Əsas Səhifə > Partiya, Güney Press > Konstitusiyada çoxsaylı ciddi dəyişikliklər qaçılmaza çevrilir

Konstitusiyada çoxsaylı ciddi dəyişikliklər qaçılmaza çevrilir


19-07-2023, 08:57
Konstitusiyada çoxsaylı ciddi dəyişikliklər qaçılmaza çevrilir
2023-cü ilin payız aylarında Azərbaycanda referendum keçirilməsi gözlənilir. Bu barədə son günlər informasiyalar yayılır, açıqlamalar verilir. Məlumatlara görə, konstitusiyada bir çox ciddi dəyişikliklər ediləcək. Proporsional seçki sisteminin bərpası, parlament üzvlərinin sayının artırılması, ikipalatalı parlament sisteminə keçilməsi, Nazirlər Kabinetinin funksiyalarında dəyişikliklər edilməsi, rayon icra hakimiyyətlərinin ləğvi və yeni idarəetmə mexanizminin tətbiqi kimi məsələlərin nəzərdə tutulduğu deyilir.

Məsələn, Milli Məclisin deputatı Erkin Qədirli bildirib ki, 2023-cü ilin payız aylarında Azərbaycanda referendum keçirilməsi gözlənilir. O qeyd edib ki, iyun ayında Milli Məclis dövlət büdcəsinə bir sıra dəyişikliyi təsdiqləyib. “Dəyişikliklərin arasında 2023-ü ilin qalan hissəsində seçki xərclərinin az qala 50% artırılması var. Bu, böyük bir artımdır və referendumun məhz bu il olacağını söyləməyə tutarlı əsas verir. Boşuna bu qədər pul ayırmazlar”, - deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, referendum konstitusion islahatlarla bağlı olacaq. Belə ki, referendumla icra hakimiyyətinin başçıları təsisatı ləğv olunacaq: “Bu təsisatı hələ 1991-ci ildə Prezident olmuş Ayaz Mütəllibov yaratmışdı. Gördüyünüz kimi, bu təsisat indiki konstitusiyadan öncə qurulub və o vaxtdan heç dəyişməyib. Çox köhnə və səmərəsiz bir sistemdir. Mütəllibov onu SSRİ-də olmuş rayon və şəhər xalq deputatları və onların icraiyyə komitələrinin yerinə qurmuşdu. Faktiki olaraq isə, yerli icra başçıları keçmiş kommunist partiyasının rayon və şəhər birinci katibləri yerini tutmuş oldular. Bir sözlə, bu sistemlə bundan sonra irəliyə getmək alınmayacaq. Ləğv olunmalıdır”.

Erkin Qədirli sosial şəbəkə hesabında yazıb ki, seçki sistemində önəmli dəyişikliyin olacağı - proporsional seçkinin bərpası gözlənilir.

“1995-2002-ci illərdə proporsional seçki olub bizdə. Milli Məclisin 125 deputatının 25-i proporsional qaydada seçilirdi. 2002-də keçirilmiş referendumda onu ləğv etdilər. İndi yenidən qaytarılacağı söhbəti vardır”, - o parlamentari əlavə edib.

Deputatın sözlərinə görə, parlamentin ikiotaqlı ola biləcəyi istisna olunmur: “Əslində güclü Prezident hakimiyyəti olan bir ölkədə birotaqlı parlament yetərli deyil, onun zəif olacağı öncədən bilinir. Bunun isə siyasi riskləri var. İkiotaqlı parlamentlərdə yuxarı otaq xalqın seçdiyi güclü aşağı otaqla xalqın seçdiyi Prezident arasında bir bufer (arakəsmə) rolunu oynayır. Bu yazını çox uzatmamaq üçün bunun da izahını ayrıca bir yazıda vermək gərəkdir”.

Erkin Qədirli onu da qeyd edib ki, indiki konstitusiyaya görə Nazirlər Kabinetinin özünəməxsus heç bir səlahiyyəti yoxdur: “Konstitusiyada yazıldığı kimi, Nazirlər Kabineti Prezidentin yanında yüksək icra orqanıdır. Yəni Nazirlər Kabinetinin bütün səlahiyyətləri əslində Prezidentdədir. Bu isə o deməkdir ki, Nazirlər Kabinetinin konstitusion statusu çox zəifdir, ona görə də o, hökumət ola bilmir. Nazirlər Kabinetini saxlamaq niyyəti varsa, onu Prezidentdən ayırıb parlamentə tabe elətdirmək gərəkdir (Fransa örnəyi). Elə bir niyyət yoxdursa, onda onu ləğv etmək lazımdır (ABŞ örnəyi)”.

Referendum ehtimalı varmı və qeyd olunan dəyişikliklərə gedilməlidirmi?

DİA.AZ-ın məlumatına görə, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, ümumiyyətlə, referendum keçirilməsi ilə bağlı müxtəlif fikirlər var, həmçinin məlumatlar yayılır. Amma bu açıqlamalar və məlumatlar rəsmi deyil. Ona görə də bu gün referendumun nə zaman keçiriləcəyi və hansı məsələlərin referenduma çıxarılacağı barədə qəti söz söyləmək çətindir. Amma dəqiq olan odur ki, Azərbaycanda konstitusiyada müəyyən dəyişikliklərin edilməsi gec-tez həyata keçiriləcək: “Bizim bu gün üçün yalnız proqnoz vermək imkanlarımız var. Bir ildən artıqdır ki, referendumun keçiriləcəyi barədə vaxtaşırı informasiyalar yayılır, açıqlamalar verilir. Mən də hesab edirəm ki, referendum keçirilməsinə ehtiyac var. Yerli icra hakimiyyəti orqanlarının idarəçilikdə təsir imkanları çox azalıb. Bu sahədə dəyişikliklər edilməlidir. 44 günlük müharibədən sonra Azərbaycanda 14 iqtisadi rayon yaradılıb. Bu amil də idarəçilikdə yeni modelin meydana gəlməsini zərurətə çevirir. Yerli idarəçilikdə dəyişikliklər üçün konstitusiyada dəyişikliklərə ehtiyac yaranıb. Mərkəzi Seçki Komissiyasının rəsmi açıqlamasına görə, ölkədə seçicilərin sayı 1 milyon 200 min seçici sayı artıb. Əgər seçki dairəsində 40 min seçiciyə bir deputat nəzərdə tutulursa, onda belə çıxır ki, Milli Məclisdə deputatların sayı 30 nəfər artırılmalıdır. Deməli, deputatların sayı 125-dən 155 nəfərə yüksəldilməlidir. Bu məsələnin həlli üçün konstitusiyada dəyişiklik edilməlidir. 1995-ci ildə konstitusiyamız qəbul edilərkən əhalinin sayı təxminən 7 milyon nəfər idi. 7 milyonluq ölkə üçün o zaman 125 deputat qanunda nəzərdə tutulmuşdu. İndi əhalinin sayı 10 milyonu keçib. Bu da deputatların sayının artırılmasını şərtləndirir. O da mümkündür 50-60 min nəfərə bir deputatın seçilməsi nəzərdə tutulsun. Belə edilsə, deputatların sayı artırılmaya bilər. Bunun üçün də qanunvericilikdə dəyişiklik edilməlidir”.

Ç.Qənizadə dedi ki, Azərbaycanda yeni siyasi konfiqurasiyanın formalaşması prosesi gedir. Əsasən fəaliyyəti nəzərə çarpmayan və ya zəif fəaliyyəti olan siyasi partiyalar son aylarda özlərini buraxdıqlarını elan ediblər. Partiyaların fəaliyyəti ilə bağlı yəqin ki, bundan sonra yeni bir mənzərənin şahidi olacağıq. Belə olan halda proporsional seçki sisteminin bərpası da istisna edilmir: “Azərbaycanda qarışıq seçki sistemi tətbiq edilə bilər. Bu məsələnin də həlli üçün konstitusiyada dəyişiklik edilməlidir. Dəyişiklik isə referendum keçirilməklə reallaşdırılır.

Hökumət idarəetməsi sahəsində də qanunvericilikdə dəyişikliklər həyata keçirilməsi mümkündür. Bütün bu qeyd edilən və edilməyən bir çox məsələlər var ki, onların gerçəkləşdirilməsi referendumu labüd edir. Dəyişikliklər olacaqsa, ölkəmizin gücünün artırılmasına, ölkədə ictimai-siyasi sabitliyin daha da möhkəmlənməsinə xidmət edəcək".

Geri qayıt