Əsas Səhifə > Partiya, Güney Press > "Azərbaycana ən böyük zərbəni vuran odur!"
"Azərbaycana ən böyük zərbəni vuran odur!"1-08-2023, 14:34 |
Ötən gün Azərbaycanın sabiq baş naziri Surət Hüseynov vəfat edib. 64 yaşlı Hüseynov Moskvadan İstanbula gələrkən vəziyyəti pisləşib. O, özəl xəstəxanalardan birinə yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. Surət Hüseynovun cənazəsi bu gün Azərbaycana gətiriləcək. Sabiq hökumət başçısı Gəncədə valideynlərinin məzarı yanında dəfn olunacaq. Ölümü ilə yenidən gündəmə gələn “Qiyamçı polkovnik” kimi tanınan Surət Hüseynova münasibət birmənalı deyil. 1990-cı illərin siyasi proseslərinə yaxından bələd olan bir çox insanlar onu dövlət xaini kimi qələmə verir. Bəziləri isə Hüseynovla bağlı fərqli düşüncədədir. Qısaca xatırladaq ki, o, 1993-cü il iyunun 4-ü və 1994-cü ilin oktyabrın 2-də olmaqla, iki dəfə dövlət çevrilişinə cəhd edib. 1994-cü il oktyabrın 14-də Milli Məclis onun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verib. Azərbaycanı tərk edən Surət Hüseynov 1997-ci ildə Rusiyada saxlanılaraq Bakıya gətirilib və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. 2004-cü il martın 17-də Prezident İlham Əliyevin əfv fərmanı ilə həbsdən azad olunub. Onun törətdiyi əməllərə görə Azərbaycanda dəfn olunacağı xəbəri də xoş qarşılanmayıb. Sosial şəbəkələrdə gedən müzakirələrdə neqativ şərhlər daha çox diqqət çəkir. Tənqidçilər, xüsusilə müxalifət təmsilçiləri eks-baş nazirin Azərbaycanda dəfninin yolverilməz olduğunu bildirirlər. Bəs, Surət Hüseynov Azərbaycan xalqı tərəfindən necə xatırlanacaq? DİA.AZ bildirir ki, modern.az bir neçə müxalif partiya funksionerindən bununla bağlı münasibət öyrənib. Ümid Partiyasının sədri İqbal Ağazadə düşünür ki, Surət Hüseynovun əməlləri tarixçilər tərəfindən qiymətləndirilməlidir: "Dünyasını dəyişən adamın arxasınca mənfi danışa bilmərəm. Sürət Hüseynov və onun fəaliyyəti barədə tarixçilər araşdırma aparacaq, fikir söyləyəcəklər. Məhkəmə qarşısına çıxıb. Məhkəmənin işi olub. Məhkəmə onun fəaliyyətini bu və ya digər şəkildə araşdırıb, qiymət verib. İndi heç kimin ixtiyarı yoxdur ki, onun Azərbaycanda dəfn olunmamasını desin. O, Azərbaycan vətəndaşı idi və burada dəfn olunmalıdır". Müsavat Pariyasının Mərkəzi İcra Aparatının sədri Gülağa Aslanlı isə Surət Hüseynovun Azərbaycan tarixində qara ləkə kimi qalacağını deyib: "Azərbaycana ən böyük zərbəni vuran, Azərbaycan xalqının demokratik inkişafının qarşısını alan odur. Ölümü haqq idi, təbii ki. Harada dəfn olunması məni qətiyyən maraqlandırmır. O, Azərbaycan tarixində həmişə qara ləkə kimi qalacaq". Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da Surət Hüseynovun xoş hadisələrlə xatırlanmayacağını söyləyib. "Dəfnlə bağlı müxtəlif fikirlər səsləndirilir. Adam harada dəfn olunmalıdır? Məncə, burada dünyaya gəlib, burada da dəfn olunmalıdır. Əməlinin cəzasını alıb. Öləndən sonra hər bir şəxsin vətənində dəfn olunmaq hüququ var. Əlbəttə, Azərbaycan xalqı onu xatırlamayacaq", - ADP sədri vurğulayıb. Azərbaycan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyn isə Surət Hüseynovla bağlı danışmaq istəmədiyini, bundan sonra onunla bağlı açıqlama vermək niyyətində olmadığını deyib: "Artıq bu haqda danışmaq istəmirəm. Danışmayacağam". Geri qayıt |