Əsas Səhifə > Partiya, Güney Press > “Paşinyanın əleyhinə çıxış edənlər ya həbs olunurlar, ya işdən çıxarılırlar, demokratiya budur?!”

“Paşinyanın əleyhinə çıxış edənlər ya həbs olunurlar, ya işdən çıxarılırlar, demokratiya budur?!”


20-06-2023, 08:54
 “Paşinyanın əleyhinə çıxış edənlər ya həbs olunurlar, ya işdən çıxarılırlar, demokratiya budur?!”
Azərbaycanın sosial şəbəkələrində Ermənistanın baş naziri Nikol Paşinyanı müdafiə edənlər peyda olub. Xüsusilə də son günlər sosial media istifadəçiləri narazılıq edirlər ki, dövlətçiliklə bağlı, yaxud Paşinyanla bağlı mövqe bildirən zaman “troll”ar onlara hücum edir, Azərbaycanı, onun rəhbərliyini aşağılayan rəylər yazırlar. Eyni zamanda Paşinyanı bütləşdirəcək formada cavablar verirlər. Misal üçün, “Paşinyan daha yaxşı demokratdır”, “xalqın qanını sormur”, “xalqını vəziyyətdən çıxarmaq istəyir” kimi rəylər diqqət çəkir. Amma həmin sosial media istifadəçilərinin profilləri, onların ortaq dostları ilə bağlı kiçik araşdırma aparanda məlum olur ki, bu profillərin bir qismi ya saxtadır, ya cəbhəçilərə və onlara yaxın adamlara, bir qismi də İrana bağlı olan şəxslərə məxsusdur. Bəs görəsən, Paşinyandan ötrü ölümə hazır olan bu “qəhrəmanlar” kimlərdir, hansı məqsədi güdürlər?

Yeri gəlmişkən, bir xatırlatma da edək, Paşinyana qarşı bu cür sevgini biz Azərbaycanın radikal siyasi düşərgəsinin mövqelərində ilk olaraq görmüşük. Zaman-zaman Nikolu demokratik yolla seçilmiş lider kimi qələmə verən radikallar onu eyni zamanda Cənubi Qafqazın demokratiya qalası kimi də təqdim ediblər. Bir müddət əvvəl Milli Şura adlanan qurumun üzvü Gültəkin Hacıbəyli də Sevinc Osmanqızının verilişində qonaq olarkən belə bir iddia ilə çıxış edib. “Bu gün Paşinyan bölgəmizdə demokratiyanın qalası rolundadır. Çünki Gürcüstanda vəziyyət o qədər də yaxşı deyil. Azərbaycanda isə ümumiyyətlə bərbaddır”, - deyə o bildirib.

DİA.AZ-ın məlumatına görə, siyasi ekspert Elçin Alıoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Paşinyanın demokrat, yaxud bizim prezidentin qeyri-demokrat olması kimi yanaşmalar absurddur: “Demokrat olmaq azad seçkilər keçirmək iddiası ilə çıxış etmək, yaxud da Qərb liderləri ilə görüşmək, ya da daimi olaraq parlamentdə çıxışlar etmək deyil. Bu, demokratiya deyil, demaqogiyadır. Dünya tarixində və bəşər tarixində xeyli belə dövlət başçıları olub ki, boş-boş danışmaqdan əlavə onların real hissləri, addımları olmayıb. Yaxın tarixə nəzər salsaq, görərik ki, Rusiyanın hakimiyyətdə olan baş nazirlərinin əksəriyyətinin işi-gücü danışmaq, vədlər vermək, Qərblə görüşmək olub. Sonradan Rusiyanın nə hala düşdüyü göz qabağındadır. Qardaş Türkiyədə də belə baş nazirlər çox olub. Çox danışıb, vədlər veriblər. Məsələ danışmaqda deyil. Məsələ sözdə deyil, əməldədir. Sosial şəbəkələrdə mən də belə faktlarla rastlaşmışam. Düzdür, sosial şəbəkələr indi ənənəvi mediadan, xüsusilə də televiziyadan daha çox populyardır. Sosial şəbəkələrdən də hibrid savaş aparmaq üçün istifadə edilir. Amma bunlar başa düşmürlər ki, "Paşinyan demokratdır" deməklə özlərini məntiqi dalana salırlar. Yaxşı, Paşinyana demokrat deyirlər. Gəlin, o zaman faktlara istinad edək. İnsan haqları indeksi adlanan uydurma indeksi, söz azadlığı ilə bağlı sifarişli statistikalar yayan “Freedom House”, “Sərhədsiz Reportyorlar” kimi təşkilatları kənara qoyub, reallığa baxaq. Ermənistanda Paşinyanın əleyhinə söz deyən adamlar iki yerə bölünür. Bir qism Rusiyadan maliyyələşir, digəri də İrandan. Bu faktdır. Paşinyanın əleyhinə çıxış edənlərin aqibətini biz görürük, ya həbs olunurlar, ya işdən çıxarılırlar, ya da təqib edilirlər. Demokratiya budursa, onda diktatura nədir?! Diktatura gözdə görünən diktatura deyil. Diktaturanın çox mülayim forması, misal üçün, ABŞ-dakı, Fransadakı kimi, Sinqapurda, Tayvandda olan kimidir. Diktatura bir partiyanın qalib gəlməsi, yaxud da azad seçkilərin “olmaması” deyil ki. Diktatura gördüyümüzdən də bəlalı bir şeydir. İkincisi, Paşinyan bu qədər demokratdırsa, niyə ölkəsi bu gündədir. Amerikalıların bir yaxşı sözü var, “Sən bu qədər ağıllısansa, niyə pullu deyilsən”. Bu baxımdan, Paşinyan istədiyi qədər sosial şəbəkələrdə təriflənə bilər. Biz onlara fikir vermirik. Necə ki, Şimal Buzlu Okeanda buzqıran gəmi öz hədəfinə doğru gedəndə onun ətrafındakı suitilərlə ağ ayıların fikri gəmi heyəti üçün önəmsizdir. Ağ ayılar arasında sorğu keçirilmir ki, gəmiyə münasibətiniz necədir..."

DİA.AZ bildirir ki, AĞ Partiya başqanı Tural Abbaslı da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı. O dedi ki, hazırda bu məsələ aktualdır: “Burada çox hiyləgər, xain plan var. Biz müxalif partiyayıq, təbii ki, biz də iqtidarın yürütdüyü sosial-iqtisadi idarəetmə metodundan, informasiya siyasətindən razı deyilik. Bunu daxildə bildiririk, mübarizəmizi də aparırıq. Amma bəzi simvollar var, 44 günlük müharibədə Prezident Ali Baş Komandan olaraq bütün dövlətin simvoluna çevrilib. İqtidarın, müxalifətin mənafeyi deyil, burada dövlət və dövlətçilik önə çıxır. Müharibə gedə-gedə ölkədə gedən bahalıqla bağlı prezidenti tənqid etmək doğru çıxmaz. Eyni məsələ buna da aiddir. Ermənistan düşmən ölkədir və Ermənistanla Azərbaycanın müqayisə olunması bir çox hallarda Azərbaycanın dövlət maraqlarının əleyhinədir. Çünki bu müqayisələr beynəlxalq hesabatlarda da yazılır. Sabah bu müqayisələrə, istinadlara söykənərək Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinə də maneçilik törədilir. Vətəndaşlarımız bilərəkdən, bəziləri də bilməyərəkdən bu siyasətin qurbanı olurlar. Paşinyan nə qədər böyük demokrat olur-olsun, Azərbaycanın hətta ən zəif siyasətçisinin atılan dırnağı belə ola bilməz. Fərqi yoxdur, iqtidarlı-müxalifətli, Azərbaycandakı heç bir siyasətçinin atılan dırnağını Paşinyanın başına dəyişmərəm, bunun müqayisəsi belə düz deyil. Paşinyan necə demokratdır ki, Gəncəyə, Bərdəyə raket atdırdı. Dinc əhalini qırdırır. Qonşu ölkənin ərazisini işğalda saxlayır. Belə demokrat olmaq olar?! Sadəcə olaraq, beynəlxalq qlobal şəbəkə var, Soros fondu kimi, bunlar milli dövlətçiliyi aradan qaldırıb beynəlmiləl dəyərlərlə yaşayan, dövlət anlayışı, sərhəd anlayışı, milli kimlik anlayışını aradan qaldıran bir təfəkkürü insanlara aşılamaq istəyirlər. Elə bu təfəkkürün nəticəsidir ki, düşmən də olsa, demokratdır. Düşmənin ağına da, qarasına da lənət, demokratına da, diktatoruna da, avtoritarına da lənət. Fikrimcə, bu məsələlərdə ciddi olmalıyıq. Lazım gəlsə, qanunvericilikdə təsbit olunmalıdır. Çünki dövlət atributlarının tənqidi, təhqiri qəbuledilməzdir. Prezidenti vətəndaş tənqid edə bilər, amma düşmənlə müqayisə fonunda tənqid uğurlu deyil. Bu araşdırılmalı məsələdir. Bu, məndə də olub, dövlətçilik maraqlarında status yazanda baxırsan ki, bəsit müqayisələrlə rəylər yazırlar. Misal üçün, yazırsan ki, İranda Azərbaycana qarşı təxribat törədilir. Altından yazırlar ki, "nə olsun, orada yaşayış yaxşıdır" kimi və sairə. Burada maarifləndirmə də lazımdır. Milli və yerli siyasi kimliklərin dəstəklənməsi lazımdır ki, yemək-içməkləri haradan gəldiyi bilinməyən ünsürlər siyasi arenanı, sosial şəbəkələri zəbt edib, insanları belə terror etməsinlər".

Geri qayıt