Əsas Səhifə > Partiya, Güney Press > "BQXK Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir"

"BQXK Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir"


2-07-2023, 00:21
"BQXK Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir"
Beynəlxalq Qızıl Xaç Komitəsi Xankəndinə apardığı humanitar yardımı bundan sonra Azərbaycan ərazisindən keçirəcək.

"Vestnik Kavkaza” nəşrinin məlumatına görə, Azərbaycan hökuməti Beynəlxalq Qızıl Xaç Komitəsindən (BQXK) humanitar yüklərin Ermənistandan deyil, yalnız Azərbaycan ərazisindən çatdırılmasını tələb edib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin məlumatında qeyd olunur ki, söhbət xəstələrin daşınmasından yox, logistik yükdən gedir.

Nazirlər Kabinetindən bildirilib ki, bu kimi məqsədlər üçün Bakı humanitar yükləri Laçın NBM-dən yox, öz ərazisindən keçirməyə hazırdır.

Bir çox ekspertlər Azərbaycanın bu qərarını təqdirəlayiq hesab edirlər.

Onların fikrincə, bu addım Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına müəyyən mənada müsbət təsir göstərə bilər.

Məsələ ilə bağlı politoloq Tofiq Abbasov açıqlamasında qeyd edib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin Qarabağda hər bir addımı Azərbaycanla koordinasiya edilməlidir:

“Bildirim ki, Qarabağ Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan qanuni və hüquqi ərazisidir. BQXK də humanitar yükləri Azərbaycan ərazisinə gətirir. Bundan sonra Qarabağa hər hansı humanitar yardım Ermənistan ərazisindən yox, məhz ölkəmizin müxtəlif ərazilərindən daşınmalıdır.

Qarabağın dağlıq ərazilərində məskunlaşan yerli erməni sakinlər Azərbaycan vətəşdaşlarıdır. Belə ki, Qarabağa gətirilən humanitar yüklər, eləcə də yüklərin hansı marşrut istiqamətlərində daşınması ilə bağlı məlumatlar haqqında ölkəmizin rəhbərliyi xəbərdar olmalıdır. Ən əsası da humanitar yüklərin daşınması üzərində tam nəzarəti təmin etməliyik.

Hazırda Azərbaycan Qarabağda məskunlaşan erməni əsilli vətəndaşlarının reinteqrasiyası məsələsində ciddi mövqe sərgiləyir. Azərbaycan rəhbərliyi dəfələrlə oradakı ermənilərə bəyan edib ki, əgər onlar silahlarını yeri qoyub ölkəmizin vətəndaşlığını qəbul edəcəklərsə, onların bütün hüquqları ölkənin konstitusiyasına uyğun təmin ediləcək. Separatçılığa və düşmənçiliyə meyil edən ermənilər isə torpaqlarımızı tərk etmək məcburiyyətində olacaqlar. Xəstə təfəkkürlü erməni millətçiləri nə özlərini, nə başqalarını həmin torpaqlarda dinc və sakit yaşamağa qoymurlar.

Beynəlxalq Qızıl Xaç Komitəsi daxil olmaqla, bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünə və Qarabağ üzərindəki suverenliyinə hörmət etməlidirlər. İstər BQXK, istərsə də digər təşkilatlar olsun, onların hamısı Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımızla bağlı görəcəyi tədbirlər və işlər barəsində təfərrüatları ilə Azərbaycanın dövlət rəhbərliyinə xəbərdar etməlidirlər. BQXK qanuni ərazilərimizdə atacağı öz addımlarını ölkəmizin aiddiyyəti orqanları ilə razılaşdırmalıdırlar. Ortaq şəkildə qərarlar qəbul olunmalıdır.

Əgər bu baş verməsə, BQXK-nin Azərbaycanın dövlət rəhbərliyi ilə problemləri olacaq. Bu təşkilatın nümayindələri anlamalıdırlar ki, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində ölkəsinin qanuni ərazilərini erməni işğalçılarından azad edib. Artıq həmin bölgə üzərində Azərbaycanın suverenliyi bərpa olunub. Bununla bərabər, Laçın-Xankəndi yolunda sərhəd-keçid məntəqəsinin qurulması da Azərbaycanın hüququdur və haqqıdır.

Azərbaycan qanunlarını pozan üçüncü qüvvələrin ölkəmizdə yeri olmayacaq. Odur ki, Beynəlxalq Qızıl Xaç Komitəsi də bu prinsipləri qeyd-şərtsiz qəbul etməlidir”.

Geri qayıt