Əsas Səhifə > Partiya, Güney Press > “Bu, Paşinyanın yeni hiyləsidir
“Bu, Paşinyanın yeni hiyləsidir29-06-2023, 11:39 |
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov ilə Ararat Mirzoyan arasında Vaşinqtonda danışıqlar keçirilir. İyunun 27-də başlayan Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına dair saziş üzrə müzakirələrin növbəti raundu bu gün (iyunun 29-da) başa çatacaq. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller açıqlama verib. Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü ilə keçirilən görüşün yekunları ilə bağlı mətbuata bəyanatın veriləcəyi gözlənilir. Bu raundda konkret hansı detalların müzakirə olunduğu açıqlanmayıb. Xatırladaq ki, Blinken görüşdən əvvəl XİN başçıları ilə ayrılıqda görüş keçirib. DİA.AZ-ın məlumatına görə, nazirlərin Vaşinqton görüşündən gözləntiləri AYNA ilə bölüşən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini, politoloq Fuad Çıraqov bildirib ki, bu növbəti üçgünlük görüşdə hansı razılaşmaların əldə olunacağını demək çətindir: - Əsas olan odur ki, Azərbaycanın sülh gündəliyi var və danışıqlar o gündəliyin əsasında aparılmalıdır. Xatırlatmaq istəyirəm ki, Prezident İlham Əliyev hərbçilər qarşısındakı son çıxışında bildirdi ki, sülh olmayacaq - əgər Bakının tələbləri yerinə yetirilməsə. Bəziləri hesab edir ki, sülh sazişi hədəfdir. Amma belə deyil, sülh müqaviləsinin içərisində olanlar Bakı üçün əsasdır. Azərbaycan Ermənistan qarşısında konkret tələblər qoyub: Qarabağdakı qeyri-qanuni erməni silahlı dəstələri çıxarılmalıdır, qondarma qurum ləğv edilməlidir. Bundan sonra Azərbaycan Qarabağ erməniləri ilə necə təmas quracaq, kimlərlə dialoqa gedəcəyini özü müəyyənləşdirəcək. İrəvan ya bunu xoşluqla yerinə yetirməlidir, ya da Azərbaycan hərbi güclə həll edəcək. Hesab edirəm ki, Vaşinqtondakı görüşdə nəticəsizliyin özü də bir nəticə olacaq. Çünki bundan sonra Bakı necə addım atmalı olduğunu daha da dəqiqləşdirəcək. İndi gözləyək görək, XİN başçılarının üç gün davam edən görüşü barədə yekun bəyanat nə olacaq. - Əvvəlki görüşlərdə “Qarabağın statusu”, “müstəqillik” kimi ifadələrə rast gəlməmişik, sadəcə Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi qabardılıb. Eyni zamanda, Bakı ilə ermənilərin dialoqu təşviq edilib. Vaşinqton görüşündə yenə də eyni məsələlərin müzakirə olunacağı gözlənilir. Bundan bir nəticə çıxacaqmı? - Hesab edirəm ki, İrəvanın Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyindən danışmağı hiyləgər gedişdir. Paşinyan hökuməti beynəlxalq auditoriyaya, vasitəçilərə belə bir mesaj ötürür ki, son bir ildə “status”, “Dağlıq Qarabağ”, “öz müqəddəratını təyinetmə”, “müstəqillik” sözlərindən istifadə etmirlər. Guya ki, İrəvanı yalnız Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi maraqlandırır. Amma hesab edirəm ki, belə deyil. Yenə deyirəm, bu, hiyləgər yanaşmadır. Bunun İrəvanın növbəti hiyləsi olduğunu anlamaq üçün Ermənistanda müharibədən sonrakı seçkilərdə yenə hakimiyyətə gələn Paşinyan hökumətinin proqramına baxmaq lazımdır. Həmin proqramda Nikol hakimiyyəti Qarabağla bağlı hədəflər qoyub. Həmin hədəflərdə açıq-aydın deyilir ki, Ermənistan hökumətinin əsl məqsədi Qarabağ ermənilərinin “xilas olma naminə ayrılması”dır. Burada İrəvan “ayrılıq” deyərkən Qarabağın Azərbaycandan ayrılmasını nəzərdə tutur. Həmin proqramdan İrəvan imtina etməyib. Demək ki, burada hiylə var. İkinci məsələ, Azərbaycan ərazilərinin 30 illik işğalını kölgə altına salmaq niyyəti güdürlər. İrəvan elə fon yaratmaq istəyir ki, guya problem işğal yox, insan hüquqları və təhlükəsizlik məsələsidir, liberal mövzudur. Bunu dünya ictimaiyyətinə belə çatdırmaq niyyətindədirlər. Bununla Azərbaycan ərazilərində 30 il müddətində törətdikləri cinayətləri, vəhşilikləri, bir milyona yaxın insanın 30 ildən çox qaçqın həyatı yaşamasını, Azərbaycana vurduqları milyardlarla dollar məbləğində ziyanı gündəmdən çıxarmaq istəyirlər. Məsələni təcavüz platformasından insan hüquqları platformasına gətirməyə çalışırlar. Demək istədiyim budur ki, İrəvanın “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi” adlı yanaşması növbəti hiyləgərlikdir. Azərbaycan dövləti özü vətəndaşlarının hüququnu da, təhlükəsizliyini də qorumağa qadirdir, qanunları ilə, davranışları ilə buna təminat verir. Qarabağ ermənilərinin məsələsinin Ermənistana dəxli yoxdur, bu, Azərbaycanın daxili işidir. İrəvan sülh istəyirsə, sadəcə Bakının sülh gündəliyinə razı olmalı, tələbləri yerinə yetirməlidir. - Ermənistan Baş naziri İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir neçə dəfə bəyan edib. Amma biz bunu rəsmən, sənədlə təsdiq edildiyini görmürük... - Məsələ də odur ki, sözdən əmələ keçilmir. Azərbaycanın şərtləri bəllidir. XİN başçısı Ceyhun Bayramov ATƏT-də çıxışı zamanı rəsmi Bakının 4 tələbini səsləndirdi: Birincisi, Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı qrupları çıxarılmalıdır. İkincisi, Ermənistan Azərbaycanın daxili işlərinə qarışmamalıdır. Üçüncüsü, Azərbaycanın Qarabağ erməniləri ilə dialoq prosesinə müdaxilə etməməlidir. Sonuncu isə Azərbaycana qarşı qaralama kampaniyalarına son qoymalıdır. Ermənistan Qarabağ erməniləri məsələsini gündəmə gətirərək qaralama kampaniyası aparır. Biz görürük ki, Ermənistan bu siyasətindən əl çəkmir. Ona görə də Paşinyanın ərazi bütövlüyü ilə bağlı dedikləri səmimiyyətdən uzaq görünür. Geri qayıt |