Əsas Səhifə > Partiya, Güney Press > YAP deputatları İnsanov mövzusunda danışmaqdan çəkinirlər
YAP deputatları İnsanov mövzusunda danışmaqdan çəkinirlər12-07-2023, 08:57 |
Keçmiş səhiyyə naziri Əli İnsanovun rəhbərlik etdiyi Haqq və Ədalət Partiyasının (HƏP) ətrafında yaranmış ajiotaj səngimək bilmir. HƏP-in Abşeron və Culfa təşkilatlarından 500-dən çox adamın istefa verməsi bu partiyanın perspektivi ilə bağlı şübhələr yaradıb. Bununla bağlı HƏP-in İdarə Heyətinin üzvü Murad Bayramoğlu özünün Facebook səhifəsində məlumat yayıb. HƏP-dən istefa verən İdarə Heyətinin üzvü: Siyasətçi iddia edib ki, HƏP Abşeron təşkilatının bütün üzvləri (452 nəfər) və Culfa rayon təşkilatının 120 üzvü imzalarını geri götürməklə partiyadan istefa verib. Qeyd edək ki, HƏP Ali Məclisinin sədri Zəlimxan Məmmədli ötən gün müxbirimizlə söhbət zamanı bu barədə danışmaq istəməyib. Məclis sədri “gələn də olur, gedən də” deməklə kifayətlənib. Aldığımız məlumata görə, özünü əvvəl radikal, sonra konstruktiv müxalifət partiyası elan edən HƏP-də sular bulanıb. Buna səbəb kimi HƏP sədri, keçmiş siyasi məhbus Əli İnsanovun sürüşkən siyasi mövqeyə sahib olması göstərilir. Partiyadakı mənbələrdən aldığımız məlumata görə, həm mərkəzi strukturlarda, həm də rayon təşkilatlarında təmsil olunan HƏP-çilər rəhbərliyin fəaliyyətindən narazıdır. Onlar siyasi hakimiyyətlə mübarizə aparmaq, gələcəkdə hökumətdə yüksək post tutmaq üçün Əli İnsanovun ətrafında birləşsələr də, artıq xəyal qırıqlığına uğradıqlarını bildirirlər. İndi partiya kuluarlarında tez-tez “Əgər belədirsə, gedib YAP-a üzv olaq” məzmunlu fikirləri eşitmək mümkündür. “Yeni Sabah”ın əldə etdiyi məlumata görə, Abşeron və Culfa təşkilatlarından üst-üstə 572 nəfərin istefa verməsi HƏP üçün ciddi problem yarada bilər. Belə ki, hazırda partiya siyasi mövcudluğunu davam etdirmək üçün Ədliyyə Nazirliyinin tələb etdiyi 5.000 nəfərlik siyahını bu quruma təqdim edib. Həmin siyahıda 2 gün əvvəl HƏP sıralarından istefa verən 572 nəfərin adı, telefon nömrəsi və başqa bilgiləri də var. Ədliyyə Nazirliyinin müəyyən etdiyi vaxt isə iyulun 11-də başa çatıb. HƏP-in məlum siyahını geri götürüb 3 gün ərzində sıralarına 572 yeni üzv cəlb edərək, onların adını Ədliyyə Nazirliyinə təqdim etməsi inandırıcı görünmür. Bu isə o deməkdir ki, HƏP qeydiyyat prosesində ciddi problemlə üzləşəcək. Məlumata görə, partiyada siyasi təlatümün baş verməsi Əli İnsanovu bir o qədər də narahat etmir. Çünki o, bundan sonra siyasi fəaliyyətini müstəqil partiya sədri kimi deyil, YAP funksioneri kimi davam etdirməkdə maraqlıdır. Partiyadaşlarından biri bizimlə söhbət zamanı HƏP-in qeydiyyatdan keçməyəcəyi təqdirdə, Əli İnsanovun hakim partiyaya qayıdacağını iddia edib. Bu, gözləniləndirmi? Əli İnsanov belə bir addım atsa, YAP tərəfindən necə qarşılanar? Hakim partiya Əli İnsanovu qəbul edə və hətta funksioneri olmasına şərait yaradarmı? Yeni Azərbaycan Partiyasının bir neçə deputatı ünvanladığımız bu suallara cavab vermək istəmədiklərini, adlarının bu mövzuda heç bir halda çəkilməsini arzulamadıqlarını bildirdilər. Əli İnsanovun YAP-a qayıtmaq istəyinin olacağı halda bu istəyə necə cavab verilməsinin onlardan asılı olmadığını vurğulayan deputatlar bu məsələni partiyanın rəhbərliyindən başqa heç kimin həll etmək imkanında olmadığını dedilər. YAP deputatlarının İnsanov mövzusunda danışmaqdan çəkindikləri “adımı çəkməyin” xahişlərindən bir daha bəlli oldu. “Yeni Müsavat” Geri qayıt |