Əsas Səhifə > Partiya, Güney Press > "Azərbaycanın beynəlxalq hüquqa uyğun mövqeyini hamı qəbul edir"
"Azərbaycanın beynəlxalq hüquqa uyğun mövqeyini hamı qəbul edir"18-07-2023, 09:07 |
İyulun 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşü oldu. Görüş 3 saata yaxın davam edib. Söhbət zamanı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh prosesi üzrə danışıqların davam etdirilməsi, sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması, Ermənistanın hərbi birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması və qanunsuz hərbi birləşmələrin tərksilah edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Danışıqlarda Qərbi Azərbaycan icmasının qayıdış məsələsi də müzakirə edilib. Brüsseldə keçirilən danışıqlar Vaşinqton görüşünün davamı kimi qiymətləndirilib. Üçtərəfli görüşün nəticələri ilə bağlı bəyanatla çıxış edən Şarl Mişel görüşün məhsuldar keçdiyini vurğulayıb. Onun sözlərinə görə, görüş zamanı iki ölkə lideri 1991-ci il Almatı Bəyannaməsinə, eləcə də ərazi bütövlüyü və suverenliyinə sadiqliklərini təsdiqləyiblər. Liderlər komissiyaların işini intensivləşdirmək və sürətləndirmək barədə razılığa gəliblər: "Dəmir yolu xəttinin tikintisinə dərhal başlanılmalıdır. Avropa İttifaqı maliyyə töhfəsi verməyə hazır olacaq. Bəzi detallar hələ də aydınlaşdırma tələb edir. Lakin bu mövzuda indi mövqelər yaxınlaşır və variantlar fəal şəkildə araşdırılır". Ş.Mişel vurğulayıb ki, sülh və normallaşma danışıqlarına lazımi şəraiti təmin etmək üçün zorakılıq və sərt ritorika dayandırılmalıdır. Ekspertlərin sözlərinə görə, Mişelin görüşün yekunları ilə bağlı bəyanatında diqqətçəkən məqamlar var. Məsələn, Avropa İttifaqı dəmiryolu əlaqəsinin bərpası üçün maliyyə yardımına hazırdır. Deməli, yaxın zamanlarda Azərbaycan əsas ərazisi ilə Naxçıvan yenidən quru nəqliyyat vasitəsi ilə birləşə bilər. İlk dəfə olaraq Qarabağda yaşayan ermənilərə Ağdam vasitəsilə humanitar təminatın həyata keçirilə bilməsi qeyd olunur. Bu isə o deməkdir ki, Brüssel birmənalı şəkildə Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır və ölkənin digər bölgələri ilə kommunikasiyanın yaradılmasında maraqlıdır. Həmçinin ilk dəfə olaraq Avropa İttifaqı "Laçın yolu" terminindən istifadə edir. Laçın vasitəsilə Ermənistan ilə Qarabağda yaşayan ermənilərin əlaqələri xüsusi statuslu nəqliyyat ilə deyil, suveren hüquqlar çərçivəsində sadəcə yol ilə qurulacaq. Eyni zamanda açıqlamada "keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti" terminindən istifadə edilir. Bu o deməkdir ki, "muxtar vilayət" Avropa İttifaqı üçün də artıq keçmişdə qalıb. Yəni müzakirələr Azərbaycanın ərazisi olan Qarabağ ilə bağlıdır. DİA.AZ-ın məlumatına görə, millət vəkili Hikmət Babaoğlu "Sherg.az"a açıqlamasında deyib ki, Brüssel görüşündə sülhlə bağlı ayrı-ayrı detallar geniş müzakirə olunub. Deputatın sözlərinə görə, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel konkret rəqəmlər ifadə etməklə tərəflərin qarşılıqlı şəkildə ərazi bütövlüklərini tanıdıqlarını bildirib. Bu, öz-özlüyündə müəyyən çərçivə yaradır: "Danışıqların aparılması, xüsusən liderlərin bir araya gəlməsi sülhə doğru gedən yolda mühüm addımdır. Daha ciddi nəticələrin əldə olunmamasının əsas səbəbkarı Ermənistandır. İrəvan hökuməti ənənəvi erməni diplomatiyasına sadiq qalaraq hər görüşdən öncə müəyyən təxribatlar törədir və pozucu hərəkətləri masaya daşımağa çalışır. Azərbaycanın üzərində təzyiq qurmağa səy göstərir. Lakin bu artıq mümkün deyil. Ermənistan diplomatiyası başa düşməlidir ki, səmərəsiz metodlardan imtina etmək vaxtıdır. 30 il müddətində olduğu kimi yenidən bənzər hadisələr törədib onları Azərbaycanın ayağına yazmaq qeyri-mümkündür. Dünya ictimaiyyəti bölgədə gedən proseslərdən xəbərdardır. Azərbaycanın beynəlxalq hüquqa uyğun mövqeyini hamı qəbul edir". Parlament üzvü vurğulayıb ki, nə qədər ki, Ermənistan sülh danışıqları prosesində səmimi deyil, sülh olmayacaq: "İrəvan sülh istəyində səmimi olduğunu sübut etmək üçün Üçtərəfli bəyanatın əsas müddəalarını təcili şəkildə yerinə yetirməlidir. Onlardan biri hələ də Azərbaycan ərazisində olan erməni terrorçularının dərhal torpaqlarımızdan çıxarılmasıdır. İkincisi, Zəngəzur dəhlizi dərhal açılmalıdır. Təkcə dəmiryol nəqliyyatı üzrə deyil, bütün kommunikasiya xətləri fəaliyyətə başlamalıdır. Üçüncüsü isə Azərbaycana qarşı təxribatlara son qoyulmalıdır. Bu məsələlər həllini tapdıqdan sonra Ermənistanın sülhdə səmimi olduğuna inanmaq olar. Ona görə də Brüssel görüşündə bir sıra önəmli faktorların rəsmi şəkildə bəyan olunması yüksək qiymətləndirilməlidir. Belə görüşlər sülhə xidmət edir. Liderlərin təması o deməkdir ki, ordular, silahlar yox, siyasət və diplomatiya danışır". Geri qayıt |