Əsas Səhifə > Partiya, Güney Press > Partiya sədrləri yüksək cərimələrlə bağlı NƏ DÜŞÜNÜRLƏR?
Partiya sədrləri yüksək cərimələrlə bağlı NƏ DÜŞÜNÜRLƏR?22-06-2023, 09:27 |
Azərbaycanda siyasi partiyalar haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr müəyyənləşir. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər təklif edilir. Dəyişikliklərə əsasən, Azərbaycan ərazisində xarici dövlətlərin siyasi partiyalarının, habelə onların bölmələrinin və təşkilatlarının təsis edilməsinə və ya fəaliyyətinə görə fiziki şəxslər 700 manatdan 1000 manatadək, vəzifəli şəxslər isə 1 500 manatdan 2 000 manatadək, hüquqi şəxslər isə 6 000 manatdan 8 000 manatadək cərimə olunacaq. Eyni zamanda siyasi partiyanın səlahiyyət müddəti bitmiş orqanları (struktur qurumları) tərəfindən partiyanın fəaliyyəti ilə əlaqədar hər hansı hərəkətlərin edilməsinə, o cümlədən qərarların qəbul edilməsinə və ya sənədlərin imzalanmasına görə fiziki şəxslər 700 manatdan 1 000 manatadək məbləğdə cərimələnəcək. Siyasi partiya üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə "Siyasi partiyalar haqqında" qanunla müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumatın təqdim edilməməsinə görə vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək, hüquqi şəxslər isə 2 000 manatdan 3 000 manatadək cərimə olunacaq. Görəsən, partiyalar yeni dəyişikliklərlə bağlı nə düşünürlər? DİA.AZ bildirir ki, Bizim.Media-ya açıqlamasında AXP sədri Pənah Hüseyn qeyd edib ki, dünya ölkələrinin mütləq əksəriyyətində dövlət qeydiyyatından keçən partiyalara müəyyən imtiyazlar verilir: “Qeydiyyatdan keçməyən siyasi partiyalara isə qadağa qoyulmur. Amma bir halda ki, siyasi partiyalar haqqında qanun qəbul olunub, istənilən qanuna əməl etmək lazım gəlir. Lakin bu həmin qanunun dəyişdirilməsi istiqamətində fəaliyyəti də istisna etmir. Hazırda prioritet vəzifələrdən biri bu qanunun partiyaların fəaliyyətinə əngəl olan bəzi müddəalarının dəyişdirilməsinə nail olmaqdır”. Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı partiyalar haqqında qəbul edilən qanundan sonra qanunvericiliyin pozulmasına görə, siyasi təşkilatlara cərimələrin tətbiq edilməsini doğru yanaşma hesab etmir: “Milli Məclisdə partiyalarla bağlı qəbul olunan qanun normal qanundur. Orada da partiyaların fəaliyyətilə bağlı cərimələr nəzərdə tutulmayıb. Fikrimcə, partiyalarla bağlı qanun qəbul edib, o biri tərəfdən də partiyalar haqqında qanunvericiliyin pozulmasına görə İnzibati Xətalar Məcəlləsində yeni cərimələr müəyyənləşdirmək doğru deyil. Proses qanunla uzlaşmalıdır. Qanunda isə belə bir məsələ yoxdur. Amma İnzibati Xətalar Məcəlləsinə təklif edilən həmin dəyişiklikdə də qorxulu bir şey görmürəm. Partiyalar bütün hallarda qəbul edilən qanun çərçivəsində fəaliyyət göstərməlidir”. AMİP sədri Arzuxan Əlizadə də partiya fəaliyyətilə bağlı qadağaların yüksək cərimələrlə müşayiət olunmasını istəmir: “Son dövrlər İnzibati Xətalar Məcəlləsində cərimələrin artırılması tendensiyası baş verir. Amma tətbiq edilən bu cərimələr vətəndaşlarımızın bu günki sosial durumuna adekvat deyil. Siyasi partiyalar haqqında yeni qanun qəbul olunub. İnzibati Xətalar Məcəlləsinə də həmin qanunun müddəalarına müvafiq bəndlər əlavə edilməkdədir. İstəməzdik ki, qadağalar yüksək cərimələrlə müşayət olunsun. Qanunda qeydiyyatdan keçməyən partiyaların siyasi fəaliyyəti qadağan olunur. Bu əslində mübahisəli müddəadır. Ancaq artıq qanun qəbul olunub və ona əməl etmək hər birimizin borcudur”. Geri qayıt |