Əsas Səhifə > Partiya, Güney Press > “Müasir Fransa çağdaş demokratiya üçün ən böyük təhdid mənbəyidir”

“Müasir Fransa çağdaş demokratiya üçün ən böyük təhdid mənbəyidir”


4-07-2023, 10:46
“Müasir Fransa çağdaş demokratiya üçün ən böyük təhdid mənbəyidir”
Millət vəkili Vahid Əhmədov Fransadakı məlum iğtişaşlar, eləcə də rəsmi Parisin ermənipərəst siyasəti ilə bağlı Moderator.az-a müsahibə verib. DİA.AZ həmin söhbəti təqdim edir:

-Vahid müəllim, 17 yaşlı əlcəzairli gəncin Frnasa polisi tərəfindən öldürülməsi bu ölkədə ciddi iğtişaş və qarşıdurmalara səbəb olmaqdadır. Öncə məlum olayla bağlı fikirləriniz bilmək istərdik.

-Təbii ki, 17 yaşlı bir gəncin heç bir zərurət olmadığı halda polis əməkdaşları tərəfindən qətlə yetirilməsi yolverilməzdir və bu, qanunla yanaşı, insanlıq bnaxımından da qəbuledilməz, utanc duyulası bir haldır. Ən pisi isə budur ki, Fransada oxşar vəhşiliklər bundan öncə də yaşanıb. Fərqli millətlərdən olan şəxslər sırf etnik kimliklərinə, dərisinin rənginə görə polis tərəfindən zorakılığa, təhqiramiz münasibətə məruz qalıb, qətlə yetirilib, yaxud həbs olunublar. 17 yaşlı əlcəzairli gənclə bağlı baş verən bu utancverici, qandonduran hadisə də sübut etdi ki, Fransada etnik baxımdan zorakılıq ənənə halını almaqdadır. Bu isə o deməkdir ki, bundan sonra da bir çox insan Fransadakı bu qorxunc ənənənin qurbanı ola bilər.

-Fransadakı məlum olayla bağlı Milli Məclisin sədri və nümayəndə heyətlərinin rəhbərləri beynəlxalq parlament təşkilatlarına müraciət ünvanladı, öz narahatlığını ifadə etdi. Bu müraciət dövlətimizin baş verənlərə etirazı olmaqla yanaşı, həm də Azərbaycanın demokratiya və insan haqları məsələsindəki həssasiyyəti kimi izah oluna bilərmi?

-Şübhəsiz. Milli Məclisin bununla bağlı ünvanladığı müraciət hər şeydən öğncə Fransadakı irqçi rejimin ifşası, törədilən cinayətin bir kəs daha dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından önəmli oldu. Lakin bu, həm də dövlətimizin, xalqımızın, parlamentimizin demokratiyaya, insan haqlarına, insan haqlarının müqəddəsliyinə, toxunulmazlığına olan münasibətini əks etdirirdi.

Bildiyiniz kimi, Fransa, eləcə də bir sıra dövlətlər hər zaman demokratiya, insan haqları kimi anlayışlar adı altında digər dövlətlərin daxili işlərinə müdaxilə edib, siyasi təxribatlar həyata keçiriblər. Onlar hər zaman iddia ediblər ki, demokratiya heç bir dövlətin daxili işi deyil. Bu, həqiqətən də belədir. Demokratiya heç bri dövlətin daxili işi sayıla bilməz və elə buna görə də Makron hakimiyyəti Fransadakı anti-demokratik rejimə görə dünya birliyi qarşısında cavab verməlidir. Fransa dövləti və onun rəhbərliyində qərar tutan şəxslər bilməldiirlər ki, bu kimi cinayətlər bütün dünyada ikrah hissi doğurur və rəsmi Parisin demokratiyadan, insan hüquqlarından nə qədər uzaq olduğunu göstərir.

-Vahid müəllim, son illər Fransada irqçiliyin artması, milli azlıqların hüquqlarının kobud şəkildə pozulması və s. kimi təhlkükəli tendensiyaların genişlənməsində prezident Makronun məsuliyyət payı nə dərəcədə böyükdür?

-Fransada milli azlıqları, fərqli etnik qrupları hədəf alan cinayətlərin kütləviləşməsində Emmanuel Makronun “xidməti” kifayət qədər böyükdür. Makron hakimiyyəti Fransanı Avropanın üz qarasına çevirib. Müasir Fransa çağdaş demokratiya üçün ən böyük təhdid mənbəyidir və fransız xalqı buna görə ilk növbədə Makrona “borcludur”.

Makron beynəlxalq səviyyədə də faşizmi və zorakılığı dəstəkləyən siyasətçi kimi tanınmaqdadır. Təkcə bir faktı qeyd edim ki, Makron həm 44 günlük Vətən müharibəsində, həm də post-müharibə dönəmində erməni faşizmi ilə açıq həmrəylik sərgiləyib, işğalçı dövlətə açıq dəstək verib. Makron bu gün də erməni faşizminin əsas himayədarlarından biridir. Onun demək olar ki, hər bir müsahibəsində zorakılığa, gücə, təcavüzə olan sevgi və maraq hiss olunur. Makronun Fransa hakimiyyətinə gəlişindən sonra bu ölkədə etnik-mili zəmində törədilən cinayətlərin sayının kəskin surətdə artması faktı da onun irqçi baxışlarının daxili siyasətə təsirindən xəbər verir. Bu səbəbdən də hesab edirəm ki, nə qədər ki, Makron hakimiyyətdədir, nə qədər ki, beynəlxalq təşkilatlar onun törətdiyi zorakılıqlara göz yumur, biz yaxın gələcəkdə də bu cür arzuedilməz olaylara şahid olacağıq.

-Sizcə Makron rejiminin anti-demokratik siyasəti Fransa xalqının azad, demokratik ruhunu tamamilə qıra bilərmi? Fransa xalqının bu qorxunc, təcavüzkar rejimdən öz gücü hesabına qurtulması mümkündürmü?

-Əlcəzairli gəncin öldürülməsindən sonra Fransanın bir çox bölgələrində geniş etiraz aksiyalarının keçirilməsi, minlərlə insanın küçələrə çıxaraq öz mövqeyini cəsarətlə ifadə etməsi, polislə qarşıdurmadan belə çəkinməməsi onu göstərir ki, Fransa xalqı öz azad, humanist ruhuna sadiqdir və Makron rejiminin cinayətlərinə ortaq olmaq istəmir. Bu baxımdan hesab edirəm ki, Fransa xalqı Makron hakimiyyətinin – onun qanlı siyasətinin öhdəsindən gəlməyə qadirdir və bunu keçirdiyi aksiyalarla açıq şəkildə ortaya qoyur. Ancaq şübhəsiz, bu məsələdə bütün sivil dünya, o cümlədən Azərbaycan Fransa xalqı ilə, onun demokratik dəyərləri ilə həmrəylik nümayiş etdirməli, ona öz dəstəyini verməlidir. Ermənpərəst Makron rejimi anlamalıdır ki, Fransa xalqı ilə yanaşı, beynıəlxalq ictimaiyyət də onun qanlı cinayətlərinə göz yummayacaq, ona bu məsələdə heç bir güzəştə getməyəcək. Demokratiyanın, insan hüquqlarının müdafiəsində dayanmaq bütün insanlığın borcudur və Azərbaycan xalqı, Azərbaycan dövləti də hər zaman bu borca sədaqətlə yanaşıb.

Geri qayıt