Əsas Səhifə > Partiya, Güney Press > “Gədəbəydəki o məlum hadisəni öz əlimizlə ermənilərə hədiyyə etdik”
“Gədəbəydəki o məlum hadisəni öz əlimizlə ermənilərə hədiyyə etdik”21-06-2023, 16:37 |
“Yaşlı qadını yıxmaq, təzədən üzünə qaz püskürtmək vəhşilikdir”. DİA.AZ bildirir ki, bu fikirləri Gədəbəyin Söyüdlü kəndində yerli sakinlərlə polis arasında baş vermiş insidentə münasibət bildirən Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Yenicag.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, həmin olaylarla bağlı hərtərəfli araşdırma aparılmalı və məsələnin gerçək səbəbi ortaya çıxarılmalıdır: “Əlbəttə ki, mən ekologiyaya ziyan vurulmasının əleyhinəyəm. Çünki sabah ermənilər Gədəbəydəki o görüntüləri çıxarıb dünyaya car çəkəcək ki, azərbaycanlılar Laçın yolunda ekologiyanı qorumaq adı altında beş ay aksiya keçirdilər, amma özləri Gədəbəydə ekologiyanı korlayırlar. O camaat öz mal-qarasını harada otarmalıdır, heyvanlarını necə yemləməlidir? Narazı əhali ilə başqa cür danışmaq və davranmaq olardı axı… Belə narazılıq vardısa, sakinləri çağırıb onlara vəziyyəti normal qaydada izah etmək lazım idi. Yaşlı qadınların üzünə gözyaşardıcı qaz püskürtməklə iş olur? Təbii ki, bu məsələ ilə maraqlanırıq və deyilir ki, hadisə diqqətlə araşdırılacaq. Nəticənin nə olacağını bilmirəm, amma bizə deyilən söz budur. Bu olay Azərbaycanda qarışıqlıq salmaq məqsədi daşıyır. Bu günlərdə Avropa Şurasında ermənilərin Laçın yolunun guya blokadada olmasına dair iddiası gündəmdədir. Onlar bu məsələni də mütləq qaldıracaqlar. Həm də buna görə deyirəm ki, elə bil kimlərsə dövlətə qarşı belə problemləri qəsdən yaradır. Bu məqam da var… Bəlkə o əhalini kimlərsə məqsədli şəkildə məhz bu ərəfədə hərəkətə gətirib? Yoxsa niyə həmin hadisələr elə bu günlərdə baş verdi? Kənd sakinləri aksiyadan əvvəl yerli rəhbərliklə görüşüb, problemlərini deyə bilərdilər məncə… Lakin polisin qoca qadınlara qarşı o davranışı qətiyyən düzgün deyil. Yaşlı qadını yıxmaq, təzədən üzünə qaz püskürtmək vəhşilikdir. Amma yenə deyirəm, hərtərəfli araşdırma aparılmalı və məsələnin gerçək səbəbi ortaya çıxarılmalıdır. Ermənilər bundan istifadə edəcəklər. Bax, Gədəbəydəki o məlum hadisəni öz əlimizlə ermənilərə hədiyyə etdik. Belə olmamalıydı”. Geri qayıt |