Əsas Səhifə > Partiya, Güney Press > “Azərbaycanda Eldar Namazov adda siyasi lider heç zaman olmayacaq”
“Azərbaycanda Eldar Namazov adda siyasi lider heç zaman olmayacaq”5-02-2014, 14:53 |
Müsavat Partiyasının qurultayının keçirilməsi bir neçə dəfə təxirə salınıb. Hər dəfə də partiya funksionerləri bunu müvafiq yer ayırılmaması ilə əlaqələndiriblər. Lakin müstəqil ekspertlər bu məsələnin yer ilə bağlı olmadığını bildiriblər. İddia edilib ki, Müsavat başqanı İsa Qəmbərin növbəti dəfə partiya sədri seçilmək şansı olmadığından, o, bilərəkdən qurultayın keçirilməsini qeyri-müəyyən vaxta kimi təxirə salıb. Ancaq bu günlərdə İsa Qəmbərin növbəti dəfə namizəd olmayacağı barədə fikir bildirməsi, qurultay məsələsini yenidən gündəmə gətirib. Müsavat Partiyasının qurultay hazırlığı, müxalifət daxilində yeni koalisiyanın yaranması, Eldar Namazovun ana müxalifət lideri olmaq iddiası və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev cavablandırır. - Əli bəy, Sizcə Müsavat Partiyasında bu günə qədər qurultayın təxirə salması nə ilə əlaqədar olub? - Müsavat Partiyasının rəhbərliyində oturuşmuş İsa Qəmbər bu postu itirmək istəmir. Etiraf etmək lazımdır ki, Müsavatın sıralarında xeyli təcrübəli siyasətçi olsa da, öz siyasi miqyasına görə, o, daha üstün fiqurdur. Nizamnamə pozuntusu da o səbəblə əlaqədardır. Yəni, Müsavat praqmatik çıxış edərək, öz Nizamnaməsinə zidd olaraq, partiya başqanını hələlik vəzifəsində saxlayır. Yəni partiya maraqları nöqteyi-nəzərindən belə edirlər. - Artıq İ.Qəmbər partiyasının qurultayında növbəti dəfə namizəd olmayacağını bəyan edib. Ardınca isə xəbərlər yayılıb ki, eks-prezident Əbülfəz Elçibəy iqtidarının üç fiquru – sabiqlərdən spiker İsa Qəmbər, baş nazir Pənah Hüseyn, daxili işlər naziri İsgəndər Həmidov yeni koalisiya yaradırlar. Başqanın növbəti son qərarı bununla bağlı ola bilərmi? - Müsavat Partiyasının son addımları 2015-ci ilin parlament seçkiləri ilə bilavasitə bağlıdır. Milli Şuradan uzaqlaşandan sonra İsa Qəmbərin yeni format axtarışında olması, yeni konfiqurasiyanın formalaşması təbii haldır. Eks daxili işlər naziri İsgəndər Həmidov da mətbuata açıqlamasında yeni koalisiyanın yaradılmasını təkzib etməyib. Ona görə də İsa Qəmbərin son qərarının bu koalisiyanın yaranması ilə bağlantısı istisna deyil. - Bu formatda yeni koalisiyanın Azərbaycan cəmiyyətində, xüsusən də müxalifətdə özünə yer tapması inandırıcıdırmı? - Prezident seçkiləri ərəfəsində 1992-1993-cü illərdə hakimiyyətdə təmsil olunan qüvvələr bir araya gələ bildilər. Orada demək olar ki, başqa siyasi yönümün, başqa siyasi mərhələnin şəxsləri və təşkilatları yox idi. İndi isə parlament seçkiləri mərhələsidir. Bu, tamamilə fərqli situasiya yaradır. Ona görə də İsa Qəmbər öz rəhbərliyi ilə yeni konfiqurasiyanın formalaşmasına cəhd edəcək. Müxalifətdaxili proseslərlə bağlı bu koalisiyanın gələcəyinə nikbin baxmaq olar. Amma Azərbaycan hakimiyyətinə müxalifət daxili hər hansı konfiqurasiya ilə güc gəlmək çətin olacaq. Xüsusən də əgər bu konfiqurasiyalar müxalifət daxili qruplardan ibarət olacaqlarsa. Əgər belə konfiqurasiyaların yaradılması narazı elektoratı da parçalayacaqsa, o zaman hər hansı uğurdan danışmağa dəyməz. - Müsavat Partiyasının ardınca Eldar Namazov da Milli Şuradan ayrılıb. Ehtimal edilir ki, o, bu qərarını ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşdən, diplomatdan aldığı təlimatlardan sonra atıb. - Məndə elə bir fakt yoxdur. Ancaq bu adam bir qədər fərqli şəxsdir. Eldar Namazov cəmiyyətdə daha çox politoloq kimi tanınır. O, Milli Şura formalaşan dövrdə “kilid” insan rolunu oynadı. Baxmayaraq ki, o dövrdə heç bir təşkilatı yox idi, Müsavat və AXCP kimi oturuşmuş partiya rəhbərlərini öz səviyyəsinə endirə bildi. Bu, onun bacarığından irəli gəlir. Lakin Eldar Namazov fərd olaraq ciddi və xarizmatik insan deyil. Onda siyasi liderə xas olan bir çox keyfiyyətlər yoxdur. Bu səbəbdən onun yaradacağı hər hansı bir qurumun uğur qazanmasına inamım yoxdur. Hesab edirəm ki, ABŞ və digər Qərb dövlətlərinin zaman-zaman buraxdığı bu tipli şayiələr Eldar Namazova hər hansı dvident gətirməyəcək. Ona da inanmıram ki, ABŞ kimi oturuşmuş, Azərbaycanda maraqları olan bir dövlət təşkilati-strukturu olmayan, siyasi liderlik imkanları məhdud bir insana “stavka” etsin. - AXC və Müsavat partiyalarının qarşılıqlı ittihamları, liderlərin bir-birini gözdən salması fonunda Eldar Namazova məxsus “EL” Hərəkatının təşkilatlanması, ana müxalifət partiyasına çevrilməsi mümkündürmü? - Bu, cəfəngiyatdır. Azərbaycanda o adda siyasi lider heç zaman olmayacaq. - “EL” Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyevin mətbuat üzərindən ünvanınıza ittihamlar səsləndirməsinə səbəb nədir? - Əvvəla onu qeyd edim ki, adıçəkilən məxluqla mənim hər hansı əlaqəm olmayıb. Sadəcə, son günlər onun açıqlamalarına baxıram, görürəm ki, tamamilə əlaqəsi olmayan mövqedən çıxış edir. Müsahibələrimin birində Eldar Namazov və “EL” Hərəkatı haqqında mövqe ifadə etmişəm. Bu zaman tamamilə etik çərçivədə, yalnız siyasi cəhətdən təhlil aparıb “EL” Hərəkatının Eldar Namazovdan ibarət olmasını, siyasi güc mahiyyəti kəsb etmədiyini qeyd etmişəm. Mənim özümün də gözləmədiyim halda bu şəxs Azərbaycan kişisinə yaraşmayan, çox kəskin ifadələrlə mənə qarşı fikir bildirib. Hətta belə sözlərə görə qanun çərçivəsində həmin şəxsin cəzalandırılması da mümkündür. Nə bu məxluqla, nə də onun təmsil etdiyi təşkilatla bağlı mənim hər hansı narahatlığım yoxdur. Digər tərəfdən, mən ixtisasca həkiməm və 20 ildir Azərbaycan Dövlət Tibb Universitetinin müəllimiyəm. Həkimliyə yaxın olan bir şəxs kimi onu deyə bilərəm ki, Eldəniz Quliyevin psixi və tərbiyə problemi var. O ki, qaldı Milli Şura məsələsinə, mən hələ ilk vaxtlardan bu qurumu Rusiyanın layihəsi adlandırmışam. Bunu da gizli deyil, aşkar şəkildə etmişəm. Hətta aprel ayında beynəlxalq görüşlərin birində, konkret olaraq ABŞ Dövlət katibinin köməkçisi ilə görüşdə də bu barədə fikrimi bildirərkən, həmin tədbirdə iştirak edən Eldar Namazov da dediklərimi başının hərəkəti ilə təsdiq edib. O zaman Milli Şura hələ mövcud deyildi. Ancaq Rusiyanın planları göz önündə idi. Hətta Rusiya o zaman Azərbaycanda dövlət çevrilişi etmək barədə düşünürdü. Bunun əlamətləri sezilməkdə idi. Bizim partiya da Milli Şura layihəsinin Kremlə bağlı olduqca təhlükəli oyun olduğunu bəyan edirdi. Əgər Milli Şuranın formalaşmasından bir müddət sonra bu qurumdan ayrılanların arqumentlərinə fikir versəniz, onlar da bizim əvvəllər söylədiyimiz fikirləri söyləyirdilər. Buna misal kimi, Müsavat Partiyasının başqanı İsa Qəmbər, İcra Aparatının rəhbəri Arif Hacılı, “Yeni Müsavat” qəzetinin baş redaktoru, Müsavat üzvü Rauf Arifoğlu və başqalarının rəylərini göstərmək olar. Sonuncu dəfə isə Eldar Namazov Milli Şuradan ayrılmaqla belə bir rəyin doğru olduğunu təsdiqləyib. Belə olan halda VİP sədrinin mövqeyinin top-tüfənglə qarşılanmasını başa düşə bilmirəm. - Siz və partiyanız özünü müxalifətçi kimi göstərməkdə, əslində isə ətrafınıza küçə uşaqlarını yığaraq müxalifətə zərbə vurmaqda, Milli Şuraya qarşı kampaniya aparmaqda ittiham olunursunuz. Bununla bağlı fikriniz nədir? - Bizim mövqeyimiz milli maraqlara söykənən siyasi mövqedir. Biz heç zaman razı olmarıq ki, Azərbaycanın dövlət müstəqilliyi yenidən Rusiyanın əsarəti altına keçsin. Ola bilsin kimlərsə Milli Şura kimi layihələrdən əllərini qızdırır, pul qazanırlar. Biz də onların qarşısını almaqla qəzəbə düçar olmuşuq. Hesab edirəm ki, Eldəniz Quliyevin bizə qarşı sərgilədiyi mövqe də onun psixi və mədəniyyət problemləri ilə yanaşı, həm də pul qazanmasına mane olmağımızla bağlıdır. İstisna deyil ki, gələcəkdə də onlar belə layihələrə qoşulsunlar. Mətbuat üzərindən artıq məlum olur ki, Abbas Abbasov Rusiyada yenidən fəallaşıb. Ukraynada Qərb və Rusiya qarşıdurması da göz önündədir. Ukraynadakı proseslər yekunlaşandan sonra Rusiyanın diqqəti yenidən Azərbaycana yönələcək. Belə ərəfədə başqa ölkələrin casus şəbəkəsinin üzvü olan Eldəniz Quliyev kimi adamların milli mövqeyi müdafiə edən partiya sədrlərinə hücum etməsi gözləniləndir. Əgər bu məsələ ciddi araşdırılsa, görəcəksiniz ki, Eldəniz Quliyevin hərəkətləri tamamilə qeyri-adekvatdır. Mənim üç kəlməmin müqabilində o, açıq-aşkar təhqirə keçib. O tərzdə danışığı isə mən nə özümə, nə də partiyamda təmsil olunan digər şəxslərə yaraşdırmıram. Müavinlərimə də tapşırmışam ki, Eldəniz Quliyevin səviyyəsinə enməsinlər. Çünki onun leksikonu vağzalda insanlara “xidmət” göstərən qadının leksikonuna uyğundur. Biz bu səviyyəyə enə bilmərik. Ancaq hüquq müstəvisində Eldəniz Quliyevin cavabı veriləcək. Gələcəkdə də kim Azərbaycanın dövlət müstəqilliyinə qarşı çıxacaqsa, ilk növbədə bizi qarşısında görəcək. Bu məsələdə heç bir halda güzəştə getmək olmaz. Geri qayıt |