb. Məhkəmə koronavirus pandemiyası zamanı karantin rejimi qaydalarını pozduqlarına görə ölkə vətəndaşlarına cərimə kimi ödədikləri pulların geri qaytarılmasına qərar verib. Pandemiya zamanı cərimələnən vətəndaşlar pullarının geri qaytarılması üçün müraciət edə biləcəklər. Belə ki, 11 mart 2020-ci il tarixindən 9 noyabr 2022-ci il tarixədək ödənilmiş bütün məbləğlər geri qaytarılacaq, ödənilməmiş cərimələr isə avtomatik olaraq ləğv ediləcək. Pandemiya borclarını silən və cərimələrin məbləğini vətəndaşlarına qaytarmağa qərar verən növbəti ölkə qonşu Gürcüstan olub. Bu addım ölkə vətəndaşları tərəfindən siyasi müdriklik aktı kimi qiymətləndirilib. Bəs Azərbaycanda da analoji qərarlar verilə, ödənilən pandemiya cərimələri qaytarıla, ödənilməyən cərimələr silinə bilərmi? Qeyd edək ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, cəmi bir ay ərzində, yəni 2020-ci il martın 17-dən aprelin 17-dək karantin rejimini pozduğuna görə ölkədə 57 minə yaxın şəxs cərimələnib. Nəzərə alsaq ki, ölkəmizdə quru sərhədlərinin açılması istisna olmaqla, bütün pandemiya məhdudiyyətləri 2022-ci ildə aradan qaldırılıb, cərimələnənlərin sayı bir milyonu da keçə bilər. Onu da xatırladaq ki, karantin rejimini pozanlar üçün cərimələr pozuntunun növündən və pozucunun statusundan asılı olaraq 50 manatdan 400 manatadək olub. Yəni hesablasaq, dövlətin insanlara qaytaracağı vəsaitin məbləği on milyonlarla manatla ölçülə bilər. Azərbaycan hökuməti də qardaş Türkiyə və Gürcüstan kimi analoji qərar verə bilərmi? DİA.AZ-ın məlumatına görə, hüquqşünas Əkrəm Həsənov mövzu ilə bağlı fikirlərini “Yeni Müsavat”a açıqladı. O, “Gürcüstanda bilmirəm bu qərarı kim verib, amma Türkiyədə Konstitusiya Məhkəməsi veribsə, bu, siyasi addım deyil”, - deyə qeyd etdi: “Yəni məhkəmə aktı siyasi akt deyil. Məhkəmə aktı hüquqi aktdır. O, məqsədəuyğunluq baxımından deyil, qanunauyğunluq baxımından qəbul edilib. Düzdür, mən həmin qərarı oxumamışam. Amma məhkəmə qəbul edə bilməz ki, "dünən cərimələmişdik, gəlin bu gün bağışlayaq". Elə qərarı parlament verə bilər. Amma Konstitusiya Məhkəməsi veribsə, deməli, o cərimələrin qanunsuz olduğunu deyib. Bunun başqa izahı yoxdur. 2020-ci ildə, hələ pandemiya dövründə dəfələrlə bildirmişəm ki, bizdə də həmin cərimələr qanunsuzdur. Çünki cərimələr insanlara qarşı tələb edilən məhdudiyyətlərə görə idi. O cür məhdudiyyətlər, insan haqlarının həyata keçirilməsinin məhdudlaşdırılması yalnız ölkədə fövqəladə vəziyyətin elanı əsnasında mümkün ola bilərdi. Amma buna bizdə getmədilər. Bəziləri bunu ictimaiyyətdə belə izah edirdi ki, fövqəladə vəziyyətdən irəli gələn məhdudiyyətlərə görə dövlət müəyyən kompensasiyalar ödəməli idi. Buna görə də bizdə fövqəladə vəziyyət elan olunmadı. Sırf karantin rejimini Nazirlər Kabineti elan etdi. Amma buna səlahiyyəti yox idi. Yəni bu müstəvidə bizdə şikayət edən olmadı. Bizdə də Konstitusiya Məhkəməsinə məsələ gedib çıxsa, bəlkə olardı. Amma bu da mümkün deyil. Çünki bizim qanunlara görə bu müddət bitib. Yəqin ki, Türkiyədə də Konstitusiya Məhkəməsinə gedib çıxmaq üçün əvvəlki məhkəmə instansiyalarını keçiblər". Bununla belə, ekspert hesab edir ki, məsələ əgər siyasi bir addım kimi bizdə təklif olunarsa, onun əleyhinə olacaq: “Bir növ bu cərimələr bağışlansın, amnistiya edilsin, bunun əleyhinəyəm. Bu zaman belə çıxır ki, cərimələr qanuni idi, sadəcə, dövlət xoşməramlı addım atır və cərimələri qaytarır. Bunun gələcək perspektiv üçün çox mənfi nəticələri ola bilər. Yəni qanuni hesab etdiyimiz hüquq normasına, məhdudiyyətə görə onun pozulmasına görə təqsirkar məsuliyyətə cəlb olunmalıdır. Sonra hamı buna görə bağışlansa, gələcəkdə istənilən məhdudiyyəti də pozanların sayı arta bilər. İnsanlarda belə fikir yaranacaq ki, onsuz sonra bağışlayacaqlar. Bu, insanlarda məsuliyyətsizlik hissinin yaranmasına apara bilər. Bizdə praktikada belə hallar olub. Təqribən 10 il əvvəl Tarif Şurası qərar qəbul etmişdi, Prezident onu ləğv etdi. Bu, xoşməramlı addım oldu, heç o qanun da deyildi, Prezidentin də səlahiyyətində idi. Amma bu insanlarda fikir yaratdı ki, sabah qanunları onsuz da dəyişə bilərlər. Biz bunun nəticəsini 2015-ci ilin fevral devalvasiyasında gördük. Mərkəzi Bank devalvasiya elan etdi və insanlar gözləyirdi ki, Prezident o qərarı ləğv edəcək. Hətta adamlar tanıyıram ki, devalvasiyanın ilk günlərində dollarları daha ucuz satırdı, manat alırdı ki, onsuz da qərar dəyişəcək, mən qazanacağam. Yaxud özəlləşdrmə çekləri 1990-cı ildə buraxılıb, müddəti qısa idi, bir neçə dəfə artırıblar. Artıq 2011-ci ildən qüvvədə deyil. Bəzilərində o çeklərdən qalıb, istifadə etməyiblər, adi vətəndaşda bunlar azdır, əsasən möhtəkirlər vaxtında alıblar, istifadə etməyiblər, indi də deyirlər bunun vaxtını artırın. Müddət artırılmasını tələb edirlər, tarif artırılır, deyirlər tarifi azaldın. Cərimələri silin deyirlər. Bunun nəticəsi çox pis ola bilər. Bizdə onsuz da qanunlara riayət etmə ənənəsi zəifdir. Bunu da bağışlasalar, məsuliyyətsizlik hissi yaranacaq. Yekun olaraq deyim ki, əgər bizdə pandemiya ilə bağlı, məhdudiyyətlərlə bağlı cərimələr Konstitusiya Məhkəməsi tərəfindən qanunsuz sayılsa, bu halda cərimələrin qaytarılması məhz hüququn, qanunun ali təntənəsi olardı. Bağışlanması isə yanlışlıq olardı". DİA.AZ-ın məlumatına görə, iqtisadçı millət vəkili Azər Badamov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, məhz dövlətin gördüyü təxirəsalınmaz tədbirlər sayəsində Azərbaycan dünyada pandemiyaya qarşı ən yaxşı mübarizə aparan ölkələrin sırasına daxil oldu: “Bu gün isə demək olar ki, pandemiya başa çatıb. Amma pandemiya ilə bağlı tələbləri pozduğuna görə tətbiq olunmuş cərimələrin taleyi insanları narahat edir. Türkiyə və Gürcüstanda pandemiya ilə bağlı tətbiq olunmuş cərimələrin ləğv olunması ilə bağlı qərarlar qəbul edilib. Belə bir qərar ölkəmizdə də qəbul olunsa yaxşı olacaq. Çünki bu cərimələrin tətbiqi pandemiyaya qarşı mübarizədə vətəndaşların məsuliyyətini artırmaq məqsədi daşırdı. Ona görə də hesab edirəm ki, cərimələnmiş vətəndaşlarla bağlı icra olunmamış qərarlar da ləğv olunmalıdır”. Geri qayıt |