Əsas Səhifə > Partiya, Güney Press > “Rusiyanın çöküşü Azərbaycan üçün də təhlükəlidir...
“Rusiyanın çöküşü Azərbaycan üçün də təhlükəlidir...17-07-2023, 12:32 |
“Açıq-aydın görünür ki, artıq Putin Rusiya üzərində idarəçiliyi itirib və hakimiyyətə nəzarət edə bilmir”. DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında “Vaqner” qrupunun qiyam cəhdindən sonra Rusiya və onun ətrafında baş verən prosesləri dəyərləndirən Milli İstiqlal partiyasının fəxri lideri Etibar Məmmədov söyləyib: “İqtidarda müxtəlif qruplaşmalar var və “Vaqner” qiyamı da Putin rejiminin daxilən çox zəif vəziyyətdə olduğunu göstərdi. Yəni hakimiyyət açıq-aşkar xalq tərəfindən də, silahlı qüvvələr tərəfindən də müdafiə olunmadı. Və Rusiya artıq vətəndaş müharibəsinin astanasında dayanmışdı. Putin geri çəkilməyə məcbur oldu və Priqojinin şərtlərini qəbul etdi. Və əvvəl-axır bu konflikt növbəti mərhələsinə keçməlidir... Bununla paralel artıq Rusiya dövlətinin dağılması prosesi də gedir. Bunun özü də təhlükəli bir şeydir. Çünki tarixən böyük dövlətlərin, imperiyaların çökməsi kiçik dövlətlər və xalqlar üçün böyük fəlakətlərə, faciələrə gətirib çıxarır. Ona görə də Rusiya imperiyasının dağılması prosesinin də tədricən getməsi daha faydalı olardı. Və bu prosesdən Azərbaycan da maksimum faydalanmalı və öz milli, strateji maraqları üçün istifadə etməlidir”, -deyə Etibar Məmmədov davamında bildirib. “Yəqin ki, bu baxımdan Azərbaycan dövləti Rusiyanın çöküşü ərəfəsində ehtiyat tədbirlər də görməlidir?”- sualını isə həmsöhbətimiz belə cavablandırıb: “Təbii, ehtiyat tədbirlər həmişə görüşməlidir. Çünki tarixən Rusiyanın daxilində silahlı qarşıdurma, daxili vətəndaş savaşı qonşu dövlətlərə həmişə birbaşa təsir göstərib. Bu zaman qaçqın axını əmələ gəlir və bu da dövlətin daxildən sabitliyinin pozulması ehtimalını yüksəldir. Bundan əlavə, özbaşına silahlı qüvvələrin də qonşu dövlətlərin ərazisinə soxulması təhlükəsi də meydana çıxır. Ona görə də indiki dövrdə də Rusiyanın parçalanması Azərbaycan üçün də çox təhlükəlidir. Və buna qarşı lazımi tədbirlər də görülməlidir və mənim fikrimcə, görülür də. Ən əsası odur ki, bizim Silahlı Qüvvələrimiz tezliklə Xankəndində üçrəngli bayrağımızı ucaltsınlar”, - deyə siyasətçi vurğulayıb. Geri qayıt |