Əsas Səhifə > Partiya, Güney Press > YAP-dan Qubad İbadoğlunun həbsinə REAKSİYA

YAP-dan Qubad İbadoğlunun həbsinə REAKSİYA


24-07-2023, 10:52
YAP-dan Qubad İbadoğlunun həbsinə REAKSİYA
Napoleon Bonapartın məşhur ifadəsində deyilir ki, “kimin nədən problemi varsa, daha çox ondan danışır”. Bəlkə də Qubad İbadoğlu qədər haqdan, ədalətdən, düzgünlükdən, mənəvi-əxlaqi dəyərlərdən, dövlətə sədaqətdən daha çox danışan ikinci bir adam tapmaq çox çətindir. Amma reallıq isə Napoleonun söylədiklərini təsdiqləyir. Çünki danışdığı bütün məsələlərdə Qubad İbadoğlunun çox ciddi problemlərinin olduğu üzə çıxıb.

DİA.AZ bildirir ki, bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Nəsirov deyib.

O qeyd edib ki, FETÖ qardaş Türkiyə dövlətini içəridən dağıtmaq istəyən terror təşkilatıdır:

“FETÖ-nün dünyanın müxtəlif ölkələrində təlim-tədris adı altında fəaliyyəti bəllidir. Bu terror təşkilatı məhz bu pərdə adı altında öz çirkin niyyətlərini həyata keçirməyə çalışır. Məhz bu nöqteyi-nəzərdən Türkiyə Daxili İşlər Nazirliyinin əldə etdiyi məlumatlar Azərbaycanın Daxili İşlər Nazirliyi ilə də paylaşıldı. Bunun nəticəsində Azərbaycanda FETÖ terror təşkilatına qarşı əməliyyat icra edildi. Bunun nəticəsində FETÖ ilə əlaqəsi olan 5 nəfər saxlanılıb. Onlardan biri də Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğludur”.

Deputat bildirib ki, saxlanılan şəxslər Qubad İbadoğlunun FETÖ ilə sıx əməkdaşlığı məsələlərini gündəmə gətiriblər:

“Uzun müddət ABŞ-da yaşayan Qubad İbadoğlu dəfələrlə Amerikanın Pensilvaniya ştatında olub. Burada onun FETÖ rəhbəri və təşkilatın digər yüksək vəzifəli şəxsləri ilə görüşlər keçirdiyi haqqında məlumatlar var. Onun Pensilvaniyaya ardıcıl səfərləri məhz bu nəticəyə gəlməyə əsas verib. Artıq bu şəxsin Bakıdakı ofisində də araşdırmalara başlanılıb. İlkin məlumatlar odur ki, Qubad İbadoğlunun ofisindən 40 min saxta dollar aşkarlanıb. Mətbuatda da bu barədə məlumatlar yer alıb”.

Elman Nəsirov Qubad İbadoğlu ətrafında araşdırmalar və dindirmələrin olduğunu söyləyib:

“Yeni-yeni məlumatlar üzə çıxır. Bütün bunların fonunda onu demək olar ki, FETÖ ilə əməkdaşlıq anti-Türkiyə, anti-Azərbaycan mahiyyəti kəsb edir. Reallıq odur ki, Qubad İbadoğlunun danışıqlarında qaldırdığı məsələlərə nəzər salınsa, onun FETÖ terror təşkilatının üzvü olması və onlarla sıx əməkdaşlıq etməsi heç kəsin ağlına gəlməzdi. Amma ortada faktlar və hər şeyin üstü açılır. Bir qədər gec də olsa, Qubad İbadoğlunun FETÖ ilə əməkdaşlığı üzə çıxıb. Yaxın zamanlarda biz bu istiqamətdə daha dəqiq və səhih məlumatlar əldə edə biləcəyik”.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi Türkiyə Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirib. Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Qubad İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb və Q.İbadoğlu saxlanılıb.

Geri qayıt