Əsas Səhifə > Partiya, Güney Press > “Türkiyə rus sülhməramlıların Qarabağdan çıxmasını tələb edəcək”

“Türkiyə rus sülhməramlıların Qarabağdan çıxmasını tələb edəcək”


21-07-2023, 16:07
 “Türkiyə rus sülhməramlıların Qarabağdan çıxmasını tələb edəcək”
“Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Türkiyə prezidenti Ərdoğanın rus sülhməramlılara dair dediyinə reaksiyası göstərir ki, Xankəndi şəhərində başlayan aksiya, oturaq tədbir və bütün oyunlar bir məqsədə - rus sülhməramlıların daha 5 il bölgədə qalmasını təmin etməyə xidmət göstərir. Bunun üçün də Qarabağda destablizasiya olmalı, sakitlik olmamalıdır. Hətta, ermənilərin özlərini rahat hiss etmədiyi, sülhməramlılara ciddi ehtiyaclarının olduğu görüntüsü yaradılmalıdır. İndi baş verənlərin mahiyyəti budur. Ruslar sülhməramlı formasında daha 5 il regionda qalmaq istəyir və bunu Qarabağdakı ermənilərin əli ilə etməyə çalışırlar”.

DİA.AZ bildirir ki, bunu Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Xankəndi şəhərində separatçı ermənilərin aksiyasını şərh edərkən deyib.

S. Cəlaloğlu əlavə edib ki, Xankəndidə dedikləri kimi, “artsax” adlı millət yoxdur, ola da bilməz: “Bu, onların yeni tapıntısıdır. Orada yaşayanlar əslində türkdən dönmə ermənilərdir. Bir hissəsi də Suriyadan və digər ölkələrdən köçürülənlərdir. Azərbaycan dövləti də mümkün qədər orada durumu danışıqlar və rahatlıqla həll etmək istəyir. Amma bunun əvəzində oradakı ermənilər Azərbaycana qarşı təxribatlar törədir, qeyri-qanuni yolla silahlanır, dəstələr qurur, düşmənçilik edir və s.”.

Cəlaloğlu vurğulayıb ki, məqsəd Rusiyanın bölgədə qalmasını təmin etməkdir: “Ona görə də, indi Xankəndidə baş verənlərə ABŞ və Avropa Rusiyadan fərqli münasibət sərgiləyir. Onlar bilirlər ki, bu prosesin arxasında ruslar dayanıb və məqsəd nədir. Mənim ehtimalıma görə, indiki halda rusların Qarabağdan çıxması konfliktlə müşahidə olunacaq”.

ADP sədri erməni bloggerin bir müddət əvvəl yazdıqlarını da xatırladıb:

“Həmin bloggerə Xankəndidən zəng vurub deyiblər ki, həm Azərbaycanı, həm də Paşinyanı tənqid etsin və əleyhlərinə danışsın.

Yəni Rusiyanın dərdi Qarabağda qalmaqdır. Düzdür, Rusiya əvvəlki dövlət deyil. Amma onlar regiondan çıxmaq istəmir və bunu açıq şəkildə nümayiş etdirirlər”.

Cəlaloğlu qeyd edib ki, Rusiya XİN-nin Ərdoğanın açıqlamasına belə reaksiya verməsi və hansısa arqumentlər gətirməsi yersizdir:

“Rusiya tərəfi vurğulayır ki, proses üçtərəfli sazişlə idarə edilir və Türkiyə bu sazişdə iştirak etməyib. Yəni, buna görə, hansısa iddia və fikirlər səsləndirə bilməz. Aydındır ki, üçtərəfli sazişdə tərəflərdən ikisi bir-birilə düşməndir.

İkincisi, həmin saziş zor gücü ilə qəbul etdirilib.

Üçüncüsü, bölgəyə sülhməramlı kimi gələn rus əsgərinin BMT tərəfindən qəbul edilən sülhməramlı statusu yoxdur, Azərbaycan da belə status verməyib. Beynəlxalq hüquqa görə, onlar az qala işğalçıdır”.

ADP sədri əmindir ki, Türkiyə 2025-ci ildə rus sülhməramlıların Qarabağdan çıxmaq şərtini qəti şəkildə tələb edəcək. “Türkiyə bizim strateji müttəfiqimizdir, ortada Şuşa Bəyannaməsi mövcuddur. Yəni Azərbaycanın təhlükəsizliyi və digər məsələlərlə bağlı danışmaq hüququ var”, deyə Cəlaloğlu əlavə edib.

Geri qayıt