Əsas Səhifə > Partiya, Güney Press > Azərbaycanda 15-20 partiya qala bilər
Azərbaycanda 15-20 partiya qala bilər21-06-2023, 00:37 |
“Bəzi partiyaların fəaliyyətini dayandırmasına təbii baxmağın tərəfdarıyam. Nəzərə almaq lazımdır ki, indi “Siyasi partiyalar haqqında” qanunda ciddi tələblər qoyulub. Amma bəhs etdiyimiz partiyaların bu tələblərə hər hansı formada cavab verməsi real deyil. Yəni bu partiyalar indiyə qədər qanunla nəzərdə tutulan vəzifələrini həyata keçirməyiblər, infrastrukturları olmayıb, davamlı toplantılarına rast gəlinməyib, eləcə də siyasi fəaliyyətləri haqda xəbərlər olmayıb. İndi də qanun deyir ki, azı beş min üzvün olmalıdır, bu və digər tələblərə cavab verməlisən və s. Adı olub, özü olmayan partiyalar da bilirlər ki, bu tələblərə cavab vermək imkanında deyillər. Odur ki, üzüsulu şəkildə özlərini buraxırlar. Mən onları alqışlayıram! Çünki mövcud olub-olmamaları arasında elədə ciddi fərq yoxdur”. DİA.AZ bildirir ki, bu sözləri Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu indiyə qədər fəaliyyətini dayandıran onlarla siyasi partiyadan danışarkən deyib. Partiya sədri güman edir ki, bəzi partiyalar da qeydiyyat proseduru zamanı problemlə üzləşəcəklər və fəaliyyətlərini dayandırmaları mümkündür: “Ümumilikdə Azərbaycanda 15-20 partiyanın fəaliyyət göstərməsi müşahidə ediləcək. Düşünürəm ki, qanunun hazırki tələblərinə təxminən 20 partiya cavab verə bilər. Əslində bu da çoxdur”. S. Cəlaloğlu diqqətə çatdırıb ki, özlərini buraxan partiyaların digər partiyalarla birləşməsinə isti yanaşmır. O, buna səbəb kimi belə birləşmələrin cəmiyyətdə güc yaratmayacağını göstərir: “Öz fəaliyyətini dayandıran partiyaların adı var, özü yoxdur. Birin üstünə sıfır gələndə yenə bir edir. O ayrı məsələdir ki, birin üzərinə bir gəlinsə, bu iki edər və nəticə dəyişər. Amma indi fəaliyyəti dayanan partiyaların birləşməsi nəticəni dəyişməz. Çünki yalnız adları olub. Real gücü olan partiyaların birləşməsi isə proses yarada bilərdi. Amma bizim ölkə çoxpartiyalı siyasi sistemi özündə ehtiva edir. Üstəlik, ideoloji və fikirləri yaxın olan partiyalar birləşməlidir. Sol partiya ilə sağ təmayüllü partiyanın birləşməsi də məntiqdən uzaq olardı”. Müsahibimiz sonda əlavə edib ki, sədri olduğu ADP artıq qeydiyyatla bağlı lazım olan bütün sənədləri hazırlayıb və Ədliyyə Nazirliyinə təqdim etmək ərəfəsindədir. Geri qayıt |