Əsas Səhifə > Partiya, Güney Press > "Əgər zərurət varsa, huquqi qaydada referendum keçirilə bilər"
"Əgər zərurət varsa, huquqi qaydada referendum keçirilə bilər"18-07-2023, 09:53 |
Son günlər Azərbaycanda referendumla bağlı müxtəlif iddialar dolaşır. Ötən gün bu mövzu ilə bağlı sosial şəbəkə hesabında geniş status paylaşan deputat Erkin Qədirli payız aylarında konstitusiyanın dəyişdirilməsi üçün referendum keçiriləcəyini bildirib. Parlamentdə müxalif REAL partiyasını təmsil edən E.Qədirli Azərbaycanda deputatların sayının artırılacağını, qarışıq seçki sisteminə keçid ediləcəyini, ikipalatalı parlament yaradılacağını, habelə icra hakimiyyəti sturukturlarının və Nazirlər Kabinetinin ləğv ediləcəyini söyləyib. Doğrudur, onun fikirləri birmənalı qarşılanmasa da, belə bir mövzunun indiki məqamda gündəmə gətirilməsi təsadüf hesab oluna bilməz. Hazırda hakimiyyət dairələrində referenduma hazırlıq gedirmi? Bununla bağlı deputatlar nə düşünür? DİA.AZ-ın məlumatına görə, Milli Məclisin hakim partiyadan (YAP) seçilmiş deputatı Siyavuş Novruzov Modern.az-a açıqlamasında bildirib ki, hələlik referendum keçirilməsinə ehtiyac yoxdur. O fikirlərini belə əsaslandırıb: “Azərbaycanda referendumun keçirilməsi üçün Prezident tərəfindən sərəncam imzalanmalı, yaxud da Millli Məclisin bununla bağlı qərarı olmalıdır. Hazırda belə bir qərar yoxdur. Referendumun keçirilməsi üçün iki ay əvvəlcədən ya sərəncam imzalanmalıdır, ya da Milli Məclis qərar qəbul etməlidir. Bilirsiniz ki, parlament sentyabrın 30-dan tez yığışmayacaq. Əgər belə hal olsa, sentyabrdan sonra bilinər. Hazırda bununla bağlı müzakirə aparılmır”. Siyavuş Novruzov Milli Məclisdə referendumla əlaqədar növbədənkənar iclasın keçirilməsi məsələsinə aydınlıq gətirib: “Növbədənkənar iclasın keçirilməsi məsələsinə gəldikdə isə bunun üçün deputatların imzası tələb olunur. Deputatların imzası ilə iclas keçirilə bilər. Bu gün isə belə məsələ gündəmdə yoxdur. Əsas müzakirə oluna biləcək məsələ onun mühüm olmasıdır. Əgər zərurət varsa, huquqi qaydada referendum keçirilə bilər. Hansısa zərurət yoxdursa və ya kiminsə arzusudursa, bunun gerçəkləşməsi mümkün deyil”. YAP-çı deputat parlamentin ikipalatalı olması barədə iddialara da toxunub: “İkipalatalı parlament o ölkələrdə olur ki, orada muxtariyyətlərin sayı çox olur. Amma bu gün Milli Məclis birpalatalı olmaqla lazımi qədər qanunları qəbul edə bilir, kifayəq qədər səmərəli işləyir. Təkcə növbədənkənar sessiyada 90 qanun qəbul olunub. O böyüklükdə Türkiyədə birpalatalı sistemdir. Yüz ildən artıqdır ki, fəaliyyət göstərir. Bu, həmçinin əhalinin sayı ilə də bağlıdır. Azərbaycanın 10 milyon əhalisi var. Vaxtilə Azərbaycan parlamenti təşkil olunanda deputatların sayı əhalinin sayına nisbətdə götürülmüşdü. İndi isə əhalinin sayı artıb. Buna görə də say artımında hər hansı dəyşikilik edilə bilər. Amma qalan hallarda ikipalatalı sistemin heç bir əhəmiyyəti yoxdur. Ümumilikdə deyə bilərəm ki, sülh müqaviləsi imzalandıqdan sonra Konstitusiyada hər hansı boşluq olarsa, referenduma ehtiyac ola bilər. Qalan hallarda Konstitusiya işləyir, hər şey qaydasındadır”. Geri qayıt |